01.05.2018 ƏTRAF MÜHİTƏ TƏSİRİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA

Layihə

ƏTRAF MÜHİTƏ TƏSİRİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə və 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə uyğun olaraq, təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

FƏSIL 1
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra - ƏMTQ) - nəzərdə tutulan fəaliyyətin ətraf mühitə birbaşa, dolayı və digər mənfi təsirinin aşkar edilməsi, təhlili, aradan qaldırılması və ya azaldılması, habelə bu fəaliyyət növlərinin həyata keçirilməsinin mümkünlüyünə və ya qeyri-mümkünlüyünə dair qərarın qəbul edilməsi məqsədi ilə həmin fəaliyyət növlərinin kompleks (sosial-iqtisadi, ekoloji) təhlili əsasında onların ətraf mühitə təsirinin müəyyənləşdirilməsi;
1.1.2. ƏMTQ sənədi - ətraf mühitə təsirin qiymətləndirilməsinin nəticələri barədə hesabat;
1.1.3. strateji ekoloji qiymətləndirmə (bundan sonra SEQ) - ətraf mühitə potensial təsirlərin aşkarlanması, qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin ekoloji təhlükəsizlik baxımından sistemli qiymətləndirilməsi;
1.1.4. SEQ sənədi - strateji ekoloji qiymətləndirmənin nəticələri barədə hesabat;
1.1.5. ƏMTQ üzrə qiymətləndirici - bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, ekologiya, ətraf mühitin mühafizəsi və ya təbii resurslardan səmərəli istifadə, habelə iqtisadiyyat sahəsində ali təhsilə malik, ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan və nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə ƏMTQ və SEQ sənədlərini hazırlayan şəxs;
1.1.6. sifarişçi - nəzərdə tutulan fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla həyata keçirən dövlət orqanları və qurumları, fiziki və ya hüquqi şəxslər;
1.1.7. strateji sənədlər - bu Qanunun 7.1.1-ci maddəsində göstərilən sahələr üzrə plan, proqram, strategiya və konsepsiyalar;
1.1.8. planlaşdırıcı orqan - strateji sənədləri hazırlayan dövlət orqanları,dövlət qurumları və bələdiyyələr;
1.1.9. nəzərdə tutulan fəaliyyət - ətraf mühitə mənfi təsiri ehtimal olunan bu Qanuna Əlavədə göstərilən təsərrüfat və başqa fəaliyyət növləri;
1.1.10. ətraf mühitə mümkün təsirin normaları (hədləri) - ətraf mühitin keyfiyyət göstəricilərinin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması üçün "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən limitlər və kvotalar;
1.1.11. ekoloji risk - ətraf mühitin vəziyyəti və əhalinin sağlamlığı üçün arzu olunmayan antropogen təsirlərin başvermə ehtimalı;
1.1.12. transsərhəd təsir - nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi nəticəsində iki və daha çox dövlətin ərazisində ətraf mühitə və insan sağlamlığına gözlənilən mənfi təsir.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, "Ətraf mühitin mühafizəsi haqqında" və "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunları və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.

Maddə 2. Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Ətraf mühitin mühafizəsi haqqında" və "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının mülki və tikinti qanunvericiliklərindən, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

Maddə 3. Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədi və prinsipləri
3.1. ƏMTQ-nin əsas məqsədi bu Qanuna əlavədə göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, onun aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir.
3.2. Ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində əsas prinsiplər aşağıdakılardır:
3.2.1. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsi;
3.2.2. nəzərdə tutulan fəaliyyətin ekoloji təhlükəsizliyinə dair məlumatların düzgünlüyü, şəffaflığı və etibarlılığı;
3.2.3. ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunub saxlanması;
3.2.4. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirinin yol verilən normaları aşmasının yolverilməzliyi;
3.2.5. mümkün ekoloji nəticələrin elmi proqnozlaşdırılması və ekoloji risk səviyyəsinin qiymətləndirilməsi;
3.2.6. ƏMTQ-nin aparılmasında aşkarlıq, əhalinin məlumatlandırılması və ictimai rəyin nəzərə alınması;
3.2.7. ƏMTQ və SEQ sahəsində beynəlxalq əməkdaşlıq;
3.2.8. ƏMTQ və SEQ-in həyata keçirilməsində dövlət və bələdiyyə orqanlarının, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması;
3.2.9. ƏMTQ və SEQ sahəsində dövlət nəzarəti və ictimai nəzarət.

FƏSİL 2
ƏTRAF MÜHİTƏ TƏSİRİN QİYMƏTLƏNDİRİLMƏSİ

Maddə 4. ƏMTQ-nin aparılması xüsusiyyətləri
4.1. ƏMTQ yalnız nəzərdə tutulan fəaliyyət növlərinə münasibətdə məcburi qaydada həyata keçirilir.
4.2. ƏMTQ, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətlərdə aparılır.
4.3. ƏMTQ nəzərdə tutulan fəaliyyətin layihələndirilmə mərhələsində sifarişçi tərəfindən həyata keçirilir. Sifarişçi ƏMTQ-nin nəticəsinə dair ƏMTQ sənədini dövlət ekoloji ekspertizasının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
4.4. Sifarişçi nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ-ni müvafiq icra hakimiyyəti orqanı ilə ilkin məsləhətləşmələr apardıqdan sonra həyata keçirir. İlkin məsləhətləşmələr aparılacaq qiymətləndirmənin məzmununun, həcminin və metodlarıın əvvəlcədən müəyyənləşdirilməsi, ƏMTQ sənədində əks olunacaq məlumatların dolğunluğu və düzgünlüyünün təmin edilməsi məqsədi ilə aparılır.
4.5. Müvafiq icra hakimiyyəti orqanı sifarişçinin təqdim etdiyi ƏMTQ sənədini "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji ekspertizadan keçirir, ekspertizanın nəticəsindən asılı olaraq ona dair ekoloji ekspertiza rəyi verir və həmin rəyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir.
4.6. Sifarişçi nəzərdə tutulan fəaliyyətlə bağlı tikinti işlərinə başlamaq üçün ƏMTQ sənədini və ekoloji ekspertiza rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
4.7. Nəzərdə tutulan fəaliyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərdə həyata keçirildikdə, həmin fəaliyyətə dair ƏMTQ müvafiq icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə aparılır.
4.8. ƏMTQ bu Qanunun, "Ekoloji təhlükəsizlik" və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri və aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:
4.8.1. təbiətdən səmərəli istifadə və onun bərpası, istehsal və xidmət prosesində yaranan tullantıların təkrar istifadəsi, onların kompleks emalı, utilizasiyası;
4.8.2. tullantı sularının təmizlənməsinin təmin edilməsi, müəyyən olunmuş həddə təmizlənməmiş bu cür suların təbii və süni su axarlarına, su hövzələrinə və yerin relyefinə axıdılmasının qarşısını almaqla, onların texniki ehtiyaclar üçün istifadəsi;
4.8.3. su, torpaq, atmosfer havası, meşə, bitki və heyvanlar aləmi, faydalı qazıntılar və digər təbii ehtiyatlardan istifadənin əsaslandırılması;
4.8.4. torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri statusunun qorunması;
4.8.5. əhalinin və ətraf mühitin antropogen mənşəli fiziki, kimyəvi və bioloji faktorların zərərli təsirlərindən müdafiəsini təmin edən tədbirlərin hazırlanması.
4.8.6. ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi
4.8.7. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirinin intensivliyi, müddəti, sərhədləri və dövrliyi;
4.8.8. əlverişli materiallardan (xammaldan) istifadə, enerjiyə qənaət, texnoloji itkiləri və enerji sərfini azaldan, həmçinin az tullantılı və tullantısız, ekoloji standartlara cavab verən ən səmərəli texnologiyaların tətbiqi.
4.9. ƏMTQ zamanı nəzərdə tutulan fəaliyyətin aşağıdakılara təsiri qiymətləndirilir:
4.9.1. atmosfer havasına;
4.9.2. yerüstü və yeraltı sulara;
4.9.3. su tutarlarının dibinin səthinə;
4.9.4. təbii və süni landşaftlara;
4.9.5. yerin təkinə və torpaq örtüyünə;
4.9.6. bitki və heyvanlar aləminə;
4.9.7. ekoloji sistemlərin vəziyyətinə və bioloji müxtəlifliyə;
4.9.8. əhalinin sağlamlığına;
4.9.9. sosial-iqtisadi sahəyə (məşğulluğa, təhsilə, səhiyyəyə, yol-nəqliyyat və mühəndis infrastrukturuna);
4.9.10.maddi və mədəni irsə;
4.9.11.iqlim dəyişmələrinə.
4.10. Sifarişçi ƏMTQ həyata keçirilərkən nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərlə, habelə daşınmaz əmlak mülkiyyətçiləri ilə "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai dinləmələr aparmalıdır. Bu zaman ƏMTQ "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlarla bağlı olduqda ictimai dinləmələrin keçirilməsinə yol verilmir və bu barədə fiziki şəxslərə və vətəndaş cəmiyyəti institutlarına kütləvi informasiya vasitələri ilə məlumat verilir.
4.11. Bu Qanunun 4.10-cu maddəsinə uyğun olaraq keçirilmiş ictimai dinləmənin yekun sənədinə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
4.12. ƏMTQ müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər (ƏMTQ üzrə qiymətləndirici) tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
4.13. Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ƏMTQ üzrə təşkilat) bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir.
4.14. ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
4.15. Bu Qanunun 4.12-ci maddəsində nəzərdə tutulan ixtisas attestatının forması və verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya ona xitam verilməsi, eləcə də ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
4.16. Ekologiya və iqtisadi sahələrdə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyət göstərə bilməz.
4.17. Müvafiq icra hakimiyyəti orqanı ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatlarının reyestrində olan aşağıdakı məlumatları rəsmi internet səhifəsində yerləşdirir:
4.17.1. ƏMTQ üzrə təşkilatın adı və təşkilati-hüquqi forması, ƏMTQ fəaliyyətinin həyata keçirildiyi ünvan;
4.17.2. ƏMTQ üzrə qiymətləndiricinin soyadı, adı və atasının adı;
4.17.3. ixtisas attestatının nömrəsi və verilmə tarixi;
4.17.4. ƏMTQ və ya SEQ sənədi verilən fəaliyyət növü;
4.17.5. verilmiş ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.
4.18. ƏMTQ üzrə qiymətləndirici ilə sifarişçinin münasibətləri, eləcə də ƏMTQ üzrə qiymətləndiriciyə ödəniləcək xidmət haqqının məbləği ƏMTQ üzrə təşkilatla sifarişçi arasında bağlanmış müqavilə ilə tənzimlənir.
4.19. Qanunun 4.12-ci maddəsində nəzərdə tutulan ixtisas attestatının verilməsinə görə ödənilən yığımın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
4.20. Bu Qanun qüvvəyə minənədək həyata keçirilən nəzərdə tutulan fəaliyyət ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin fəaliyyətlə bağlı obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin fəaliyyətə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sənədlərdə (atılabilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) dəyişikliklər edilir.
4.21. Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərgli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.
4.22. Nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ həyata keçirilərkən onun transsərhəd təsiri müəyyən edildikdə, həmin fəaliyyətlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll edilir.

Maddə 5. ƏMTQ sənədi
5.1. ƏMTQ sənədi ən azı 3 (üç) ƏMTQ üzrə qiymətləndirici tərəfindən hazırlanır.
5.2. ƏMTQ sənədi asanlıqla başa düşülən üslübda tərtib edilmiş, nəzərdə tutulan fəaliyyətin həyata keriləcəyi ərazidə ətraf mühitin ilkin vəziyyətini, ətraf mühitə mümkün potensial təsirləri, onların aradan qaldırılması yollarını və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi üzrə tövsiyələri müəyyən edən, giriş və nəticə hissələrindən ibarətdir.
5.3. ƏMTQ sənədinə bu Qanunun 4.8-ci və 4.9-cu maddələrində göstərilənlərlə yanaşıaşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
5.3.1. nəzərdə tutulan fəaliyyətin təsviri, məqsədi, mərhələləri, ətraf mühitə təsirinin növləri və ekoloji risk səviyyəsinin qiymətləndirilmə üsulları;
5.3.2. ƏMTQ sənədinin hazırlanması zamanı istinad edilən normativ hüquqi baza;
5.3.3. nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin sosial-iqtisadi inkişaf perspektivləri;
5.3.4. nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin mövcud ekoloji vəziyyətinin və həssaslığının qiymətləndirilməsi;
5.3.5. nəzərdə tutulan fəaliyyətin tətbiqi nəticəsində ətraf mühitin vəziyyətində yarana biləcək dəyişikliklərin və onların nəticələrinin proqnozlaşdırılması;
5.3.6. ƏMTQ-nin həcmi müəyyən edilərkən nəzərdə tutulan fəaliyyətin transsərhəd təsiri aşkar edildiyi halda transsərhəd təsirlərin qiymətləndirilməsi;
5.3.7. nəzərdə tutulan fəaliyyətə dair ən azı iki alternativ variant (həmin fəaliyyətdən imtina variantı daxil olmaqla), habelə tətbiq olunan ən səmərəli texnoloji alternativlərin ekoloji əsaslandırılması;
5.3.8. fövqəladə və qəza halları üzrə ekoloji risklərin proqnozlaşdırılması;
5.3.9. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsinin bütün mərhələləri üçün ətraf mühitin mühafizəsi tədbirləri, habelə ətraf mühitə mənfi təsirlərin önlənilməsi, azaldılması və yumşaldılması tədbirləri;
5.3.10. nəzərdə tutulan fəaliyyətin bütün mərhələləri üzrə ətraf mühitin idarə olunması planı;
5.3.11. ətraf mühitin monitorinqi planı;
5.3.12. istismar müddəti başa çatdıqdan sonra ərazinin reablitasiya planı;
5.3.13. ictimai dinləmələrə və müzakirələrə dair məlumatlar.
5.4. Nəzərdə tutulan fəaliyyət yerin təkindən istifadə ilə bağlı olduqda ƏMTQ sənədinə geoloji və hidroqeoloji əsaslandırma məlumatları da əlavə edilməlidir.

FƏSIL 3
STRATEJİ EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏ

Maddə 6. Strateji ekoloji qiymətləndirilmənin məqsədi
6.0. Strateji ekoloji qiymətləndirilmənin məqsədi aşağıdakılardan ibarətdir:
6.0.1. ətraf mühitdən səmərəli istifadənin, ətraf mühitin davamlı inkişafının və ekoloji təhlükəsizliyin təmin edilməsi, potensial zərərli ekoloji təsirlərin planlaşdırma mərhələsində qarşısının alınması;
6.0.2. ƏMTQ-nin və dövlət ekoloji ekspertizasının planlaşdırma mərhələsində effektivliyinin təmin edilməsi.

Maddə 7. Strateji ekoloji qiymətləndirilmənin obyektləri və əhatə dairəsi
7.1. Strateji ekoloji qiymətləndirilmənin obyektləri aşağıdakılardır:
7.1.1. kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin layihələri;
7.1.2. ərazi planlaşdırılması sənədlərinin layihələri;
7.1.3. ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələr.
7.2. Fövqəladə hallar, dövlətin müdafiəsi, habelə maliyyə və büdcə məsələləri ilə bağlı strateji sənədlərə SEQ tətbiq edilmir.
7.3. SEQ aparılmış strateji sənədlərdə dəyişikliklər edilməsi zərurəti yarandıqda planlaşdırıcı orqan həmin dəyişikliklərin mahiyyətini və həcmini nəzərə alaraq müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla onlara münasibətdə SEQ-in aparılması və ya aparılmaması barədə qərar qəbul edir. Planlaşdırıcı orqan tərəfindən SEQ-in aparılması barədə qərar qəbul edildikdə, SEQ sənədinin hazırlanması və ekoloji ekspertiza rəyinin alınması ilə bağlı bu Qanunun 8-ci maddəsinin müddəaları tətbiq olunur.
7.4. SEQ aparılmamış strateji sənədlərdə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin dəyişikliklərin mahiyyəti və həcmindən asılı olaraq planlaşdırıcı orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla onlara münasibətdə SEQ-in aparılması barədə qərar qəbul edildikdə, SEQ bu strateji sənədlərə münasibətdə bütövlükdə aparılır. Bu halda SEQ sənədinin hazırlanması və ekoloji ekspertiza rəyinin alınması ilə bağlı bu Qanunun 8-ci maddəsinin müddəaları tətbiq edilir.

Maddə 8. Strateji ekoloji qiymətləndirilmənin aparılması xüsusiyyətləri
8.1. SEQ strateji sənəd üzrə potensial təsirlərin həcminin müəyyən olunması, mümkün təsirlərin təhlili və qiymətləndirilməsi, nəticələr üzrə ətraf mühitin mühafizəsi tədbirlərinin müəyyən edilməsi və SEQ sənədinin tərtib olunması, müvafiq icra hakimiyyəti orqanları ilə ilkin məsləhətləşmələrin aparılması, habelə ictimai dinləmələrin təşkili və planlaşdırıcı orqan tərəfindən nəticələr üzrə müvafiq yekun əsaslandırmanın hazırlanmasından ibarətdir.
8.2. SEQ-nin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.3. SEQ strateji sənədlərin hazırlanması mərhələsində planlaşdırıcı orqan tərəfindən aparılır. SEQ-in nəticələrinə dair SEQ sənədi "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji ekspertizadan keçirilməsi üçün planlaşdırıcı orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
8.4. Planlaşdırıcı orqan bu Qanunun 4.4-cü maddəsində göstərilən məqsədlərə nail olmaq üçün SEQ-lə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə ilkin məsləhətləşmələr aparır.
8.5. SEQ-in həyata keçirilməsi ilə bağlı ictimai dinləmələr bu Qanunun 4.10-cu və 4.11-ci maddələrinin tələbləri nəzərə alınmaqla təşkil olunur.
8.6. Müvafiq icra hakimiyyəti orqanı planlaşdırıcı orqanın təqdim etdiyi SEQ sənədini "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji ekspertizadan keçirir, ekspertizanın nəticəsindən asılı olaraq ona dair ekoloji ekspertiza rəyi verir və həmin rəyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir.
8.7. Planlaşdırıcı orqan SEQ sənədini və SEQ-in nəticələri üzrə verilən ekoloji ekspertiza rəyini, habelə strateji sənədin layihəsində planlaşdırıcı orqanın nəzərə alınmayan əsaslandırılmış yekun təkliflərini müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
8.8. SEQ sənədi bu Qanunun 5.1-ci maddəsinə uyğun olaraq hazırlanır.
8.9. SEQ sənədinin hazırlanmasına görə xidmət haqqı planlaşdırıcı orqan tərəfindən bu Qanunun 4.18-ci maddəsinə uyğun olaraq ödənilir.
8.10. SEQ sənədinə aşağıdakılar barədə məlumatlar daxil edilir:
8.10.1.strateji sənədin məzmunu, əsas məqsədləri və onun digər strateji sənədlərlə əlaqəsi;
8.10.2.strateji sənəd və SEQ üzrə istinad edilən normativ hüquqi baza;
8.10.3.strateji sənədin beynəlxalq və milli səviyyədə qəbul edilən ətraf mühit və davamlı inkişaf hədəflərinə uyğunluğu;
8.10.4.strateji sənədin təsir dairəsinə aid edilən ərazidə ətraf mühitinin mövcud vəziyyəti;
8.10.5.strateji sənədin icrası ilə əlaqədar potensial təsir mənbələri və onların ətraf mühitə və insan sağlamlığına mümkün təsirləri;
8.10.6. strateji sənəddə nəzərdə tutulan hədəflər və təkliflər üzrə alternativ variantların seçimin ekoloji səmərəliliyinin əsaslandırılması;
8.10.7. potensial təsirlərin təhlili, onların qarşısının alınması, azaldılması və yumşaldılması tədbirləri;
8.10.8. ictimai dinləmələrin və müzakirələrin nəticələri.

FƏSIL 4
ƏMTQ və SEQ SAHƏSİNDƏ İDARƏETMƏ

Maddə 9. ƏMTQ və SEQ sahəsində dövlətin vəzifələri
9.0. ƏMTQ sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
9.0.1. ƏMTQ və SEQ sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
9.0.2. ƏMTQ və SEQ sahəsində normativ hüquqi aktları hazırlamaq və qəbul etmək;
9.0.3. ƏMTQ və SEQ sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
9.0.4. ƏMTQ-nin və SEQ-in aparılması sahəsində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi.

Maddə 10. Planlaşdırıcı orqanın vəzifələri
10.1. Planlaşdırıcı orqanın vəzifələri aşağıdakılardır:
10.1.1. strateji sənədlərə dair SEQ-in həyata keçirilməsini təmin etmək;
10.1.2. SEQ-in həyata keçirilməsi ilə əlaqədar ictimai dinləmələri təşkil etmək;
10.1.3. strateji sənədlərə dair SEQ sənədinin dövlət ekoloji ekpertizasından keçirilməsini təmin etmək;
10.1.4. strateji sənəd üzrə layihələri ekoloji ekspertiza rəyinə uyğun olaraq həyata keçirmək.

Maddə 11. ƏMTQ sahəsində bələdiyyələrin vəzifələri
11.1. ƏMTQ sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:
11.1.1. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə, həmin fəaliyyətə dair ƏMTQ-nin həyata keçirilməsində iştirak etmək;
11.1.2. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə həmin ərazidə yaşayan fiziki və həmin ərazidə fəliyyət göstərən hüquqi şəxslərin, habelə daşınmaz əmlak mülkiyyətçilərinin, habelə qeyri-hökumət təşkilatlarının, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin tələbi ilə ictimai ekoloji ekspertizanın təşkilində onlara kömək etmək;
11.1.3. nəzərdə tutulan fəaliyyətin ekoloji ekspertiza rəyinə uyğun həyata keçirilməsinin təmin edilməsində iştirak etmək;
11.1.4. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə ƏMTQ-yə dair ictimai dinləmələrin keçirilməsində iştirak etmək.

Maddə 12. ƏMTQ sahəsində sifarişçinin vəzifələri və hüquqları
12.1. ƏMTQ sahəsində sifarişçinin vəzifələri aşağıdakılardır:
12.1.1. nəzərdə tutulan fəaliyyəti bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə həyata keçirmək;
12.1.2. nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ aparılmasını təmin etmək;
12.1.3. nəzərdə tutulan fəaliyyətə dair sənədləri aidiyyatı dövlət orqanlarına təqdim etmək;
12.1.4. nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan əhalini və ictimaiyyəti bu barədə kütləvi informasiya vasitələri və ictimai dinləmələr vasitəsi ilə fəaliyyyətə başlamazdan əvvəl məlumatlandırmaq və ƏMTQ nəticələri ilə tanış etmək;
12.1.5. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı onun transsərhəd təsiri müəyyən edildikdə, həmin fəaliyyətlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələlərini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunmasını təmin etmək;
12.1.6. ƏMTQ üzrə qiymətləndiriciyə bu Qanuna uyğun olaraq xidmət haqqı ödəmək;
12.1.7. dövlət ekoloji ekspertizasının aparılmasını "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirmək;
12.1.8. aidiyyətı dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə nəzərdə tutulan fəaliyyət barədə zəruri materialları, məlumatları və hesablamaları təqdim etmək;
12.1.9. nəzərdə tutulan fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının ekoloji ekspertiza rəyinə müvafiq olaraq həyata keçirmək.
12.2. ƏMTQ sahəsində sifarişçinin hüquqları aşağıdakılardır:
12.2.1. müvafiq icra hakimiyyəti orqanından ƏMTQ sahəsində normativ hüquqi aktlar, o cümlədən texniki normativ hüquqi aktlar barədə məlumat almaq, metodiki təlimatlarla tanış olmaq üçün götürmək;
12.2.2. ƏMTQ üzrə qiymətləndiricidən ƏMTQ sənədinin bu Qanuna uyğun olaraq hazırlanmasını tələb etmək;
12.2.3. ekoloji ekspertizanın "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilməsini müvafiq icra hakimiyyəti orqanından tələb etmək;
12.2.4. ekoloji ekspertizanın nəticələri və müvafiq icra hakimiyyəti orqanının ekoloji ekspertiza rəyi ilə tanış olmaq;
12.2.5. müvafiq icra hakimiyyəti orqanının ekoloji ekspertizası rəyindən inzibati qaydada və məhkəməyə şikayət vermək.

Maddə 13. ƏMTQ və SEQ sahəsində fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının vəzifələri və hüquqları
13.1. ƏMTQ sahəsində fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının vəzifələri aşağıdakılardır:
13.1.1. ƏMTQ və SEQ-lə bağlı ictimai dinləmələrin keçirilməsi zamanı bu Qanunun və "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək;
13.1.2. ƏMTQ və SEQ-lə bağlı ictimai ekoloji ekspertizanı "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;
13.1.3. ictimai ekoloji ekspertizanın nəticələri barədə ictimaiyyəti, müvafiq icra hakimiyyəti orqanını, bələdiyyəni, sifarişçini, planlaşdırıcı orqanı məlumatlandırmaq.
13.2. ƏMTQ və SEQ sahəsində fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları aşağıdakı hüquqlara malikdirlər:
13.2.1. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi ilə bağli müvafiq icra hamiyyəti orqanından və bələdiyyələrdən məlumat əldə etmək;
13.2.2. ƏMTQ və SEQ-lə bağlı ictimai dinləmələrin keçirilməsini sifarişçidən və planlaşdırıcı orqandan tələb etmək;
13.2.3. nəzərdə tutulan fəaliyyətə dair ekoloji ekspertiza rəyi ilə tanış olmaq və onun icrasını tələb etmək;
13.2.4. nəzərdə tutulan fəaliyyət bu Qanunun tələbləri pozulmaqla həyata keçirildikdə, inzibati qaydada və məhkəməyə şikayət vermək.

FƏSIL 5
YEKUN MÜDDƏALAR

Maddə 14. ƏMTQ sahəsində mübahisələrin həlli
ƏMTQ sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 16. Ətraf mühitə təsirin qiymətləndirməsi sahəsində beynəlxalq əməkdaşlıq
15.1. ƏMTQ sahəsində beynəlxalq əməkdaşlığın əsas məqsədi dövlətlərin öz təbii sərvətləri üzərində suveren hüquqlarının qorunması, informasiya və təcrübə mübadiləsinin təmin edilməsi, nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi nəticəsində ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahəsində regional və qlobal problemlərin yaranmasının qarşısının alınmasında onların birgə iştirakının təmin edilməsidir.
15.2. ƏMTQ sahəsində beynəlxalq əməkdaşlıq ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirilir.

Maddə 17. ƏMTQ sahəsində nəzarət
17.1. ƏMTQ sahəsində nəzarət dövlət və ictimai nəzarət formalarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
17.2. ƏMTQ sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
17.3. ƏMTQ sahəsində ictimai nəzarət, dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq, fiziki şəxslər və vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü əsasında təşkil olunur və həyata keçirilir.

 


Azərbaycan Respublikasının Prezidenti

 


"Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında" Azərbaycan Respublikasının
2017-ci il "______"________ tarixli

_____ nömrəli Qanununa

 Əlavə

Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan
fəaliyyət növlərinin siyahısı

1. Karbohidrogen ehtiyatlarının mənimsənilməsi, hasilatı və nəqlinə dair layihələr.

2. Neft və qaz emalı zavodlarının layihələndirilməsi.

3. Neft, qaz və ya kimyəvi məhlulların nəqli üçün uzunluğu 20 km və daha çox, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi.

4. Neft, neft-kimya və kimyəvi məhsullar üçün əsas anbar obyektlərinin layihələndirilməsi.

5. Gücü 300 MVt və ya daha çox istilik gücünə malik istilik elektrik stansiyalarının, eləcə də gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksəkgərginlikli elektrik xətlərinin layihələndirilməsi.

6. Atom elektrik stansiyaları və digər nüvə reaktorları, habelə elektrik stansiyalarının layihələndirilməsi.

7. Metallurgiya zavodlarının layihələndirilməsi.

8. Kimyəvi məhsulların istehsalı sahələrinin layihələndirilməsi.

9. Tikinti materiallarının istehsalı sahələrinin layihələndirilməsi.

10. Magistral avtomobil yollarının, dəmiryol xətlərinin (vaqonların yuyulması və təmizlənməsi stansiyaları da daxil olmaqla) layihələndirilməsi.

11. Hava limanlarının layihələndirilməsi.

12. Dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi.

13. Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı, habelə bu məqsədlə qurğuların, poliqonların layihələndirilməsi.

14. İstehsalat və məişət məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələr.

15. Hündürlüyü 15 metr və daha yüksək olan bəndlərin, su anbarlarının və rezervuarların layihələndirilməsi.

16. Çay hövzələri arasında su resurslarının bölüşdürülməsi üzrə layihələr.

17. Ərazi planlaşdırılması sənədlərinin layihələndirilməsi.

18. Şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi.

19. Su mənbələrindən istifadə (istifadənin həcmi 10 mln. kubmetrdən artıq olduqda), eləcə də uzunluğu 20 km-dən, diametri 500 mm və daha çox su boru kəmərlərinin layihələndirilməsi.

20. Sahəsi 1000 ha-dan çox olan meliorasiya sistemləri, eləcə də magistral suvarma kanalları və kollektorların layihələndirilməsi.

21. Kağız və sellüloz istehsalı sahələrinin layihələndirilməsi.

22. Tikinti materialları yataqlarının mənimsənilməsi və istismarı layihələri.

23. Dağ-mədən fəaliyyəti üzrə metal filizlərinin sahədə çıxarılması, hasilatı, işlənilməsi və emalı layihələri.

24. Sənaye məhsullarının istehsalı sahələrinin layihələndirilməsi.

25. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi.

26. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış quşçuluq və heyvandarlıq məhsulları istehsalı müəssisələrinin layihələndirilməsi.

27. İri istehsal təyinatlı müəssisələrin (texnoparkların) layihələndirilməsi.

28. Maşınqayırma sənayesi müəssisələrinin layihələndirilməsi.

29. Su fonduna aid zonalarda irimiqyaslı tikinti layihələri (süni adaların yaradılması və s.).

30. Böyük ərazilərdə meşələrin irimiqyaslı qırılması və ya irimiqyaslı meşəsalma fəaliyyəti üzrə layihələr.

31. Bərpa olunan enerji mənbələrindən (külək, geotermik, bioqaz və s.) istifadə üzrə layihələr.

32. Yeni metro stansiyalarının, körpülərin, tunellərin layihələndirilməsi.

33. İri miqyaslı kənd təsərrüfatı, habelə balıqçılıq (o cümlədən, akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələr.

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi