MİLLİ MƏCLİSDƏ “AZƏRBAYCAN PARLAMENTARİZMİ TARİXİ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ

28/12/18

Dekabrın 28-də Milli Məclisdə “Azərbaycan parlamentarizmi tarixi” adlı ikicildlik kitabın təqdimat mərasimi keçirildi.

Mərasimdə Milli Məclisin Sədri Oqtay Əsədov, Sədrin birinci müavini Ziyafət Əsgərov, Sədr müavinləri Bahar Muradova və Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatları və KİV nümayəndələri iştirak edirdilər.
Parlamentin Spikeri Oqtay Əsədovun elmi məsləhətçiliyi və redaktorluğu,  Milli Məclisin Sədr müavini Bahar Muradovanın, deputat, AMEA-nın müxbir üzvü Musa Qasımlının, tarixçi-alim Vasif Qafarovun  müəllifliyi ilə  hazırlanan kitabın təqdimat mərasimini giriş sözü ilə Bahar Muradova açdı.
Vitse-spiker əvvəlcə qeyd  etdi ki,  2018-ci il  vacib və əhəmiyyətli 100 illik yubiley tədbirləri ilə zəngin olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli  Sərəncamından irəli gələn vəzifələri yerinə yetirərək bu il dövlətimiz, xalqımız, cəmiyyətimiz və bütün dünya azərbaycanlıları müsəlman Şərqində ilk parlamentli respublika olan müasir və dünyəvi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini hələ də qeyd etməkdədirlər. Tədbirlərdə bu yüz ildə əldə etdiyimiz uğurlar, rastlaşdığımız çətinliklər, bizim müqəddəs xəyallarımızın gerçəkliyə çevrilməsi istiqamətindəki səylərimizə qarşı yönəlmiş cəhdlər barədə çoxsaylı müzakirələr, diskussiyalar və dəyərləndirmələr aparılıb.
Dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin yüksək səviyyədə qeyd olunması üçün bütün lazımi addımları atıb. Azərbaycan parlamenti də Prezident İlham Əliyevin AXC-nin 100 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı tövsiyələrinə əməl edilməsi üçün  səylərini əsirgəmədi. Milli Məclisin Sədri Oqtay Əsədovun sərəncamı ilə yubileyə hazırlıq üzrə təşkilat komitəsi yaradıldı, bu tədbirlər yüksək səviyyədə keçirildi və görülən işlərin nəticələri barədə ictimaiyyətə geniş məlumat verildi.
Bahar Muradova “Azərbaycan parlamentarizmi tarixi” kitabının önəmini vurğulayaraq qeyd etdi ki, kitab üzərində il yarım iş gedib. Kitabın tədqiqat obyekti Azərbaycan xalqının qədimdən keçdiyi yol, qərarların qəbulu ənənəsi, bu ənənələrin formalaşması  üsulları, AXC-nin yaranması, Sovet dövrü, həmin dövrdə dəyişən şərtlər çərçivəsində  və 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycan parlamentinin keçdiyi yoldur. Həmmüəlliflər olaraq məqsədimiz Azərbaycanda tarixən qərarların qəbul edilməsi ənənəsini öyrənmək, parlamentin dövlət idarəçiliyi sistemində tutduğu yeri, oynadığı rolu dəyərləndirmək, eləcə də bu günə qədər bu sahədəki elmi-nəzəri tədqiqatları  özündə əks etdirən, ümumiləşmiş tədqiqat əsəri ortaya qoymaq idi.
Kitabın birinci cildi qədim dövrdən 1991-ci ilə qədər olan dövrü, ikinci cildi isə 1991-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir. Kitab bu sahədə olan nailiyyətləri özündə birləşdirən ümumiləşmiş bir əsərdir və hesab edirəm ki, gələcəkdə çoxsaylı  elmi-tədqiqat əsərlərinin yaradılması üçün əhəmiyyətli baza olacaq. 
Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək söylədi ki, Azərbaycan Prezidenti İlham Əliyevin AXC-nin 100 illiyinin qeyd olunması və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları bizim dövlətçilik tariximizə dövlət səviyyəsində verilən yüksək qiymətin ifadəsidir və dövlət səviyyəsində cümhuriyyət qurucularının xatirəsinə ehtiramı ifadə edir. Mühüm siyasi və tarixi əhəmiyyətə malik olan bu  sənədlərə əsasən ölkədə və dünyada genişmiqyaslı tədbirlər həyata keçirildi.
İsa Həbibbəyli həmin tədbirlərin içərisində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclası və təqdimatı olan “Azərbaycan parlanentarizmi tarixi” kitabının işıq üzü görməsini mühüm hadisə kimi dəyərləndirdi. Komitə  sədri dedi ki, əsər Azərbaycanda mili parlamentarizmin tarixinə və ənənələrin inkişaf yoluna işıq saldığı üçün böyük tarixi əhəmiyyətə malikdir.
Millət  vəkili, akademik Yaqub Mahmudov çıxışında vurğuladı ki, bu kitabın təqdimatı elmə, millətin tarixinə dövlət münasibətinin parlaq nümunəsidir. Əsərin yaranması ulu öndər Heydər Əliyevin tariximizlə əlaqədar verdiyi fərmanlardan, tariximizin yenidən yazılması, xalqımızın məruz qaldığı soyqırımlar və deportasiyaların yenidən işlənməsi zərurətindən yaranıb. Bünövrəsi ulu öndər  tərəfindən qoyulan tarix elminin inkişafını cənab Prezident Ilham Əliyev də daim diqqət mərkəzində saxlayır. Dövlətin yeritdiyi bu siyasət Azərbaycan parlamentində ardıcıllıqla həyata keçirildi.
Sonra  deputat Hikmət Babaoğlu kitabın mühüm dövrləri əhatə etdiyini, Azərbaycan prezidentinin AXC-nin yubileyi ilə bağlı imzaladığı sərəncamda əksini tapan müddəalara əsasən ardıcıllıqla  yazıldığını diqqətə çatdırdı. O, qeyd  etdi ki, kitabda tarixi məsələləri, onların əhatəli və sistematik şərhini, hadisələrin analitik təhlilini görürük, 100 il boyunca qərar qəbul edən siyasi liderlərin düşüncələri ilə tanış oluruq.
Təqdimatın sonunda  kitabın həmmüəllifləri  deputat, tarixçi-alim Musa  Qasımlı  və AMEA-nın aparıcı elmi işçisi Vasif Qafarov çıxış edərək bildirdilər ki, bu il Azərbaycan xalqı ölkədə müstəqil dövlət yaradılmasının 100 illiyini uğurla yola  salır.  AXC-nin yaradılmasının 100 illiyinə gözəl töhfə olan bu  kitabın  hazırlanması  prosesi bizim üçün də  olduqca  xoş oldu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi