01.05.2018 “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

1092-VQD

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq   q ə r a r a    a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311; № 10, maddə 1771, № 11, maddə 1962, № 12, I kitab, maddələr 2242, 2269; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli və 23 fevral tarixli 1018-VQD nömrəli qanunları) 2-ci maddəsində “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi”yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı;”

Maddə 2. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may 2018-ci il
№ 1092-VQD

 

 

Azərbaycan Respublikasının
2018-ci il 1 may tarixli
1092-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir


“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”
Azərbaycan Respublikasının yubiley medalı haqqında

Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan Respublikasının
2018-ci il 1 may tarixli
1092-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir


“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”
Azərbaycan Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli dalğavari konturlu, diametri 40 mm olan, üzərində ikitərəfli hamar şüalı səkkizguşəli ulduz yerləşdirilmiş lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində dalğavari səkkizguşəli konturlu hissəsində, səkkizguşəli ulduzun guşələrinin arasında kontur xətləri təsvir olunmuşdur.
2.2. Səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşir. Xarici və daxili konturların arasında yuxarı qövs boyunca “Azərbaycan Xalq Cümhuriyyəti” sözləri, aşağı qövs boyunca mərkəzdə 3 mm diametri bir səkkizguşəli ulduz, ondan sol və sağ tərəflərdə hər birinin diametri 2 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzların və ulduzlarla sözlərin arasında kompozisiyanı tamamlayan xətlər vardır.
2.3. Dairəvi lövhənin daxili konturunun içərisində doğan günəş şüaları üzərində aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzdan sol tərəfdə “1918”, sağ tərəfdə “2018” rəqəmləri yazılmışdır. Ayparanın daxilində “100” rəqəmi həkk olunmuşdur. Bütün elementlər, yazılar və kontur xətləri, relyefli olaraq, qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfi hamar səthlidır, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 42 mm x 15 mm ölçülü bant şəklində bükülmüş, üzərində hər birinin eni 5 mm olmaqla, Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən üfüqi zolaqlar təsvir edilmiş ipək lentə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. İpək lentin mərkəzində 17 mm x 22,5 mm ölçülü altıbucaqlı lövhə bərkidilir. Lövhənin üzərində günəş şüaları fonunda aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Lövhənin sol və sağ tərəfləri kontur boyunca palıd çələngləri formasında işlənmişdir. Günəş şüaları, aypara, ulduz və palıd çələngləri relyefli olaraq, qabarıqdır.
4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni ipək lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. Qəlibin mərkəzinə diametri 8 mm olan, üzərində aypara və səkkizguşəli ulduz təsvir olunmuş dairəvi lövhə bərkidilir.

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi