01.02.2018 "Peşə təhsili haqqında"

Layihə

"Peşə təhsili haqqında"

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və оnun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prоseduru;
1.1.2. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru;
1.1.3. formal peşə təhsili - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması;
1.1.4. ixtisas - müvafiq təhsil sənədində təsbit olunan peşə, vahid bir peşə daxilində fəaliyyət növü;
1.1.5. ixtisaslaşma - müvafiq peşə təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası;
1.1.6. ilk peşə təhsili - müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri, metodiki və praktiki hazırlıq;
1.1.7. informal peşə təhsili - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;
1.1.8. inklüziv təhsil - təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və təhsilalanların müxtəlif xüsusiyyətlərinə uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi;
1.1.9. innovasiva - müxtəlif təşəbbüs və elmi-tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
1.1.10. istehsalat təcrübəsi - öyrənilən ixtisas üzrə təhsilalanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktiki fəaliyyət prosesi;
1.1.11. istehsalat təlimi - peşə təhsilinin mütləq tərkib hissəsi kimi təhsil alanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki fəaliyyət prosesi;
1.1.12. iş yerində təcrübə müqaviləsi - peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqavilə;
1.1.13. kvalifikasiya - şəxsin müvafiq standartlara uyğun səriştələrə, bacarıqlara malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsi;
1.1.14. qanuni nümayəndələr - yetkinlik yaşına çatmayan, yaxud tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini təmsil edən valideynlər, övladlığa götürənlər, qəyyumlar və himayəçilər;
1.1.15. qeyri-formal peşə təhsili - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;
1.1.16. laboratoriya - xüsusi tədqiqatların aparılması və təlim-tədris prosesinin səmərəli təşkili üçün müxtəlif əyani vəsaitlərlə (cihaz və alətlərlə) təchiz olunmuş yer;
1.1.17. modul (modul təlimi) - təhsil proqramının (kurikulumun) və ya təlim müddətinin müstəqil bölməsi olub konkret peşə-ixtisas səriştələrinin formalaşdırılması üzrə materialların ayrı-ayrı bloklar halında strukturlaşdırılmış şəkildə bir-biri ilə əlaqəli öyrənilməsini nəzərdə tutan təlim hissəsidir;
1.1.18. pedaqoji şura - təlim-tərbiyə və metodiki işlərin həmçinin istehsalat fəaliyyətinin əsas məsələlərini müzakirə edən və daim fəaliyyət göstərən ali idarəetmə orqanı;
1.1.19. peşə - insanın fiziki qüvvəsi və səylərinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyəti;
1.1.20. peşə liseyi - peşə təhsili ilə birlikdə tam orta təhsil verən təhsil müəssisəsi;
1.1.21. peşə məktəbi - peşə təhsili verən təhsil müəssisəsi;
1.1.22. peşə standartları - konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəd;
1.1.23. peşə təhsili - əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsi;
1.1.24. peşə təhsilinin inkişafı fondu - gəlir və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını və peşə təhsili müəssisələri arasında ədalətli bölgünü təmin edən qurum;
1.1.25. peşə təhsil mərkəzi - müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış ümumi orta təhsil və tam orta təhsil bazasında peşə təhsilinin bütün səviyyələrində fəaliyyət göstərən təhsil müəssisəsi;
1.1.26. peşə təhsili müəssisəsi - əmək bazarının tələblərinə uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı və sistemli peşə təhsilini və təlimini həyata keçirən təhsil müəssisəsi;
1.1.27. peşə təhsil müəssisəsində müdavim - peşə təhsili müəssisələrində 1 ilədək təhsil alan şəxslər;
1.1.28. peşə təhsil müəssisəsində tələbə - peşə təhsili müəssisələrində 1 ildən artıq təhsil alan şəxslər;
1.1.29. peşə təlimi - təhsilverənlə təhsilalan arasında müəyyən növ işin (işlər qrupunun) yerinə yetirilməsində qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses;
1.1.30. texniki peşə təhsili - müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq;
1.1.31. təhsilin dövlət standartı - fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusu;
1.1.32. təhsil proqramı (kurikulum) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, modulları, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən sənəd;
1.1.33. yüksək texniki peşə təhsili - müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq.

Maddə 2. Peşə təhsili haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Peşə təhsili haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanunvericilinin məqsədi peşə təhsili sahəsində vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnun təmin olunmasından, peşə təhsili prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən və təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.
2.3. Bu qanun təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqi və rifahını yüksəltmək məqsədi ilə müxtəlif növ və səviyyədə olan peşə hazırlığının bütün formalarına şamil edilir.

Maddə 3. Peşə təhsili sahəsində dövlət siyasətinin əsas prinsipləri və istiqamətləri
3.1. Peşə təhsili sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.1.1. peşə təhsili sahəsində bərabər imkanların yaradılması;
3.1.2. peşə təhsilinin milli və dünya təhsil sisteminin, elmin və iqtisadiyyatın nailiyyətləri, ailə və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili;
3.1.3. peşə təhsilinin könüllülüyü və əlçatanlılığı;
3.1.4. peşə təhsili və təlimi sahəsində fasiləsiz öyrənmənin, varisliliyin və mobilliyin təmin olunması;
3.1.5. peşə təhsilinin müasir standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu, nəticəyönümlü metodlarla təşkili.
3.2. Peşə təhsili sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
3.2.1. peşə təhsilinin inkişafı üçün stimullaşdırıcı tədbirlərin tətbiqi;
3.2.2. peşə təhsili üzrə məlumat bazasının yaradılması;
3.2.3. informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması;
3.2.4. nəticələrə əsaslanan maliyyələşdirmə sisteminin və əmək bazarında rəqabətə davamlı, stimullaşdırıcı əməkhaqqı sisteminin yaradılması;
3.2.5. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili;
3.2.6. peşə təhsili müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafını təmin edərək, müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən peşə təhsil infrastrukturunun yaradılması;
3.2.7. məqsədli peşə inkişafı proqramlarının hazırlanması;
3.2.8. işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, onların yüksək ixtisaslı kadrlarının tədris prosesinə cəlb edilməsi;
3.2.9. peşə təhsili sisteminin dayanıqlı və çoxmənbəli maliyyələşdirilməsinin formalaşdırılması;
3.2.10. səriştəyə əsaslanan şəxsiyyətyönlü və əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin məzmununun formalaşdırılması.

Maddə 4. Peşə təhsili sahəsində dövlətin vəzifələri
4.1. Peşə təhsili sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.1.1. peşə təhsili sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
4.1.2. peşə təhsili və təlimi sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirmək;
4.1.3. peşə təhsilinə dair normativ-hüquqi aktlar qəbul etmək, bu sahənin inkişafı üzrə səriştələrə əsaslanan, nəticəyönlü dövlət təhsil standartlarını və kvalifikasiyalara uyğun proqramları (kurikulumları) hazırlamaq, təsdiq və tətbiq edərək icrasına nəzarəti həyata keçirmək;
4.1.4. müvafiq peşə üzrə təhsil standartları və proqramların (kurikulumların) hazırlanması üçün sahibkarlar, onların birlikləri, peşə assosiasiyaları ilə əməkdaşlıq etmək;
4.1.5. peşə təhsili müəssisələrinə qəbul planını, o cümlədən dövlət sifarişini və qəbulun aparılması qaydalarını təsdiq etmək;
4.1.6. dövlət peşə təhsili müəssisələrinin inkişafına ayrılan büdcə vəsaitlərinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək;
4.1.7. dövlət peşə təhsili müəssisələrinin rəhbər işçilərini vəzifəyə təyin etmək və fəaliyyətini tənzimləmək;
4.1.8. dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alanların təhsil haqlarını müəyyən etmək;
4.1.9. peşə təhsili və təlimi sisteminə yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək;
4.1.10. ali təhsil müəssisələrində peşə təhsili və təlimi sistemi üçün kadr hazırlığının həyata keçirilməsini təmin etmək;
4.1.11. peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək;
4.1.12. özəl peşə təhsili müəssisələrinin nizamnaməsini müvafiq icra hakimiyyətinin rəyi əsasında dövlət qeydiyyatına almaq;
4.1.13. əmək bazarının tələblərinə və dövlət-özəl tərəfdaşlıq mexanizminə uyğun olaraq, peşə təhsili müəssisələrində kadr hazırlığına dair sifarişlərin formalaşdırılmasını və proqnozları tərtib etmək;
4.1.14. peşə təhsilinin qeyri-dövlət sektorunun dəstəklənməsi və rəqabət mühitinin inkişafı məqsədilə özəl peşə təhsili müəssisələri ilə əməkdaşlıq etmək və onlara metodik köməklik göstərmək;
4.1.15. peşə təhsili müəssisələrində mühəndis-pedaqoji işçilərin və təhsilalanların təhlükəsizliyini təmin edən tədbirlərin (sığorta, əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin qorunması, sanitariya-gigiyena qaydaları və s.) yerinə yetirilməsinə nəzarət etmək;
4.1.16. peşə təhsili müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasını yaratmaq və onun digər təhsil səviyyələri və pillələrinin məlumat infrastrukturuna inteqrasiyasını təmin etmək;
4.1.17. müasir təhsil mühitinin yaradılması məqsədilə yeni təhsil texnologiyalarından istifadə etməklə, tədris prosesində innovasiyaların tətbiqinə şərait yaratmaq;
4.1.18. peşə təhsili müəssisələrinə elmi-metodik rəhbərliyi və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
4.1.19. işəgötürənlərin (müəssisə və təşkilatların) sifarişləri əsasında kadr hazırlığı ixtisaslarını müasir təhsil standartları və proqramları (kurikulumları) əsasında peşə təhsili müəssisələrində və ya iş yerlərində əlavə təhsil kursları olaraq təşkil etmək;
4.1.20. təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iş yerlərində təcrübə proqramlarını hazırlamaq və onların icrasına şərait yaratmaq;
4.1.21. insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırmaq, bu istiqamətdə analitik və metodik materiallar hazırlamaq;
4.1.22. peşə təhsili müəssisəsinin fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;
4.1.23. dövlət peşə təhsili müəssisəsinin akkreditasiya və işçilərin attestasiya qaydalarını müəyyən etmək və həyata keçirmək;
4.1.24. dövlət peşə təhsili müəssisəsinin maddi-texniki və tədris bazasının yenilənməsi məqsədilə ümumtəhsil və ixtisas dərslikləri, tədris vəsaitləri, ədəbiyyatlar, əyani və texniki vəsaitlərlə təmin etmək;
4.1.25. dövlət peşə təhsili müəssisəsində pulsuz tibbi xidmətin təşkilini həyata keçirmək;
4.1.26. yaşlılar üçün ödənişli əsaslarla peşə təlimini və ixtisasartırmanı təmin etmək;
4.1.27. sağlamlıq inkanları məhdud olan uşaqların və əlillərin peşə təhsili almaq hüququnu təmin etmək və onların ixtisasına uyğun işlə təmin olunmasına yardımçı olmaq;
4.1.28. peşə təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirmək, onların yaradılması və inkişafı məqsədilə təşviq mexanizmlərini hazırlayıb həyata keçirmək;
4.1.29. peşə təhsili sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;
4.1.30. dövlət peşə təhsili müəssisələrində büdcədənkənar maliyyə vəsaitlərinin cəlb edilməsi məqsədilə istehsalat infrastrukturunun yaradılmasını təmin etmək;
4.1.31. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan, habelə müvəqqəti məskunlaşan şəxslərin peşə təhsili müəssisələrində bərabər təhsil almaq hüququnu təmin etmək;
4.1.32. işəgötürənlər tərəfindən istehsalat təcrübəsinə və istehsalat şəraitində təlimə rəhbərlik üçün ayrılmış mühəndis-texniki işçilərin əmək haqlarının ödənilməsini təmin etmək;
4.1.33. peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ vermək;
4.1.34. peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük vermək;
4.1.35. dövlət peşə təhsili müəssisələrində təhsilalanları xüsusi iş geyim formaları ilə təmin etmək;
4.1.36. işə qəbul zamanı müvafiq peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədi tələb edilən peşələri müəyyən etmək;
4.1.37. peşə təhsili alanların təcrübə keçmələri üçün xüsusi meyarlar əsasında seçilmiş idarə, müəssisə, fermer təsərrüfatı və təşkilatlara müəyyən imtiyazlar (vergi güzəştləri, aşağı faizli kreditlər, yeni texnika və texnologiyaların əldə edilməsi və s.) vermək;
4.1.38. peşə təhsili müəssisələri və onların məzunlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün xüsusi imtiyazlar vermək;

Maddə 5. Peşə təhsilinin dövlət standartları
5.1. Peşə təhsilinin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.2. Mülkiyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq peşə təhsili müəssisələrinin fəaliyyəti dövlət standartlarına uyğun təşkil edilir.
5.3. Peşə təhsilinin dövlət standartları bu təhsil pilləsinin məzmununu, idarə olunmasını, maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin ölçülə bilən keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
5.4. Sağlamlıq imkanları məhdud olan şəxslərin peşə təhsili xüsusi dövlət standartları əsasında həyata keçirilir.
5.5. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən, həmçinin xüsusi peşə təhsili müəssisələri üçün nümunəvi nizamnamə və dövlət peşə təhsili standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 6. Tədris dili
6.1. Peşə təhsili müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir.
6.2. Peşə təhsili müəssisələrində təhsil müvafiq dövlət standartlarına uyğun olaraq digər dillərdə də aparıla bilər.

2-ci fəsil
PEŞƏ TƏHSİLİNİN TƏŞKİLİ

Maddə 7. Peşə təhsilinin mahiyyəti və məqsədi
7.1. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixtisaslarının daim artırılmasını və eyni zamanda onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir.
7.2. Peşə təhsili təhsilalanların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik marağı və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.
7.3. Peşə təhsili aşağıdakı məqsədlərə xidmət edir:
7.3.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət və ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
7.3.2. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq;
7.3.3. təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşması, onlara müasir qeyri-standart yanaşma və sahibkarlıq bacarıqlarının aşılanmasını istəyən məzunlar üçün bu istiqamətdə həm nəzəri məlumatların, həm də praktiki bacarıqların öyrədilməsi məqsədilə müvafiq səriştələr əsasında təlim və təhsil proqramları (kurikulumlar) tərtib etmək;
7.3.4. kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti, təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət hissi aşılamaq;
7.3.5. məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü;
7.3.6. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
7.3.7. təhsilalanların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafını, psixoloji dayanıqlığını və şəxsiyyətini formalaşdırmaq;
7.3.8. sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
7.3.9. ehtiyac duyulan ixtisaslar üzrə əmək bazarının daim dəyişən tələbatının ödənilməsini təmin etmək.

Maddə 8. Peşə təhsili proqramı (kurikulum)
8.1. Peşə təhsili üzrə ixtisasın proqramı (kurikulumu) peşə təhsilinin dövlət standartları, ixtisasın peşə standartı və peşə təhsilinin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalar əsasında hazırlanır və təsdiq edilir.
8.2. İşçi təhsil proqramları (kurikulumlar) peşə təhsili müəssisələrində maraqlı tərəflərin nümayəndələrinin (işəgötürənlər, mütəxəssislər, təhsilalanlar, təhsilverənlər) iştirakı ilə nümunəvi təhsil proqramları (kurikulumlar) əsasında hazırlanıb təsdiq edilir.
8.3. Peşə təhsili pilləsinin ayrı-ayrı ixtisaslar (ixtisas qrupları) üzrə təhsil proqramlarına (kurikulumlara) aşağıdakı tədris-metodiki sənədlər daxildir:
8.3.1 ixtisasın peşə standartı, modul strukturu və tədris planları;
8.3.2 təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə bağlı işçi təhsil proqramlarının (kurikulumların), o cümlədən işçi tədris planlarının, istehsalat işlərinin siyahısının, mövzu-təqvim planlarının hazırlanmasına, istehsalat təlimi və təcrübələrinin aparılmasına, istehsalat sınaq işlərinin yerinə yetirilməsinə, təhsilalanların aralıq və yekun dövlət attestasiyasının keçirilməsi və s. məsələlərə dair metodiki göstərişlər;
8.3.3 fənlərin (modulların) təhsil proqramları (kurikulumları);
8.3.4 fənlər (modullar) üzrə nəzəri biliklərin və təcrübi bacarıqların (istehsalat təlimi və təcrübəsinin) qiymətləndirmə meyarları;
8.3.5 dərsliklər, dərs vəsaitləri;
8.3.6 ixtisas və ümumtəhsil fənləri üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə və istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;
8.3.7 təhsilalanların biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki materiallar (yoxlama və test tapşırıqları, imtahan biletləri, təhsilalanların müstəqil hazırlığı üçün suallar);
8.3.8 ixtisaslaşmış kabinet, laboratoriya və tədris-istehsalat emalatxanalarının siyahısı və s.
8.4. Təhsil proqramının (kurikulumun) yerinə yetirilmə müddəti təhsil bazasından və peşə təhsili səviyyəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.5. Peşə təhsili müəssisəsində əlavə təhsil almaq üçün müvafiq təhsil proqramları (kurikulumlar) tətbiq edilir.
8.6. Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi peşə təhsili proqramları (kurikulumlar) həyata keçirilir.
8.7. İnkluziv peşə təhsilini həyata keçirən peşə təhsil müəssisələri müvafiq güzəştlərlə (təhsil müəssisəsinin reytinq dərəcəsinin müəyyən edilməsi, əmək haqqı və təqaüdlərin daha yüksək nəzərdə tutulması və s.) təmin edilir.

Maddə 9. Peşə təhsili sisteminin quruluşu
9.1. Peşə təhsilinin səviyyələri:
9.1.1. ilk peşə təhsili;
9.1.2. texniki peşə təhsili;
9.1.3. yüksək texniki peşə təhsili.
9.2. Peşə təhsili müəssisələrinin növləri:
9.2.1. peşə məktəbi;
9.2.2. peşə liseyi;
9.2.3. peşə təhsil mərkəzi.
9.3. Müvafiq kadr potensialı və maddi-texniki tədris bazası olan ümumtəhsil müəssisələrində xüsusi proqramlar əsasında ilk peşə təhsili üzrə təmayüllü siniflər yaradıla bilər.
9.4. Peşə məktəbinə qəbul olunan şəxslərə:
9.4.1. ilk peşə təhsili;
9.4.2. texniki peşə təhsili almaq hüququ verilir.
9.5. Peşə liseyinə qəbul olunan şəxslərə:
9.5.1. ilk peşə təhsili;
9.5.2. texniki peşə təhsili;
9.5.3. texniki peşə təhsili ilə yanaşı tam orta təhsil almaq hüququ verilir.
9.6. Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə:
9.6.1. ilk peşə təhsili;
9.6.2. texniki peşə təhsili;
9.6.3. texniki peşə təhsili ilə yanaşı tam orta təhsil;
9.6.4. yüksək texniki peşə təhsili almaq hüququ verilir.
9.7. Peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kursları təşkil olunur.
9.8. Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir:
9.8.1. ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 2 il;
9.8.2. tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il;
9.8.3. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda - 3 il;
9.8.4. ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 4 il;
9.8.5. tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 3 il.
9.9. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaitləri hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
9.10. Ali təhsil almış şəxslər də peşə təhsil almaq hüququna malikdirlər.

Maddə 10. Peşə təhsili müəssisəsi
10.1. Peşə təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir.
10.2. Peşə təhsili müəssisəsi bu Qanunla müəyyən olunmuş peşə təhsili sahəsi üzrə məqsədlərin əlçatan, səriştələrin inkişafı və karyerayönlü fasiləsiz peşə təhsilini və təlimini həyata keçirir.
10.3. Peşə təhsili müəssisəsi mülkiyyət formasından asılı olmayaraq təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iş yerlərində təcrübə proqramlarının həyata keçirilməsini təmin edə bilər.
10.4. Azərbaycan Respublikasında mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələri fəaliyyət göstərə bilər.
10.5. Peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.
10.5.1. Tədrisin daha effektiv təşkili məqsədi ilə təhsilalanların və sifarişçilərin istəyini nəzərə alaraq, dövlət təhsil standartlarına və təhsil proqramlarına (kurikulumlara) riayət etməklə tədris prosesinin təşkili ilə bağlı təhsil müəssisəsinin növbəlilik əsasında fəaliyyəti həmin təhsil müəssisəsinin rəhbəri tərəfindən müəyyən edilir.
10.6. Azərbaycan Respublikasında formal, qeyri-formal və informal peşə təhsili formaları tətbiq olunur.
10.7. Formal peşə təhsilinin təşkili, qeyri-formal və informal yolla təhsil almış şəxslərin təhsil haqqında dövlət sənədi alması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.8. Dövlət peşə təhsili müəssisələrində təqaüdlər dövlət hesabına təhsilalanlara şamil edilir.
10.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təhsildə fərqlənən tələbələrə, eləcə də ölkə və beynəlxalq peşə yarışlarının qaliblərinə peşə təhsili müəssisəsinin öz vəsaiti hesabına məqsədli təqaüdlər verilir.
10.10. Tabeçiliyindən, növündən və mülkiyyət formasından asılı olmayaraq, peşə təhsili müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri Təhsil haqqında Qanun, bu Qanun və normativ-hüquqi aktlar nəzərə alınmaqla öz nizamnaməsi əsasında həyata keçirilir.
10.11. Dövlət peşə təhsili müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
10.12. Dövlət və bələdiyyə peşə təhsili müsəssisələri "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılır.
10.13. Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir.
10.14. Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
10.15. Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla təsdiq edilir.
10.16. Təhsil müəssisəsi ilə ödənişli əsaslarla təhsilalanlar və ya onların qanuni nümayəndələri arasında münasibətlər müqavilə ilə tənzimlənir.
10.17. Peşə təhsili müəssisəsi qabaqcıl texnika və texnologiya ilə tanışlıq məqsədilə istehsalat təlimi ustalarını müvafiq müəssisələrə təcrübəyə göndərir.
10.18. Peşə təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.
10.19. Peşə təhsili müəssisəsi publik hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir, banklarda hesablaşma hesabı və digər hesabları ola bilər.

Maddə 11. İstehsalat təlimi və təcrübəsi, iş yerində təcrübə müqaviləsi
11.1. Peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində və eləcə də işəgötürən müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçirlər.
11.2. İşəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən həmin mütəxəssislərin işlədikləri müəssisədə aldıqları əmək haqlarından əlavə müvafiq qanunvericilikdə təcrübə saatları üçün nəzərdə tutulmuş əmək haqqı ödənilir.
11.3. İşəgötürənlərin təklifi əsasında həmin müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi imzalayır.
11.4. İş yerində təcrübə müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.5. Yetkinlik yaşına çatmayanlarla iş yerində təcrübə müqaviləsi onların valideynləri və ya digər qanuni nümayəndələrinin razılığı ilə bağlanılır.
11.6. İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə həmin müəssisələrdə mövcud olan əmək haqqının 20%-indən az olmamaq şərti ilə əmək haqqı ödəyir.
11.7. İş yerində təcrübə müqaviləsi əsasında təhsilalanlar müəssisənin işçi heyətinin siyahısına daxil edilmir və onlara müvafiq əmək haqqı ödənilir.

Maddə 12. Peşə təhsili müəssisəsinin təsisçisi
12.1. Peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
12.2. Peşə təhsili müəssisəsini təsis etmək üçün aşağıdakı qeyd olunan şərtlər təmin edilməlidir:
12.2.1. təşkilati struktur, qayda və nizamnaməyə malik olmaq;
12.2.2. ixtisaslı müəllim və mühəndis-pedaqoji işçilərə malik olmaq;
12.2.3. təhsil üçün nəzərdə tutulmuş xüsusi standartlara cavab verən şəraitə və peşə təhsilinin tələblərini qarşılayacaq tədris avadanlıqları və təlim texnologiyalarına malik olmaq.
12.3. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan peşə təhsili müəssisəsinin işçi heyətinin (pedaqoji işçi heyəti istisna olmaqla) yarıdan çoxunu Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir.
12.4. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 13. Peşə təhsili müəssisəsinin fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası
13.1. Dövlət peşə təhsili müəssisələri lisenziyasız fəaliyyət göstərir.
13.2. Azərbaycan Respublikasında bələdiyyə və özəl peşə təhsili müəssisələri "Lisenziyalar və icazələr haqqında"` Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında fəaliyyət göstərirlər.
13.3. Azərbaycan Respublikasında bələdiyyələr, digər hüquqi və fiziki şəxslər, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, o cümlədən xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş peşə təhsili müəssisələrinə lisenziya müddətsiz verilir.
13.4. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması beynəlxalq müqavilələrlə həyata keçirilir.
13.5. Peşə təhsili sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən lisenziya verilməsi şərtləri pozulduqda, peşə təhsilinin dövlət standartının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
13.6. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.
13.7. Akkreditasiya müvafiq keyfiyyət sənədinin verilməsi ilə başa çatır.
13.8. Peşə təhsili müəssisəsinin işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir.
13.9. Akkreditasiyadan keçməyən peşə təhsili müəssisəsinin lisenziyası "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ləğv olunur.

Maddə 14. Peşə təhsili haqqında dövlət sənədi
14.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş peşə təhsili müəssisəsində təlim proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ixtisas dərəcəsi (sinif, kateqoriya və s.) göstərilməklə, təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquqi əsas sayılır.
14.2. Müvafiq kursu (modulu) bitirdikdən sonra təhsilini müxtəlif səbəblərdən davam etdirməyən şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.
14.3. Peşə təhsili müəssisəsini müvəffəqiyyətlə bitirənlərə Dövlət buraxılış imtahan (yekun attestasiya) komissiyasının qərarı ilə hər bir təhsil səviyyəsinə uyğun kvalifikasiya dərəcəsi göstərilməklə aşağıdakı növ təhsil haqqında dövlət sənədləri verilir:
14.3.1. diplom (adi);
14.3.2. diplom (fərqlənmə);
14.3.3. sertifikat (qısa müddətli kursları bitirənlərə).
14.4. Peşə təhsili müəssisələrində peşə təhsili ilə yanaşı, tam orta təhsil almış şəxslərə diplom və müəyyən olunmuş nümunəli tam orta təhsil haqqında attestat verilir.
14.5. Yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsi verilir.

Maddə 15. Peşə təhsili müəssisəsində iaşə və tibbi xidmət
15.1. Peşə təhsili müəssisələrində göstərilən tibbi və iaşə xidmətinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.2. Dövlət peşə təhsili müəssisələrində təhsilalanlara pulsuz tibbi xidmətin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur.
15.3. Əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq, aidiyyəti tibb müəssisələrində əlavə müalicə-bərpa xidmətinin göstərilməsi təmin edilir.
15.4. Müvafiq icra hakimiyyəti orqanları növündən, tabeçilik və mülkiyyət formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrində təhsilalanların il ərzində icbari dispanserizasiyadan keçməsini təmin edir, digər aidiyyəti qurumlarla birlikdə peşə təhsili müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edir.
15.5. Peşə təhsili müəssisələrində qidalanma müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş normativlərə uyğun olaraq təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

3-cü fəsil

PEŞƏ TƏHSİLİ SİSTEMİNİN İDARƏOLUNMASI, TƏHSİL SUBYEKTLƏRİNİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ

Maddə 16. Peşə təhsili müəssisəsinin idarə olunması
16.1. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
16.2. Dövlət peşə təhsili müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin olunan şəxs rəhbərlik edir.
16.3. Bələdiyyə və özəl peşə təhsili müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.
16.4. Peşə təhsili müəssisəsi rəhbərinin vəzifə funksiyaları və səlahiyyətləri onun nizamnaməsi ilə müəyyən edilir.
16.5. Peşə təhsili müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və qəyyumlar şuraları, valideynlər şurası və s.) yaradıla bilər.
16.6. Dövlət peşə təhsili müəssisəsində ali idarəetmə orqanı, ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab edilir.
16.7. Dövlət peşə təhsili müəssisəsinin pedaqoji şurasının Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
16.8. Özəl peşə təhsili müəssisəsində ali idarəetmə orqanı öz nizamnaməsi ilə müəyyən olunur.
16.9. Peşə təhsili müəssisəsinə şagirdlərin qəbulu əmək bazarında real tələblərə uyğun formalaşdırılır.
16.10. Peşə təhsili müəssisələrinin tədris qruplarında orta sıxlıq maddi-texniki bazadan asılı olaraq, 20 nəfər müəyyən edilir. Əgər maddi-texniki baza imkan vermirsə, orta sıxlıq 20 nəfərdən artıq ola bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi ixtisas qrupu üzrə peşə hazırlığı həyata keçirilən tədris qruplarında orta sıxlıq 10 nəfərdən az olmamaqla müəyyən edilə bilər.

Maddə 17. Peşə təhsili prosesinin iştirakçıları
17.1. Peşə təhsili prosesinin iştirakçıları aşağıdakılardır:
17.1.1. təsisçilər;
17.1.2. təhsilalanlar (tələbələr, müdavimlər);
17.1.3. təhsil verənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki işçilər;
17.1.4. tədrisə köməkçi heyət - metodistlər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial xidmət sahəsinin işçiləri, tibb işçiləri və digər işçilər;
17.1.5. valideynlər və ya digər qanuni nümayəndələr;
17.1.6. təhsilin idarəetmə orqanları;
17.1.7. peşə təhsili müəssisəsi ilə əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

Maddə 18. Peşə təhsili sahəsində təhsilalanların hüquqları və vəzifələri
18.1. Peşə təhsili sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.
18.2. Peşə təhsilinə cəlb olunmuş təhsilalanlar dövlət tərəfindən zəmanət verilən aşağıdakı hüquqlara malikdirlər:
18.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə müvafiq dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
18.2.2. təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsil verənləri, təhsilalma formasını, yarımilliklər üzrə kreditlərin miqdarını, tədris planlarına uyğun olaraq tədris fənlərini və təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst seçmək;
18.2.3. şəxsiyyətin alçaldılmasına yönəlik hərəkətlərin bütün formalarından, sağlamlığa zərər vuracaq fiziki, mənəvi və psixoloji zorakılıq hallarından qorunmaq;
18.2.4. müəyyən olunmuş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
18.2.5. tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;
18.2.6. müəyyən olunmuş normativlərə uyğun olaraq, iaşə xidməti ilə təmin edilmək;
18.2.7. dövlət vəsaiti hesabına qanunvericiliyə uyğun olaraq, yalnız bir dəfə pulsuz təhsil almaq;
18.2.8. yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq, həmçinin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak etmək;
18.2.9. peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
18.2.10. təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də müasir biliklərə, tədris və pedaqoji bacarıqlara malik olmaq məqsədilə ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq;
18.2.11. konfranslarda, seminarlarda, yığıncaqlarda, görüşlərdə, proqram və layihələrdə və təhsillə bağlı inkişafyönlü digər tədbirlərdə iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
18.2.12. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
18.3. Peşə təhsilinə cəlb olunmuş təhsilalanların vəzifələri aşağıdakılardır:
18.3.1. dövlət təhsil standartlarına uyğun praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək;
18.3.2. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;
18.3.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək, mühəndis- pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
18.3.4. əmək alətləri, avadanlıqlar və digər ləvazimatlarla ehtiyatla davranmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək;
18.3.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
18.3.6. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 19. Peşə təhsili sahəsində təlısilverənlərin hüquqları və vəzifələri
19.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
19.1.1. normal və təhlükəsiz əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, həmçinin müasir standartlara cavab verən təlim texnologiyaları ilə təmin olunmaq;
19.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı səmərəli təkliflər irəli sürmək;
19.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
19.1.4. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;
19.1.5. tədris etdikləri fənlər üzrə bilik və bacarıqlarının artırılması, peşəkarlıq səviyyələrinin davamlı yüksəldilməsi məqsədilə staj keçmək, ixtisas dərəcəsini yüksəltmək və ya yeni ixtisas əldə etmək;
19.1.6. müəyyən edilmiş hallarda və müvafiq qaydada mükafatlandırılmaq və təltif olunmaq;
19.1.7. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə öz namizədliyini irəli sürmək, seçmək və seçilmək;
19.1.8. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
19.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
19.2.1. peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
19.2.2. ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada təkmilləşmə kurslarından və attestasiyadan keçmək;
19.2.3. dövlət tərəfindən qoyulan məzmun standartlarının tələblərinə uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini, təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək;
19.2.4. müəssisənin nizamnaməsi ilə müəyyən edilmiş daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifə funksiyalarını yerinə yetirmək;
19.2.5. təhsilalanlara vətənə, ana dilinə, adət-ənənələrə, milli-mənəvi dəyərlərə, dövlət rəmzlərinə qarşı hörmət hisləri aşılamaq, onları azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq, onlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq;
19.2.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
19.2.7. təhsilalanların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;
19.2.8. dərs və tərbiyə prosesinin aparılmasına cavabdehlik daşımaq, qiymətləndirmə işlərini həyata keçirmək və innovasiyalara meyilli olmaq;
19.2.9. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 20. Peşə təhsili müəssisəsində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi
20.1. Dövlət peşə təhsili müəssisələrində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar üzrə, özəl peşə təhsili müəssisələrində isə müəssisənin nizamnaməsi ilə tənzimlənir və həyata keçirilir.
20.2. Peşə təhsili prosesinin iştirakçılarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar üzrə dövlət tərəfindən icbari şəkildə "İstehsalatda bədbəxt hadisələrdən sığortalanma"sı təmin edilir.
20.3. Dövlət təhsilalanların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir, təhsilalanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir və həyata keçirilməsinə şərait yaradır.
20.4. Dövlət peşə təhsili müəssisələrində təhsil verənlərin və təhsil prosesində iştirak edən digər işçilərin sosial müdafiəsinə təminat verir.
20.5. Peşə təhsili müəssisələrinin işçilərinin vəzifə maaşları və ona əlavələr işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.6. Dövlət peşə təhsili müəssisəsi öz sərəncamında olan vəsaitlər hesabına işçilərin vəzifə maaşlarına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
20.7. Sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi peşə təhsili müəssisələrində, o cümlədən yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan işçilərə əməkhaqqı və digər ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
20.8. Qanunla müəyyən edilmiş qaydada sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
20.8.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
20.8.2. I, II və III qrup əlillər;
20.8.3. şəhid ailələrinin üzvləri;
20.8.4. 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

4-cü fəsil
PEŞƏ TƏHSİLİNİN İQTİSADİYYATI

Maddə 21. Peşə təhsil sistemində mülkiyyət münasibətləri
21.1. Peşə təhsili müəssisəsinin mülkiyyətinə dövlət, təsisçi (təsisçiləri), hüquqi və fiziki şəxslər tərəfindən verilən əmlak, habelə qanunvericiliklə qadağan olunmayan və nizamnaməsində öz əksini tapan fəaliyyət nəticəsində əldə edilən əmlak, o cümlədən əqli mülkiyyət məhsulları daxildir.
21.2. Təhsil müəssisəsi istifadəsində olan əmlakın saxlanılmasına, qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır.
21.3. Peşə təhsili müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi (təsisçilər) tərəfindən ayrılan vəsaitlər və cəlb olunmuş investisiyalar, həmçinin qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
21.4. Dövlət peşə təhsili müəssisəsinin özəlləşdirilməsinə, onun ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin) məskunlaşdırılmasına yol verilmir.
21.5. Dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Peşə təhsili müəssisəsinin maliyyələşdirilməsi
22.1. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, peşə təhsili müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
22.1.1. dövlət peşə təhsili müəssisəsi:
22.1.1.1. dövlət büdcəsindən ayrılan vəsaitlər;
22.1.1.2. dövlət fondlarının vəsaitləri;
22.1.1.3. büdcədənkənar vəsaitlər;
22.1.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;
22.1.1.5. kreditlər, qrantlar, ianələr;
22.1.1.6. innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
22.1.1.7. qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş investisiyalar;
22.1.1.8. qanunvericiliklə qadağan olunmayan digər mənbələr;
22.1.2. bələdiyyə və özəl peşə təhsili müəssisələri:
22.1.2.1. təsisçinin (təsisçilərin) vəsaitləri;
22.1.2.2. təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;
22.1.2.3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;
22.1.2.4. sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
22.1.2.5. qanunvericiliyə uyğun qaydada alınan qrant, ianə, kredit və yardımlar;
22.1.2.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
22.2. Dövlət peşə təhsili müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.
22.3. Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər.
22.4. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.
22.5. Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən şəxslərin stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
22.6. Peşə təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər.

Maddə 23. Peşə təhsili sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti
23.1. Peşə təhsili müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə yüksək keyfiyyət və şəffaflığı təmin etməklə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi prinsiplər əsasında sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
23.2. Dövlət peşə təhsili müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.
23.3. Peşə təhsili müəssisəsi sahibkarlıq subyektləri ilə birgə fəaliyyət müqavilələri bağlayaraq əlavə gəlirlər əldə edə bilər.
23.4. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə peşə təhsili müəssisələrində istehsal edilən məhsul və xidmətlərin satışı həyata keçirilə bilər.
23.5. Peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər, vergi və ödəmələrdən azad olmaqla bilavasitə peşə təhsili sisteminin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.
23.6. Peşə təhsili müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni təlim texnologiyaları tətbiq etmək, habelə müəssisədaxili yeni qurumlar yaratmaq üçün innovativ təkliflərlə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
23.7. Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya və sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.
23.8. Peşə təhsili müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
23.9. Peşə təhsili müəssisəsində innovasiya fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti stimullaşdırılır.
23.10. Peşə təhsili müəssisəsinin rəhbərliyi məhsul istehsalı və xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsinə, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərin bölgüsünün şəffaflığına cavabdehdir.
23.11. Gəlir və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunması və peşə təhsili müəssisələri arasında ədalətli bölgü müvafiq qaydada yaradılmış peşə təhsilinin inkişafı fondu tərəfindən təmin edilir.
23.12. Peşə təhsili müəssisəsi öz əmtəə nişanını yarada bilər.
23.13. Peşə təhsili müəssisəsi istehsal etdiyi məhsul və xidmətləri öz əmtəə nişanı (brendi) ilə dövlət, özəl müəssisələrə və geniş alıcı kütləsinə çatdırmaq məqsədilə satış-sərgiləri həyata keçirə bilər.

Maddə 24. Peşə təhsilində dövlət-özəl əməkdaşlığı
24.1. İşəgötürənlər və onları təmsil edən təşkilatlar, o cümlədən özəl qurumlar peşə təhsilinin təşkilində, kurikulumların formalaşdırılması və tədrisində, qəbul, eləcə də buraxılış imtahanlarının keçirilməsində iştirak edə bilərlər.
24.2. Peşə təhsili müəssisələri işəgötürənlərlə istehsalat təcrübəsinin keçirilməsini və iş yerində öyrənməni təmin etmək üçün memorandum və müqavilələr bağlaya bilərlər.

5-ci fəsil
YEKUN MÜDDƏALAR

Maddə 25. Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq
25.1. Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
25.2. Peşə təhsili müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq beynəlxalq təcrübədən yararlanmaq, rəhbər və mühəndis-pedaqoji işçi heyətinin müasir biliklərə, tədris və pedaqoji bacarıqlara yiyələnməsi məqsədilə xarici ölkələrin peşə təhsili müəssisələri, təşkilatları, beynəlxalq qurumları və fondlar ilə əlaqələr yaratmaq, əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlamaq, birgə peşə təhsili müəssisələri yaratmaq, təhsil sahəsində fəaliyyət göstərən dövlət, qeyri-hökumət qurumlarına daxil olmaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirə bilərlər.

Maddə 26. Qanunvericiliyin pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi