AZƏRBAYCAN-İSVEÇRƏ ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

13/03/18

Martın 13-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyası Federal Assambleyasının Azərbaycanla Parlamentlərarası dostluq qrupunun rəhbəri Filippo Lombardini qəbul etdi.
Sədr qonağı səmimi salamlayaraq dedi ki, Azərbaycan İsveçrə ilə dost və tərəfdaş ölkələrdir.  Dövlətlərimiz və parlamentlərimiz arasındakı sıx münasibətlər günbəgün inkişaf etməkdədir. Sevindirici haldır ki, əməkdaşlığımızın daha da dərinləşməsi üçün qarşılıqlı siyasi iradə vardır.  Bu, özünü dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərində, aparılan danışıqlarda göstərməkdədir.
Sədr qeyd etdi ki, qonağın Milli Məclislə dostluq qrupunun rəhbəri kimi ölkəmizə səfəri və Bakıda keçirilən ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında iştirakı böyük əhəmiyyət kəsb edir. Sədr ölkəmizin müsəlman Şərqində ilk Demokratik Respublika olan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılmasının 100 illiyi ərəfəsində olduğunu dedi. İlk parlamentin fəaliyyəti barədə qonağa məlumat verdi.
Bildirildi ki, bu il aprelin 11-də müstəqil Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Seçkiləri müşahidə etmək üçün nüfuzlu beynəlxalq qurumların nümayəndələri də ölkəmizə dəvət olunmuşlar. Sədr bu mühüm siyasi kampaniyanın azad və demokratik şəkildə keçirilməsi üçün lazım olan hər cür şəraitin olduğunu bildirdi.
Söhbətdə  qeyd edildi ki, ölkəmizlə İsveçrə arasında iqtisadi münasibətlərdə müsbət dinamika müşahidə olunmaqdadır. Bu məqsədlə Hökumətlərarası Birgə Komissiya da yaradılmışdır.
Spiker ikitərəfli əlaqələrin inkişafında  parlamentlərin roluna diqqət çəkərək, bu sahədə dostluq qruplarının fəaliyyətini müsbət dəyərləndirdi. O, hər iki ölkə parlamentində belə qrupların fəaliyyət göstərməsini təqdir etdi. Bildirildi ki, qrup üzvlərinin qarşılıqlı səfərləri, beynəlxalq qurumlarda mütəmadi görüşləri parlamentlərarası münasibətlərin inkişafına öz müsbət təsirini göstərməkdədir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İsveçrə Konfederasiyası Federal Assambleyasının Azərbaycanla Parlamentlərarası dostluq qrupunun rəhbəri Filippo Lombardi  ölkəmizə səfər çərçivəsində  Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluq duyduğunu söylədi. Bildirildi ki, Azərbaycanın Qədim İpək Yolunun bərpası istiqamətində atdığı addımlar onlar tərəfindən yüksək dəyərləndirilir.  Konfransda müzakirə olunan məsələlər qarşıya qoyulan məqsədlərə çatmaq üçün önəmli rol oynayır.
Qonaq ölkəsinin Azərbaycanla həyatın müxtəlif sahələrində, o cümlədən parlamentlər səviyyəsində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söylədi. Bildirildi ki, İsveçrə parlamenti gələcəkdə də Milli Məclislə münasibətlərin daha da dərinləşməsi üçün gərəkli addımlar atmaq niyyətindədir.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf  perspektivləri, siyasi, iqtisadi, mədəni, elm, təhsil sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi, regional münaqişələrin  həlli barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi