OQTAY ƏSƏDOV: “AZƏRBAYCAN-LİTVA ƏLAQƏLƏRİ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYUR”

07/11/19

Noyabrın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikası Seyminin Sədri Viktoras Prantkietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sədr qonaqları salamlayaraq bildirdi ki,  Azərbaycanla Litva dost və tərəfdaş ölkələrdir. Münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir.  Gələn il diplomatik əlaqələrimizin 25 ili tamam olacaq. Bu gün əldə edilən uğurlar sayəsində Azərbaycan Litva münasibətləri yeni mərhələyə qədəm qoyur. Əməkdaşlığımızın bu səviyyəyə çatmasında ölkə Prezidentlərinin rolu böyükdür.
Yüksək səviyyəli görüşlər artıq bir ənənə halı almışdır. Bu günədək iki ölkə arasında 39 sənəd imzalanmış, 10-u üzərində iş davam etdirilir. Siyasi münasibətlərimiz iqtisadi sahəyə də öz müsbət təsirini göstərir. Bu sahədə əlaqələrimizin gücləndirilməsində biznes forumlarının keçirilməsi müsbət rol oynaya bilər. Hökumətlərarası birgə Komissiyanın fəaliyyəti də böyük önəm kəsb edir.
Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkələrdən birinə çevrilmişdir. Ölkəmizin reallaşdırdığı qlobal neft və qaz layihələri Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan mühüm nəqliyyat qovşaqlarının keçdiyi bir coğrafi məkan kimi də cəlbedicidir. Litva ilə mədəni, humanitar sahələrdə əməkdaşlılığımız da təqdirə layiqdir.
Spiker qeyd etdi ki, xalqlarımızın bir-birinə yaxınlaşmasında parlamentlərin rolu danılmazdır. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri və görüşləri intensiv xarakter almalıdır. Nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq qurumlarda tez-tez təmasda olur, onları düşündürən məsələlər ətrafında müzakirələr aparırlar.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Viktoras Prantskietis təmsil etdiyi ölkənin Cənubu Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini, həyatın ən müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğuladı. Bildirildi ki, parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişlənməsi, deputatların qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Qəbulda parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları  və digər məsələlər ətrafında danışıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Kamran Nəbizadə, hər iki ölkənin səfirləri Tamerlan Qarayev, Egidiyus Navikas və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi