31.05.2018 Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında

Ikinci oxunuş 

LAYİHƏ

Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə və 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə uyğun olaraq, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra - ƏMTQ) - nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin aşkar edilməsi, təhlili, aradan qaldırılması və ya azaldılması, habelə həmin fəaliyyətin həyata keçirilməsinə və ya keçirilməməsinə dair qərarın qəbul edilməsi məqsədi ilə bu fəaliyyət növlərinin kompleks (sosial-iqtisadi, ekoloji) təhlili əsasında ətraf mühitə və insan sağlamlığına təsirinin müəyyənləşdirilməsi;
1.1.2.ƏMTQ sənədi - ətraf mühitə və insan sağlamlığına təsirin qiymətləndirilməsinin nəticələri barədə hesabat;
1.1.3. strateji ekoloji qiymətləndirmə (bundan sonra SEQ) - ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin aşkarlanması, qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin ekoloji təhlükəsizlik baxımından sistemli qiymətləndirilməsi;
1.1.4.SEQ sənədi - strateji ekoloji qiymətləndirmənin nəticələri barədə hesabat;
1.1.5.ƏMTQ üzrə qiymətləndirici - bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, ekologiya, ətraf mühit, təbii ehtiyatlar və iqtisadiyyat sahələrinin hər hansı biri üzrə ali təhsilə malik, ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan və nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirini müəyyən etmək məqsədi ilə ƏMTQ və SEQ sənədlərini hazırlayan şəxs;
1.1.6.ƏMTQ üzrə təşkilat - bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, ƏMTQ və SEQ üzrə qiymətləndirməni aparan (təşkil edən) ixtisaslaşmış hüquqi şəxs;
1.1.7.sifarişçi - nəzərdə tutulan fəaliyyəti bu Qanunla müəyyən edilmiş tələblərə uyğun həyata keçirən dövlət orqanları və qurumları, fiziki və ya hüquqi şəxslər;
1.1.8. strateji sənədlər - bu Qanunun 7.1.1-ci maddəsində göstərilən sahələr üzrə plan, proqram, strategiya və konsepsiyalar;
1.1.9. planlaşdırıcı orqan - strateji sənədləri hazırlayan dövlət orqanları, dövlət qurumları və bələdiyyələr;
1.1.10. nəzərdə tutulan fəaliyyət - bu Qanuna Əlavədə göstərilən ətraf mühitə mənfi təsiri ehtimal olunan təsərrüfat fəaliyyəti və başqa fəaliyyət növləri;
1.1.11. ətraf mühitə mümkün təsirin normaları (hədləri) - ətraf mühitin keyfiyyət göstəricilərinin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması üçün "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən limitlər və kvotalar;
1.1.12. ekoloji risk - ətraf mühitin vəziyyətinə və insan sağlamlığına təbii və antropogen təsirlərin başvermə ehtimalı;
1.1.13. transsərhəd təsir - nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi nəticəsində digər dövlət və ya dövlətlərin ərazisində ətraf mühitə və insan sağlamlığına gözlənilən mənfi təsir.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, "Ətraf mühitin mühafizəsi haqqında" və "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunları və digər müvafiq normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.

Maddə 2. Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Ətraf mühitin mühafizəsi haqqında" və "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının mülki, şəhərsalma və tikinti qanunvericiliklərindən, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

Maddə 3. Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədi və prinsipləri
3.1. ƏMTQ-nin əsas məqsədi bu Qanuna Əlavədə göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir.
3.2. Ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində əsas prinsiplər aşağıdakılardır:
3.2.1. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsi;
3.2.2.nəzərdə tutulan fəaliyyətin ekoloji təhlükəsizliyinə dair məlumatların düzgünlüyü, şəffaflığı və etibarlılığı;
3.2.3.ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunub saxlanması;
3.2.4. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirinin qəbul edilmiş normaları aşmaması;
3.2.5. mümkün ekoloji nəticələrin elmi proqnozlaşdırılması və ekoloji risk səviyyəsinin qiymətləndirilməsi;
3.2.6. ƏMTQ-nin aparılmasında aşkarlıq, əhalinin məlumatlandırılması və ictimai rəyin nəzərə alınması;
3.2.7. ƏMTQ və SEQ sahəsində beynəlxalq əməkdaşlıq;
3.2.8. ƏMTQ və SEQ-in həyata keçirilməsində dövlət və bələdiyyə orqanlarının, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması;
3.2.9. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin və ictimai nəzarətin təmin edilməsi.

2-ci fəsil
ƏTRAF MÜHİTƏ TƏSİRİN QİYMƏTLƏNDİRİLMƏSİ

Maddə 4. ƏMTQ-nin aparılması xüsusiyyətləri
4.1. ƏMTQ yalnız nəzərdə tutulan fəaliyyət növlərinə münasibətdə məcburi qaydada həyata keçirilir. ƏMTQ digər fəaliyyət növlərinə münasibətdə könüllüdür və təşviq olunur.
4.2. ƏMTQ, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətlərdə aparılır.
4.3. ƏMTQ nəzərdə tutulan fəaliyyətin layihələndirilmə mərhələsində sifarişçi tərəfindən həyata keçirilir. Sifarişçi ƏMTQ-nin nəticəsinə dair ƏMTQ sənədini dövlət ekoloji ekspertizasının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
4.4. Sifarişçi nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ-ni müvafiq icra hakimiyyəti orqanı ilə ilkin məsləhətləşmələrdən sonra aparır. İlkin məsləhətləşmələr qiymətləndirmənin məzmununun, həcminin və metodlarının əvvəlcədən müəyyənləşdirilməsi, ƏMTQ sənədində əks olunacaq məlumatların dolğunluğu və düzgünlüyünün təmin edilməsi məqsədi ilə aparılır.
4.5. Müvafiq icra hakimiyyəti orqanı sifarişçinin təqdim etdiyi ƏMTQ sənədini "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji ekspertizadan keçirir, ekspertizanın nəticəsindən asılı olaraq ona rəy verir və həmin rəyi rəsmi internet səhifəsində yerləşdirir.
4.6. Sifarişçi nəzərdə tutulan fəaliyyətlə bağlı ƏMTQ sənədini və ekoloji ekspertiza rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
4.7. Nəzərdə tutulan fəaliyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərdə həyata keçirildikdə, həmin fəaliyyətə dair ƏMTQ müvafiq icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə aparılır.
4.8. ƏMTQ bu Qanunun, "Ekoloji təhlükəsizlik haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası qanunlarının, ətraf mühitin mühafizəsi sahəsində digər normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələbləri və aşağıdakılar nəzərə alınmaqla aparılır:
4.8.1.təbiətdən səmərəli istifadə və onun bərpası, istehsal və xidmət prosesində yaranan tullantıların təkrar istifadəsi, onların kompleks emalı, utilizasiyası;
4.8.2. tullantı sularının təmizlənməsinin təmin edilməsi, müəyyən olunmuş həddə təmizlənməmiş bu cür suların təbii və süni su axarlarına (tutarlarına) və yerin relyefinə axıdılmasının qarşısını almaqla, onların texniki ehtiyaclar üçün istifadəsi;
4.8.3. nəzərdə tutulan fəaliyyət nəticəsində əmələ gələn istehsalat və məişət - fekal tullantı sularının idarə olunmasının təmin edilməsi;
4.8.4. atmosfer havasına atılan çirkləndiricilərin təyini və yayılma areallarının müəyyənləşdirilməsi;
4.8.5. nəzərdə tutulan fəaliyyətin yaşayış massivlərinə və ekoloji həssas ərazilərə, o cümlədən tarixi abidələrə təsirinin öyrənilməsi;
4.8.6. su, torpaq, atmosfer havası, meşə, bitki və heyvanlar aləmi, yerin təkindən faydalı qazıntılar və digər təbii ehtiyatlardan istifadənin əsaslandırılması;
4.8.7. torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin statusunun qorunması;
4.8.8. əhalinin və ətraf mühitin antropogen mənşəli fiziki, kimyəvi və bioloji faktorların zərərli təsirlərindən mühafizəsini təmin edən tədbirlərin hazırlanması;
4.8.9.nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirinin intensivliyi, müddəti, hədləri və dövriliyi;
4.8.10. əlverişli materiallardan (xammaldan) istifadə, enerjiyə qənaət, texnoloji itkiləri və enerji sərfini azaldan, həmçinin az tullantılı və ya tullantısız, ekoloji standartlara cavab verən ən səmərəli texnologiyaların tətbiqi.
4.9. ƏMTQ zamanı nəzərdə tutulan fəaliyyətin aşağıdakı təbii komponent və sahələrə təsiri qiymətləndirilir:
4.9.1.atmosfer havasına;
4.9.2.yerüstü və yeraltı sulara;
4.9.3.su tutarlarının dib səthinə;
4.9.4.təbii və süni landşaftlara;
4.9.5.yerin təkinə və torpaq qatına;
4.9.6.bitki və heyvanlar aləminə;
4.9.7.ekoloji sistemlərin vəziyyətinə və bioloji müxtəlifliyə;
4.9.8.ekoloji həssas ərazilərə;
4.9.9.əhalinin sağlamlığına;
4.9.10. sosial-iqtisadi sahəyə (məşğulluğa, təhsilə, səhiyyəyə, yol-nəqliyyat və mühəndis infrastrukturuna);
4.9.11. maddi və mədəni irsə;
4.9.12. iqlim dəyişmələrinə.
4.10. Sifarişçi ƏMTQ apararkən nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərlə, habelə daşınmaz əmlak mülkiyyətçiləri ilə "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai dinləmələr keçirməlidir. Bu zaman ƏMTQ "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlarla və ya qanunla qorunan digər məlumatlarla bağlı olduqda ictimai dinləmələrin keçirilməsinə yol verilmir və bu barədə müvafiq fiziki və hüquqi şəxslərə, vətəndaş cəmiyyəti institutlarına kütləvi informasiya vasitələri ilə məlumat verilir.
4.11. Bu Qanunun 4.10-cu maddəsinə uyğun olaraq keçirilmiş ictimai dinləmənin yekun sənədinə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
4.12. ƏMTQ və SEQ müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər (ƏMTQ üzrə qiymətləndirici) tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla aparılır.
4.13. İxtisas attestatı almaq üçün fiziki şəxs və ya onun işlədiyi hüquqi şəxs (ƏMTQ üzrə təşkilat) qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin həqiqiliyini yoxlayır, müraciət edəni qiymətləndiricilərin reyestrinə daxil edir və ixtisas attestatını 5 (beş) iş günü müddətində verir.
4.14. ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
4.15. Bu Qanunun 4.12-ci maddəsində nəzərdə tutulan ixtisas attestatının forması və verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
4.16. ƏMTQ üzrə təşkilat və onu təmsil edən ƏMTQ üzrə qiymətləndirici ƏMTQ və SEQ sənədlərinin sifarişçisinin tabeliyində ola bilməz.
4.17. Müvafiq icra hakimiyyəti orqanı ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrində olan aşağıdakı məlumatları rəsmi internet səhifəsində yerləşdirir:
4.17.1. ƏMTQ üzrə təşkilatın adı, təşkilati-hüquqi forması və ƏMTQ fəaliyyətinin həyata keçirildiyi ünvan;
4.17.2. ƏMTQ üzrə qiymətləndiricinin adı, atasının adı, soyadı və ünvanı;
4.17.3. ixtisas attestatının nömrəsi, verilmə və qüvvədə olma tarixi;
4.17.4. ƏMTQ və ya SEQ üzrə Qanunun 4.9-cu maddəsində göstərilən qiymətləndirmə sahələri;
4.17.5. ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.
4.18. ƏMTQ üzrə qiymətləndirici ilə sifarişçinin münasibətləri, eləcə də ƏMTQ üzrə qiymətləndiriciyə ödəniləcək xidmət haqqının məbləği ƏMTQ üzrə təşkilatla və ya qiymətləndiricinin özü ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında tənzimlənir.
4.19. Bu Qanun qüvvəyə minənədək həyata keçirilən fəaliyyət ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmuşdursa, həmin fəaliyyətlə bağlı obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ aparılmır, lakin həmin fəaliyyətə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sənədlərdə (atılabilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) mövcud qanunvericiliyin, ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilə bilər.
4.20. Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.
4.21. Nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ aparılarkən həmin fəaliyyətin müəyyən edilən transsərhəd təsirinin qiymətləndirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun tənzimlənir.

Maddə 5. ƏMTQ sənədi
5.1. ƏMTQ sənədi ən azı 3 (üç) ƏMTQ üzrə qiymətləndirici qrupu tərəfindən hazırlanır. Qiymətləndiricilər qrupu milli və (və ya) beynəlxalq mütəxəssislərdən ibarət ola bilər.
5.2. ƏMTQ sənədi anlaşılan dildə tərtib edilməli, nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitin ilkin vəziyyətini, ətraf mühitə və insan sağlamlığına mümkün potensial təsirləri, onların aradan qaldırılması yollarını və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi üzrə tövsiyələri müəyyən etməli, giriş və nəticə hissələrindən ibarət olmalıdır.
5.3. ƏMTQ sənədinə bu Qanunun 4.8-ci və 4.9-cu maddələrində göstərilənlərlə yanaşıaşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
5.3.1. nəzərdə tutulan fəaliyyətin təsviri, məqsədi, mərhələləri, ətraf mühitə təsirinin növləri və ekoloji risk səviyyəsinin qiymətləndirilmə üsulları;
5.3.2. ƏMTQ sənədinin hazırlanması zamanı istinad edilən normativ hüquqi baza;
5.3.3. nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin sosial-iqtisadi inkişaf perspektivləri;
5.3.4. nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin mövcud ekoloji vəziyyətinin və həssaslığının qiymətləndirilməsi;
5.3.5. nəzərdə tutulan fəaliyyət nəticəsində ətraf mühitin vəziyyətində yarana biləcək dəyişikliklərin və onların nəticələrinin proqnozlaşdırılması;
5.3.6. ƏMTQ-nin həcmi müəyyən edilərkən nəzərdə tutulan fəaliyyətin transsərhəd təsiri aşkar edildiyi halda transsərhəd təsirlərin qiymətləndirilməsi;
5.3.7. nəzərdə tutulan fəaliyyətə dair ən azı iki alternativ variant (həmin fəaliyyətdən imtina variantı daxil olmaqla), habelə tətbiq olunan ən səmərəli texnoloji alternativlərin ekoloji əsaslandırılması;
5.3.8. fövqəladə və qəza halları üzrə ekoloji risklərin proqnozlaşdırılması;
5.3.9. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsinin bütün mərhələlərində ətraf mühitin mühafizəsi tədbirləri, habelə ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin qarşısının alınması, azaldılması və yumşaldılması tədbirləri;
5.3.10. nəzərdə tutulan fəaliyyətin bütün mərhələləri üzrə ətraf mühitin idarə olunması planı;
5.3.11. ətraf mühitin monitorinqi planı;
5.3.12. istismar müddəti başa çatdıqdan sonra ərazinin reablitasiya planı;
5.3.13. ictimai dinləmələrə və müzakirələrə dair məlumatlar.
5.4. Nəzərdə tutulan fəaliyyət yerin təkindən istifadə ilə bağlı olduqda ƏMTQ sənədinə geoloji və hidrogeoloji əsaslandırma məlumatları da əlavə edilməlidir.

3-cü fəsil
STRATEJİ EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏ

Maddə 6. Strateji ekoloji qiymətləndirilmənin məqsədi
6.0. Strateji ekoloji qiymətləndirilmənin məqsədi aşağıdakılardan ibarətdir:
6.0.1.ətraf mühitdən səmərəli istifadənin, ətraf mühitin davamlı inkişafının və ekoloji təhlükəsizliyin təmin edilməsi, potensial zərərli ekoloji təsirlərin planlaşdırma mərhələsində qarşısının alınması;
6.0.2.ƏMTQ-nin və dövlət ekoloji ekspertizasının planlaşdırma mərhələsində effektivliyinin təmin edilməsi.

Maddə 7. Strateji ekoloji qiymətləndirilmənin obyektləri və əhatə dairəsi
7.1. Strateji ekoloji qiymətləndirilmənin obyektləri aşağıdakılardır:
7.1.1.kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin layihələri;
7.1.2.ərazi planlaşdırılması sənədlərinin layihələri;
7.1.3.ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələr.
7.2. Fövqəladə hallar, dövlətin müdafiəsi, habelə maliyyə və büdcə məsələləri ilə bağlı strateji sənədlərə SEQ tətbiq edilmir.
7.3. SEQ aparılmış strateji sənədlərdə dəyişikliklər edilməsi zərurəti yarandıqda planlaşdırıcı orqan həmin dəyişikliklərin mahiyyətini və həcmini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, onlara münasibətdə SEQ-in aparılması və ya aparılmaması barədə qərar qəbul edir. Planlaşdırıcı orqan tərəfindən SEQ-in aparılması barədə qərar qəbul edildikdə, SEQ sənədinin hazırlanması və ekoloji ekspertiza rəyinin alınması ilə bağlı bu Qanunun 8-ci maddəsinin müddəaları tətbiq olunur.
7.4. SEQ aparılmamış strateji sənədlərdə dəyişikliklər edilməsi zərurəti yaranarsa, həmin dəyişikliklərin mahiyyəti və həcmindən asılı olaraq planlaşdırıcı orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla onlara münasibətdə SEQ-in aparılması barədə qərar qəbul edildikdə, SEQ bu strateji sənədlərə münasibətdə bütövlükdə aparılır. Bu halda SEQ sənədinin hazırlanması və ekoloji ekspertiza rəyinin alınması ilə bağlı bu Qanunun 8-ci maddəsinin müddəaları tətbiq edilir.

Maddə 8. Strateji ekoloji qiymətləndirilmənin aparılması xüsusiyyətləri
8.1. SEQ prosesi strateji sənəd üzrə potensial təsirlərin həcminin müəyyən olunması, mümkün təsirlərin təhlili və qiymətləndirilməsi, nəticələr üzrə ətraf mühitin mühafizəsi tədbirlərinin müəyyən edilməsi və SEQ sənədinin tərtib olunması, müvafiq icra hakimiyyəti orqanları ilə ilkin məsləhətləşmələrin aparılması, habelə ictimai dinləmələrin təşkili və planlaşdırıcı orqan tərəfindən nəticələr üzrə müvafiq yekun əsaslandırmanın hazırlanmasından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarvermə və nəticələrin monitorinqi mərhələsindən ibarətdir.
8.2. SEQ-nin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8.3. SEQ strateji sənədlərin hazırlanması mərhələsində planlaşdırıcı orqan tərəfindən aparılır. SEQ-in nəticələrinə dair SEQ sənədi "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji ekspertizadan keçirilməsi üçün planlaşdırıcı orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
8.4. Planlaşdırıcı orqan bu Qanunun 4.4-cü maddəsində göstərilən məqsədlərə nail olmaq üçün SEQ-lə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə ilkin məsləhətləşmələr aparır.
8.5. SEQ-in aparılması ilə bağlı ictimai dinləmələr bu Qanunun 4.10-cu və 4.11-ci maddələrinin tələblərinə uyğun təşkil olunur.
8.6. Müvafiq icra hakimiyyəti orqanı planlaşdırıcı orqanın təqdim etdiyi SEQ sənədini "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji ekspertizadan keçirir, ekspertizanın nəticəsindən asılı olaraq rəy verir və həmin rəyi rəsmi internet səhifəsində yerləşdirir.
8.7. Planlaşdırıcı orqan SEQ sənədini və SEQ-in nəticələri üzrə verilən ekoloji ekspertiza rəyini, habelə strateji sənədin layihəsində onun tərəfindən nəzərə alınan və alınmayan əsaslandırılmış yekun təkliflərini müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
8.8. SEQ sənədi bu Qanunun 5.1-ci maddəsinə uyğun olaraq hazırlanır.
8.9. SEQ sənədinin hazırlanmasına görə xidmət haqqı planlaşdırıcı orqan tərəfindən bu Qanunun 4.18-ci maddəsinə uyğun olaraq ödənilir.
8.10. SEQ sənədinə aşağıdakılar barədə məlumatlar daxil edilir:
8.10.1. strateji sənədin məzmunu, əsas məqsədləri və onun digər strateji sənədlərlə əlaqəsi;
8.10.2. strateji sənəd və SEQ üzrə istinad edilən normativ hüquqi baza;
8.10.3. strateji sənədin beynəlxalq və milli səviyyədə qəbul edilən ətraf mühit və davamlı inkişaf hədəflərinə uyğunluğu;
8.10.4. strateji sənədin təsir dairəsinə aid edilən ərazidə ətraf mühitin mövcud vəziyyəti;
8.10.5. strateji sənədin icrası ilə əlaqədar potensial təsir mənbələri və onların ətraf mühitə və insan sağlamlığına mümkün təsirləri;
8.10.6. strateji sənəddə nəzərdə tutulan hədəflər və təkliflər üzrə alternativ variantların seçiminin ekoloji səmərəliliyinin əsaslandırılması;
8.10.7. potensial təsirlərin təhlili, onların qarşısının alınması, azaldılması və yumşaldılması tədbirləri;
8.10.8. ictimai dinləmələrin və müzakirələrin nəticələri.

4-cü fəsil
ƏMTQ və SEQ SAHƏSİNDƏ İDARƏETMƏ

Maddə 9. ƏMTQ və SEQ sahəsində dövlətin vəzifələri
9.0. ƏMTQ sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
9.0.1. ƏMTQ və SEQ sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
9.0.2. ƏMTQ və SEQ sahəsində normativ hüquqi aktları hazırlamaq və qəbul etmək;
9.0.3. ƏMTQ və SEQ sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
9.0.4. ƏMTQ-nin və SEQ-in aparılması sahəsində dövlət nəzarətini təşkil etmək və həyata keçirmək.

Maddə 10. Planlaşdırıcı orqanın vəzifələri
10.0. Planlaşdırıcı orqanın vəzifələri aşağıdakılardır:
10.0.1. strateji sənədlərə dair SEQ-in aparılmasını təmin etmək;
10.0.2. SEQ-in aparılması ilə əlaqədar ictimai dinləmələri təşkil etmək;
10.0.3. strateji sənədlərə dair SEQ sənədinin dövlət ekoloji ekpertizasından keçirilməsini təmin etmək;
10.0.4. strateji sənəd üzrə layihələri ekoloji ekspertiza rəyinə uyğun olaraq həyata keçirmək.

Maddə 11. ƏMTQ sahəsində bələdiyyələrin vəzifələri
11.0. ƏMTQ sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:
11.0.1. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə, həmin fəaliyyətə dair ƏMTQ-nin aparılmasında iştirak etmək;
11.0.2. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə ƏMTQ sənədinin hazırlanması üçün tələb olunan zəruri məlumatları təqdim etmək;
11.0.3. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə həmin ərazidə yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərin, daşınmaz əmlak mülkiyyətçilərinin, habelə qeyri-hökumət təşkilatlarının, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin müraciətinə əsasən ictimai ekoloji ekspertizanın təşkilində və keçirilməsində onlara kömək etmək;
11.0.4. nəzərdə tutulan fəaliyyətin ekoloji ekspertiza rəyinə uyğun həyata keçirilməsinin təmin olunmasında iştirak etmək;
11.0.5. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə ƏMTQ-yə dair ictimai dinləmələrin keçirilməsində iştirak etmək.

Maddə 12. ƏMTQ sahəsində sifarişçinin hüquqları və vəzifələri
12.1. ƏMTQ sahəsində sifarişçinin hüquqları aşağıdakılardır:
12.1.1. müvafiq icra hakimiyyəti orqanından ƏMTQ sahəsində müvafiq normativ hüquqi aktlar, o cümlədən texniki normativ hüquqi aktlar, metodiki təlimatlar barədə məlumat almaq;
12.1.2. ƏMTQ üzrə qiymətləndiricidən ƏMTQ sənədinin bu Qanuna uyğun olaraq hazırlanmasını tələb etmək;
12.1.3. müvafiq icra hakimiyyəti orqanından ekoloji ekspertizanın "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilməsini tələb etmək;
12.1.4. ekoloji ekspertizanın nəticələri və müvafiq icra hakimiyyəti orqanının ekoloji ekspertiza rəyi ilə tanış olmaq;
12.1.5. müvafiq icra hakimiyyəti orqanının ekoloji ekspertizası rəyindən inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət vermək.
12.2. ƏMTQ sahəsində sifarişçinin vəzifələri aşağıdakılardır:
12.2.1. nəzərdə tutulan fəaliyyəti bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə həyata keçirmək;
12.2.2. nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ aparılmasını təmin etmək;
12.2.3. nəzərdə tutulan fəaliyyətə dair sənədləri aidiyyəti dövlət orqanlarına təqdim etmək;
12.2.4. nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan əhalini və ictimaiyyəti fəaliyyyətə başlamazdan əvvəl kütləvi informasiya vasitələri və ictimai dinləmələr vasitəsi ilə məlumatlandırmaq və ƏMTQ nəticələri ilə tanış etmək;
12.2.5. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı müəyyən edilən transsərhəd təsirlərin qiymətləndirilməsinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun tənzimlənməsini təmin etmək;
12.2.6. ƏMTQ üzrə qiymətləndiriciyə bu Qanuna uyğun olaraq xidmət haqqı ödəmək;
12.2.7. dövlət ekoloji ekspertizasının aparılmasını "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirmək;
12.2.8. aidiyyəti dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə nəzərdə tutulan fəaliyyət barədə zəruri materialları, məlumatları və hesablamaları təqdim etmək;
12.2.9. nəzərdə tutulan fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının ekoloji ekspertiza rəyinə müvafiq olaraq həyata keçirmək.

Maddə 13. ƏMTQ və SEQ sahəsində fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının hüquqları və vəzifələri
13.1. ƏMTQ və SEQ sahəsində fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları aşağıdakı hüquqlara malikdirlər:
13.1.1. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi ilə bağli müvafiq icra hamiyyəti orqanından və bələdiyyələrdən məlumat əldə etmək;
13.1.2. ƏMTQ və SEQ-lə bağlı ictimai dinləmələrin keçirilməsini sifarişçidən və planlaşdırıcı orqandan tələb etmək;
13.1.3. nəzərdə tutulan fəaliyyətə dair ekoloji ekspertiza rəyi ilə tanış olmaq və onun icrasını tələb etmək;
13.1.4. nəzərdə tutulan fəaliyyət bu Qanunun tələbləri pozulmaqla həyata keçirildikdə, inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət vermək.
13.2. ƏMTQ sahəsində fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının vəzifələri aşağıdakılardır:
13.2.1. ƏMTQ və SEQ-lə bağlı ictimai dinləmələrin keçirilməsi zamanı bu Qanunun və "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək;
13.2.2. ƏMTQ və SEQ-lə bağlı ictimai ekoloji ekspertizanı "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;
13.2.3. ictimai ekoloji ekspertizanın nəticələri barədə ictimaiyyəti, müvafiq icra hakimiyyəti orqanını, bələdiyyəni, sifarişçini, planlaşdırıcı orqanı məlumatlandırmaq.

5-ci fəsil
YEKUN MÜDDƏALAR

Maddə 14. ƏMTQ sahəsində mübahisələrin həlli
ƏMTQ və SEQ sahəsində mübahisələr inzibati qaydada və (və ya) məhkəmə qaydasında həll edilir.

Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 16. Ətraf mühitə təsirin qiymətləndirməsi sahəsində beynəlxalq əməkdaşlıq
16.1. ƏMTQ sahəsində beynəlxalq əməkdaşlığın əsas məqsədi dövlətlərin öz təbii sərvətləri üzərində suveren hüquqlarının qorunması, informasiya və təcrübə mübadiləsinin təmin edilməsi, nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi nəticəsində ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahəsində regional və qlobal səviyyəli mənfi təsirlərin qarşısının alınmasında onların birgə iştirakının təmin edilməsidir.
16.2. ƏMTQ sahəsində beynəlxalq əməkdaşlıq ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirilir.

Maddə 17. ƏMTQ sahəsində nəzarət
17.1. ƏMTQ sahəsində nəzarət dövlət və ictimai nəzarət formalarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
17.2. ƏMTQ sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
17.3. ƏMTQ sahəsində ictimai nəzarət, dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq, fiziki şəxslər və vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə təşkil olunur və həyata keçirilir.

 


Azərbaycan Respublikasının Prezidenti

 

"Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında" Azərbaycan Respublikasının
2018-ci il "___"__________ tarixli ______nömrəli Qanununa

Əlavə 

Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan
fəaliyyət növlərinin

SİYAHISI

1. Karbohidrogen ehtiyatlarının axtarışı, kəşfiyyatı, işlənməsi, hasilatı və nəqlinə dair layihələr.

2. Neft və qaz emalı zavodlarının layihələndirilməsi.

3. Neft, qaz və ya kimyəvi məhlulların nəqli üçün uzunluğu 20 km və daha çox, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi.

4. Neft, neft-kimya və kimyəvi məhsullar üçün əsas anbar obyektlərinin layihələndirilməsi.

5. Gücü 300 MVt və daha çox olan istilik elektrik stansiyalarının, eləcə də gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksək gərginlikli elektrik xətlərinin layihələndirilməsi.

6. Atom elektrik stansiyalarının və nüvə reaktorları olan digər obyektlərin layihələndirilməsi.

7. Gücü 10 MVt-dan çox olan su elektrik stansiyalarının layihələndirilməsi;

8. Metallurgiya müəssisələrinin (zavodlarının) layihələndirilməsi.

9. Kimyəvi məhsulların istehsalı sahələrinin layihələndirilməsi.

10. Tikinti materiallarının (o cümlədən sement) istehsalı sahələrinin layihələndirilməsi.

11. Magistral avtomobil yollarının, dəmiryol xətlərinin (vaqonların yuyulması və təmizlənməsi stansiyaları da daxil olmaqla) layihələndirilməsi.

12. Hava limanlarının layihələndirilməsi.

13. Dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli və ağırlığı 1350 tondan yuxarı olan gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi.

14. Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələndirilməsi.

15. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələr.

16. Hündürlüyü 15 metr və daha yüksək olan su bəndlərinin, su anbarlarının və başqa su tutumlarının (rezervuarların) layihələndirilməsi.

17. Çay hövzələri arasında su resurslarının bölüşdürülməsi üzrə layihələr.

18. Ərazi planlaşdırılması sənədlərinin layihələndirilməsi.

19. Şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi.

20. Su mənbələrindən istifadə (il ərzində istifadənin həcmi 10 mln. kubmetrdən artıq olduqda), eləcə də uzunluğu 20 km-dən, diametri 500 mm və daha çox olan su boru kəmərlərinin layihələndirilməsi.

21. Əhatə etdiyi sahə 1000 ha-dan çox olan irriqasiya və meliorasiya sistemləri, eləcə də magistral suvarma kanalları və kollektorların layihələndirilməsi.

22. Kağız və sellüloz istehsalı müəssisələrinin layihələndirilməsi.

23. Tikinti materialları yataqlarının mənimsənilməsi və istismarı layihələri.

24. Dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan metal) filizlərinin yataqlardan çıxarılması, hasilatı, işlənilməsi və emalı layihələri.

25. Emal istiqamətli istehsal sahələrinin layihələndirilməsi.

26. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi.

27. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin layihələndirilməsi.

28. İri istehsal təyinatlı sənaye müəssisələrinin (texnoparkların) layihələndirilməsi.

29. Texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin layihələndirilməsi.

30. Su fonduna aid zonalarda irimiqyaslı tikinti layihələri (süni adaların, qurğuların yaradılması və s.).

31. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması və ya irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələr.

32. Külək elektrik stansiyalarının (külək generatorları parkları) layihələndirilməsi;

33. Bərpa olunan digər enerji mənbələrindən (günəş, geotermal, bioqaz və s.) istifadə üzrə irimiqyaslı layihələr.

34. Yeni metro stansiyalarının, körpülərin, tunellərin layihələndirilməsi.

35. İrimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələr.

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi