MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

19/06/17

İyunun 19-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasitinin başcıllıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonağı salamlayaraq, ümidvar olduğunu bildirdi ki, bu səfər ölkələrimizarası əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Yüksək statuslu rəsmilərin qarşılıqlı səfərləri, əməkdaşlıq üzrə müntəzəm məsləhətləşmələrin aparılması münasibətlərimizin dərinləşməsi baxımından xüsusi önəm kəsb edir.
Əlaqələrimizin daha da möhkəmlənməsi üçün ölkələrimiz arasında hüquqi sənədlərin imzalanması vacib məsələlərdəndir. Biznes forumların keçirilməsi, səfərlərin mütəmadi xarakter daşıması, ümumi işin xeyrinə olardı.
Görüşdə Sədr bildirdi ki, bu gün ölkəmiz yerləşdiyi regionda söz sahibi olan, sürətlə inkişaf edən müstəqil bir dövlətdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Azərbaycanın enerji daşıyıcıları sahəsində əhəmiyyətli rol oynadığının bariz göstəricisidir. TANAP və TAP kimi iri regional qaz layihələrinin reallaşması isə göstərir ki, Azərbaycan bütün dünyada mühüm enerji təminatçılarından biridir.
Biz münasibətlərimizin dərinləşməsi üçün parlametlərarası əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Son illər beynəlxalq siyasi arenada parlament diplomatiyasının əhəmiyyəti kifayət qədər artmışdır. Bu baxımdan, deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsində böyük fayda verə bilər. Düşünürük ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı genişləndirmək hər iki tərəfin maraqlarına cavab verir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasit burada gördüklərindən və aparılan danışıqlardan məmnun qaldığını söylədi. Ölkəsinin Xarici İşlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq Laosun Azərbaycanla həyatın bütün sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı.
O, bildirdi ki, hələ sovetlər dönəmində Laosla Azərbaycan arasında təhsil sahəsində sıx əlaqələr mövcud olmuşdur. Heç də təsadüfü deyildir ki, Bakının ali təhsil ocaqlarında təhsil almış laoslular bu gün hökumətdə təmsil olunmuşlar. Onlar Laosun inkişafına öz layiqli töhfələrini verirlər.
İnanırıq ki, yaxın gələcəkdə əlaqələrimiz siyasi, iqtisadi, elm, təhsil və mədəni sahələrdə, o cümlədən parlamentlər səviyyəsində keyfiyyətcə yeni səviyyəyə yüksələcəkdir.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Vyetnam Sosialist Respublikasında və eyni zamanda Laos Xalq Demokratik Respublikasında səfiri Anar İmanov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi