MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

12/03/18

Martın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonaqları səmimi salamlayaraq, bildirdi ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT PA ilə əlaqələrin  inkişafına böyük önəm verir. Təqdirəlayiq haldır ki, qonağın təmsil etdiyi qurumla münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Spiker ümidvar olduğunun bildirdi ki,  ATƏT PA sədrinin ölkəmizə budəfəki səfəri ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Görüşdə qeyd edildi ki, dinamik inkişaf edən Azərbaycan bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Ölkəmizin  iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin və nəqliyyat marşrutlarının inkişafı üçün əməli addımlar atılmaqdadır. Məlum olduğu kimi, Azərbaycan tərəfinin təşəbbüsü ilə ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu yaradılmışdır. Əgər qrup yaranan vaxt 17 ölkə bu qurumun üzvü idisə, bu gün onların sayı 22-yə çatmışdır. Bu, Avropa ölkələrinin Azərbaycanın təşəbbüsünə göstərdiyi böyük marağın nəticəsidir.
Sədr ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq konfransının Bakıda keçirilməsini heç də təsadüfi hesab etmədi. Bildirildi ki, “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda Beynəlxalq Bakı Konfransında müzakirə olunacaq məsələlər təkcə qrup üzvü olan ölkələr üçün deyil, həm də bütövlükdə ATƏT məkanında yerləşən dövlətlər üçün  böyük iqtisadi əhəmiyyət kəsb edir.
Qəbulda Azərbaycanın prezident seçkiləri ərəfəsində olduğuna diqqət çəkən Sədr ATƏT nümayəndələrinin bu mühüm əhəmiyyətli siyasi prosesdə müşahidəçi qismində iştirak etmələrini müsbət dəyərləndirdi.  Bildirildi ki, hüquqi, dünyəvi, demokratik yolla inamla addımlayan Azərbaycanda insan  hüquq və azadlıqlarının qorunmasına, vətəndaşların öz iradələrini azad şəkildə ifadə etməsinə böyük önəm verilir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT PA-nın sədri Georgi Tsereteli ölkəmizə səfərindən  və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi.  O, Azərbaycan nümayəndə heyətinin ATƏT PA-dakı fəaliyyətini yüksək dəyərləndirərək, Bakıda keçiriləcək beynəlxalq  konfransın əhəmiyyəti barədə müsbət fikirlər söylədi. Qeyd edildi ki, Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupu bu tarixi yol üzərində müasir nəqliyyat infrastrukturunun qurulmasına böyük maraq göstərir. Bu, təkcə region xalqları üçün deyil, ATƏT-ə üzv dövlətlərin hamısı üçün böyük önəm daşıyır.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin müavini, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova, ATƏT PA-nın sədr müavini, millət vəkili Azay Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.

*     *     *

Martın 12-də Milli Məclisdə keçirilən görüşlərdən sonra ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli KİV nümayəndələri ilə görüşdü.
Səfər çərçivəsində ölkəmizdə keçirdiyi görüşlər barədə fikirlərini açıqlayan Georgi Tsereteli martın 13-də  “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda Beynəlxalq Bakı Konfransının əhəmiyyətindən danışdı.
Sonda qonaq jurnalistləri maraqlandıran suallara ətraflı cavablar verdi.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi