2018-ci il 24 aprel tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ

PROTOKOLU № 64

Milli Məclisin iclas salonu.
24 aprel 2018-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 98
Yetərsay 83

 İclasa dəvət olunmuşlar:

Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
Mehman Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)  Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
Faiq Ağayev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Adil Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)  Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsi müdirinin müavini.
Nəcəf Tağıyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun  müdiri.

 * * *

İdris İsayev, Azərbaycan Respublikası  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Elnur Süleymanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri.
Dürdanə Mirzəyeva, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci səsvermə).
2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
3. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Məşğulluq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci səsvermə).

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Elmira Süleymanova, Tahir Kərimli, Əflatun Amaşov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

3. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, İsa Həbibbəyli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Fərəc Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

11. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 88
Nəticə: Qəbul edildi

13. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

15. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan  Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

17. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”  Azərbaycan  Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

18. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

19. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Əli Məsimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

20. Məşğulluq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli, Jalə Əliyeva,  İdris İsayev

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

24 aprel  2018-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 108
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Gündəliyə bir məsələ də əlavə olunub, “Müflisləşmə və iflas haqqında” Qanun da gündəlikdədir. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə101
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir102
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu.
Hörmətli millət vəkilləri, öncə, qeyd edim ki, bizim bir neçə həmkarımız təzə hökumətə keçib. İcazə verin, bu münasibətlə cənab Prezidentə Milli Məclis üzvlərinə göstərdiyi böyük etimada görə öz dərin minnətdarlığımızı bildirək və onların hamısını təbrik edək.  (Alqışlar.)
Gündəliyin birinci məsələsinə keçirik. Bilirsiniz ki, bu, Konstitusiya Qanunudur. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında  dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu ikinci səsverməyə çıxarılır. Xahiş edirəm, səsvermədə diqqətli olaq. Buyursun Əli Hüseynli. 
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun, cənab Sədr. Sizin qeyd etdiyiniz kimi, sonuncu referendumdan sonra Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklərə gətirib çıxardı. Biz bunu Konstitusiya Qanunu ilə qəbul etmişik, həm Milli Məclisdə, həm də komitədə Naxçıvan Muxtar Respublikası nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub. Ancaq Konstitusiyaya görə Konstitusiya Qanunu 6 aydan sonra yenidən səsverməyə qoyulmalıdır və hörmətli millət vəkillərindən səsvermədə diqqətli olmağı xahiş edirəm. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə101
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 2-ci məsələsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqındadır. Buyursun hörmətli Elmira xanım Süleymanova. 
E.Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hamınızı salamlayıram və hər birinizə uğurlar arzulayıram. Artıq illik məruzəm qabaqcadan tanış olmaq üçün sizlərə paylanıb.  Sizə təqdim olunan məruzə hörmətli Bahar xanımın rəhbərlik etdiyi İnsan hüquqları komitəsində dinlənilib. İcazə verin, 2017-ci ildəki fəaliyyətimlə bağlı qısa məlumatı diqqətinizə çatdırım.
Ən əvvəl ədalətli və şəffaf şəkildə keçirilmiş seçkilərdə cənab İlham Əliyevin xalqımızın dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə hamınızı bir daha təbrik edirik. Andiçmə mərasimində cənab Prezident öz proqram xarakterli çıxışında həm ölkədaxili, həm də beynəlxalq xarici siyasətin həlledici nəticələrindən və gələcək üçün ölkəmizin prioritet məsələlərindən danışdı. O cümlədən insan hüquqlarının daha səmərəli təmin olunması məsələsini əhatə etdi. Sabahı gün isə 1997-ci il avqustun 2-dək respublikamızın ərazi bütövlüyü uğrunda həlak olanların və hərbi əməliyyatlarla əlaqədar itkin düşənlərin ailələrinə birdəfəlik ödənişin verilməsi haqqında sənəd imzaladı. Bu, xalqımız üçün çox gözlənilən sənəd idi və hamı tərəfindən çox böyük minnətdarlıqla qarşılandı. 
Yeni formalaşmış hökumətin üzvlərini də təbrik edirəm. Azərbaycanın dayanıqlı inkişaf yolundakı fəaliyyətlərində onların hər birinə uğurlar arzulayıram. Bütün dünyanın iqtisadi böhran keçirdiyi bir zamanda respublikamızda hərtərəfli dinamik inkişaf davam etdirilmiş, regional və dünya əhəmiyyətli proqramlar, o cümlədən sivilizasiyalararası və multikulturalizm dialoqları, İslam Həmrəyliyi İli keçirildi. Bu sahədə beynəlxalq tədbirlər uğurlu oldu. Güclü, sabit və dayanıqlı idarəetmənin təmin edilməsinə, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, korrupsiyaya şərait  yaradan halların aradan qaldırılmasına xidmət edən tədbirlər insan hüquqlarının səmərəli təmin edilməsində böyük rol oynamışdır. İnsan rifahına xidmət edən sosialyönümlü bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişaf etdirilməsi 221  min yeni, o cümlədən 277 min daimi iş yerinin açılması ilə müşahidə olundu. Bununla da işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,4 faizə qədər endi.
Ermənistanın işğalından azad edilmiş Cocuq Mərcanlı ölkə Prezidentinin tapşırığı ilə yenidən quruldu. Əgər ilk günlərdə, yəni təmas xəttində olduğum 2016-cı ildə mən orada dəhşətli dağıntılar görmüşdümsə, bu gün Cocuq Mərcanlıya kim getsə, orada qaynar həyatın şahidi olacaq. Elə bil burada heç o hadisələr olmayıb. Hər sahədə qaynar həyatın şahidi olacaqlar. Müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalətlilik və qərəzsizlik prinsipləri əsasında qurduğumuz fəaliyyətimizdə, ümumilikdə, 167 mindən bir qədər çox, amma təkcə 2017-ci ildə isə 18400 müraciət, şikayət ərizəsi almışıq. Bunların da 62 faizi təmin olunmuşdur.
Fəaliyyətim dövründə əhali qruplarının problemlərinin həllinə yönəlmiş 600-dən çox təklif irəli sürülmüş və bizim saytımızda yerləşdirilmişdir. Onların da yarıdan çoxu artıq icra edilmiş, qanunvericilik aktları və proqram sənədlərində nəzərə alınmış, dövlət qurumlarının cari fəaliyyətində həllini tapmışdır. Pozulmuş hüquqların bərpası və insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədi ilə dövlət qurumları ilə  səmərəli əməkdaşlığımız qurulmuş və bu əməkdaşlıq şəraitində fəaliyyət göstərmişik. Birgə monitorinqlər, araşdırmalar aparmışıq. Əvvəlki illə müqayisədə müraciətlərin yalnız sayında deyil, strukturunda da böyük dəyişikliklər olmuşdur. Belə ki, mülkiyyət hüququ ümumi müraciətlərin sayında 13 faiz, hüquq və azadlıqların inzibati məhkəmə təminatı  hüququ təxminən  6 faiz, əmək hüququ isə 4,9 faizdir. Mülkiyyət hüququ ilə bağlı müraciətlərdə, əsasən, mülkiyyətdə olan əmlakın məhkəmə qərarı olmadan sökülməsi, evin və ya torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zamanı əvəzinə vaxtında kompensasiyanın verilməməsi, xüsusi mülkiyyətdə və ya daimi istifadədə olan torpaq sahələrinin tikinti  məqsədləri üçün ayrılması mənfi hal, əvvəllər verilmiş torpaq payları və fərdi torpaq sahələri barədə bir sıra məlumatların qüvvədə olan vahid bazada işlənməsi isə müsbət bir hal olmuşdur.  Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ ilə bağlı müraciətlər, məhkəmə qərarlarından narazılıq, məhkəmədə işə baxılma haqqında vaxtında tərəflərə məlumat verilməməsi, iştirakçılara qarşı süründürməçilik halları narazılıqla qarşılanmışdır. Məhkəmə qərarının bəzən tərəflərə vaxtında göndərilməməsi, eyni zamanda, həmin o insanları ikinci dəfə təkrar məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. Məhkəmə qərarlarının icrasına gəlincə, bunlar əsas etibarilə borcların, o cümlədən boşanmalar artdıqca alimentlərin ödənilməməsidir. Eyni zamanda, çoxluq təşkil edən məsələ məhkəmə qərarlarının icrasının vaxtında təmin olunmaması, burada da süründürməçiliyə və subyektivliyə yol verilməsidir. 
Nəhayət, aliment üzrə borclara münasibətdə cərimə cəzasının və ya inzibati  həddin tətbiqi  də məsələni həll etmədi, əksinə, daha da ağırlıq yaratdı. Çünki həmin insan müvəqqəti saxlama yerində və yaxud da cəzaçəkmə müəssisəsində saxlanılırsa, deməli, qazanc əldə etmək, əmək haqqı almaq imkanını itirir. Eyni zamanda, belə hallar  məhkəmə qərarının icrası göstəricilərinə də mənfi təsir göstərir. Odur ki, zənnimcə, alimentin ödənilməsinə dəstək məqsədi ilə nəhayət, aliment fondunun və ya başqa səmərəli mexanizmin yaradılması vacibdir. Çünki neçə ildir, bu aliment fondunun söhbəti gedir, amma təmin olunmur. Yəqin ki, burada başqa səmərəli  mexanizmin tətbiq edilməsi zəruridir. 
Sosial təminat hüququ, o cümlədən pensiyaların yenidən hesablanması, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın verilməsi, əlilliyin təyin edilməsi ilə bağlı müraciətlər araşdırılmış və əksər hallarda bunlar öz həllini tapmışdır. Məşğulluq orqanları tərəfindən vətəndaşlara təklif edilən iş yerləri bir çox hallarda əmək haqqı çox az olduğuna və yaxud da yaşayış yerindən çox uzaq olduğuna görə istifadə olunmur. Belə hallarda vətəndaşlar artıq ünvanlı dövlət sosial yardımı almaq hüququndan da məhrum olurlar. Əhalinin aztəminatlı hissəsinin yardımlardan yararlanması məqsədi ilə qanunvericilik yenə də təkmilləşdirilməlidir. Bilirsiniz ki, vaxtilə 17 sənəd istəyirdilərsə, indi əsas etibarilə “ASAN xidmət” bunu xeyli sadələşdirib. Ancaq yenə də çətinliklər var. Çünki kompüter hər kəsə əlçatan deyil və yaxud özü anketləri doldura bilmir. Bəlkə bir  səbəbi də budur.
Nəhayət, əhalinin məşğulluğunun tətbiq olunması olduqca mühüm bir işdir. Zənnimcə, aktivlərin tətbiq olunması təqdirəlayiq bir haldır. Amma bu proqrama daha çox ailənin cəlb olunması tələb olunur.
Sağlamlığında ciddi problemləri olan 18 yaşına çatmamış uşaqlar üçün müraciət olunduğu gündən  tələb  edirlər ki, mütləq 6 ay keçməlidir, ancaq ondan sonra bu status onlara verilməlidir. Bu məsələyə də baxmaq lazımdır. Çünki belə yeniyetmələrin məşğulluq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina  edilmələri düzgün bir hal deyil.
Əmək hüququ ilə bağlı müraciətlərdə ödəmə qabiliyyəti olmayan bəzi özəl müəssisələr, ödəmə qabiliyyətini itirmiş strukturlar tərəfindən əmək haqqı borcunun ödənilməməsi, işdən qanunsuz azad etmə, işə bərpa olunmama və nəhayət, əmək müqaviləsinin bağlanmaması uzun illərdir ki, çoxluq təşkil edir. Biz də illik məruzələrdə göstəririk ki, bu hallar hələ də davam edir. Eyni zamanda, onların işinə xitam verilməsi qanun  pozuntusu kimi dəyərləndirilməlidir. Odur ki, ödəmə qabiliyyəti olmayan müəssisələrin işçilərə olan borcunun verilməsi üçün hüquqi mexanizmlərin yaradılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədi ilə işəgötürən tərəfindən ödənilən sosial sığorta ödənişinin faizinin azaldılması  məqsədli olardı. Ümumiyyətlə, kiçik və orta sahibkarların inkişafı, onların vergi yükünün azaldılması barədə bir dəfə bəyan olunub. Mən ümidvaram ki, bu, nəticəsini verəcək, çünki təqdirəlayiq haldır və burada da süründürməçiliyə yol verilməməlidir. Əmək Məcəlləsinə əsasən  dövlət müəssisəsinin 65 yaşına çatmış işçisinin çalışma müddəti ildə bir dəfə 1 il artırıla bilər. Amma bu, 1 il artırılır, 9 aydan sonra o biri 1 il gəlir çatır, yenə də əziyyət başlayır. Get-gəl, arayışlar topla. Ən azı belə etmək olardı ki, heç olmasa, birinci il 2 il versinlər, 2 ildən sona 1 il vermək artıq onların qərarı olsun. 
Birmənalı demək olar ki,  qeyd etdiyim bu istiqamətlərdə istər yeni normaların tətbiqi, istərsə də qanunvericiliyin təkmilləşdirilməsi  sahəsində böyük uğurlar əldə edilmiş və bu işlər davam etdirilməkdədir.  Mərkəzi dövlət qurumlarının rəhbərləri tərəfindən müxtəlif şəhər və rayonlarda qəbullar keçirilməsi, yerli insanların problemlərinin öyrənilməsi, bu problemlərin həll olunması üzrə tədbirlərin görülməsi bir müsbət təcrübə kimi davamlı xarakter almışdır. Lakin bununla yanaşı, ayrı-ayrı məmurların özbaşınalıq halları hələ də  müşahidə olunur. Bəzən məmurlar tərəfindən vəzifələrinin icrasına məsuliyyətlə yanaşılmaması, vətəndaşların qəbul olunmaması, müraciətlərə cavab verilməməsi və ya bu cavabın gecikdirilməsi, yaxud formal şəkildə verilməsi, əsaslandırılmaması, süründürməçiliyə yol verilməsi böyük narazılıqlara səbəb olur.
Aydındır ki, hər bir dövlət məmuru ölkə Prezidentinin göstərişlərinə uyğun olaraq öz vəzifə borcuna, qanunun aliliyinə və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına ciddi əməl etməlidir. Amma əfsuslar ki, belə pozuntular hələ də müşahidə olunur. Müvəkkil və əməkdaşlar, o cümlədən Milli Preventiv Qrupun əməkdaşları tərəfindən müəyyənləşdirilib ki, ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərdə bunların sayı 240-a qədərdir. Müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, ruhi xəstəxanalarda, ahılların, yəni müəyyən yaşa çatmış, özünü idarə edə bilməyən ahılların vəziyyəti öyrənilir. Başqa ölkələrdə mən belə rəqəm görməmişəm, xüsusən bizim qrupumuz 340–350 baxış keçirir. Bu zaman hər bir insanla təkbətək söhbət edilir, onun problemləri öyrənilir, bəzən bunlar öz problemlərini bir yana qoyub ailələrinin problemlərini qaldırırlar. Biz də çalışırıq ki, onlara  rahatlıq vermək və gərginliyi aradan qaldırmaq üçün ailə problemlərinə yardımçı olaq. Pozuntu aşkar edildiyi halda aradan qaldırılması üçün müəssisə rəhbərlərinə tövsiyə verilir, eyni zamanda, zəruri tədbirlər görülür və qanun pozuntusuna yol vermiş əməkdaşlar elə yerlərindəcə cəzalandırılırlar.
Fəaliyyətim dövründə vəsatətimlə 566 məhkum əfv edilmişdir. Bu, bir çox ölkələr üçün örnək olardı. Dəfələrlə cəzaçəkmə müəssisələrində yeni və müasir istehsalat sahələrinin genişləndirilməsini təklif etmişik. Bu da daha çox məhkumun islah olunmasına, onların əmək vasitəsilə bəd əməllərdən uzaqlaşdırılmasına, cinayət yolu ilə vurulmuş ziyanın, mülki iddialardan irəli gələn borcların ödənilməsinə, ailələrinə maddi yardım göstərilməsinə imkan verərdi. Bu da müsbət hal olardı. Bununla yanaşı, sahibkarlara güzəştlər tətbiq etməklə bu müəssisələrdə istehsal sahələrinin təşkil olunması və məhsulların satışının stimullaşdırılması mövcud problemlərin həllinə yardımçı olardı. Korporal sosial məsuliyyət prinsipi artıq bir çox ölkələrdə geniş istifadə olunur. Burada belə hallar var ki, bunlar verdikləri yardıma görə vergidən tam, ya qismən azad olunurlar. Bizdə də bir forma tapmaq lazımdır ki, buna əməl olunsun.
Nəhayət, insan hüquqlarının təmin edilməsi sahəsində, mühüm sahə olan penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcrid olunmadan alternativ cəza tədbirlərinin tətbiqi və genişləndirilməsi barədə ölkə Prezidentinin məlum sərəncamında nəzərdə tutulan tədbirlərin əhəmiyyətinə diqqət yönəltmək məqsədi ilə çoxsaylı tədbirlər keçirilmiş, bu tədbirlərdə bəzi millət vəkillərimiz, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media nümayəndələri iştirak etmişlər. Cinayətkarlığa qarşı mübarizə məqsədi ilə əhali arasında aparılan iş, dələduzluq əməllərinə qarşı tədbirlər daha da gücləndirilməlidir. İnsan hüquqlarının səmərəli təmin edilməsi istiqamətində müvəkkilin  prokurorluq və polis orqanları ilə əməkdaşlığının genişləndirilməsi nəticə etibarilə vətəndaşların qanuni maraqlarının müdafiəsinə xidmət etmişdir. Respublikanın şəhər və rayonlarında keçirdiyimiz tədbirlər çərçivəsində prokurorluq və polis əməkdaşları üçün maarifləndirmə işi aparılmış, tövsiyələr verilmişdir. Bunun nəticəsidir ki, xüsusilə seçki prosesində bir nöqtədə də olsun polis əməkdaşının müdaxiləsi müşahidə olunmadı. Rəsmi məlumata əsasən aparılmış xidməti yoxlamaların nəticəsi olaraq müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiyinə görə 27 polis və prokurorluq işçisi,  414 polis əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuşdur. İnformasiya əldə etmək azadlığının səmərəliliyini artırmaq məqsədi ilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016–2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda müvəkkilin informasiya əldə etməsi, qanuni tələblərdən irəli gələn vəzifələri yerinə yetirməsi və imkanlarının genişləndirilməsi ilə bağlı ombudsman təsisatı strukturunun təkmilləşdirilməsinə müəyyən maliyyə ayrılması da nəzərdə tutulmuşdur. İnformasiya əldə etməklə bağlı ünvanımıza daxil olmuş müraciətlər üzrə Konstitusiya Qanunu çərçivəsində tədbirlər görülür və hüquqlar təmin olunur. Sosial şəbəkələrdən istifadə zamanı müxtəlif şəxslərin özgə adlar altında başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə və görüntülərdən istifadə halları da narahatlıq törədir. Vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin, onların şərəf və ləyaqətinin pozulması hallarının qarşısının alınması məqsədəuyğundur. Sosial şəbəkələrdə istifadəçilərin hüquqlarının tənzimlənməsi də zəruridir.
Sağlamlığın  qorunması hüququna gəlincə, ölkə Prezidentinin tapşırığına əsasən əhali kütləvi qaydada tibbi müayinələrdən keçirilir. Bu hüquqla bağlı müraciətlərdə müalicənin dövlət tərəfindən keçirilməsi, imtiyazlı qrupdan olan şəxslərə dərman preparatlarının verilməsi, respublikadan kənarda müalicə olunması, xaricdən gətirilən preparatlarla təmin olunması məsələləri qaldırılır. Eyni zamanda, onu da demək istərdim ki, artıq neçə ildir, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş imtiyazlı, pulsuz, ödənişsiz verilən dərman siyahısına yenidən baxmaq lazımdır. Çünki bir çox dərmanlar artıq satışdan götürülmüşdür, amma o siyahı hələ də qalır. Həkim-xəstə münasibətlərinə ciddi yanaşılmalı, pasiyentlərin hüquqları təmin edilməli, habelə Reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi və müalicə prosesində qarşılıqlı vəzifələri müəyyən edən müqavilə sisteminə keçid sürətləndirilməli, tibbi sığorta şəbəkəsi gücləndirilməlidir. Nəhayət, əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı tibbi müəssisələr tərəfindən tibbi sosial ekspert komissiyalarına göndərilən elektron göndərişlər qaydalara müvafiq olmadığından düzgün doldurulmasından imtina olunur. Halbuki həkimin borcu və vəzifəsidir ki, qaydaları bilsin və qaydalara uyğun olaraq bunları doldursun.
Təhsil hüququnun səmərəli təmin edilməsi üzrə qanunvericilik aktlarının və yeni proqram sənədlərinin qəbul edilməsinə baxmayaraq, həllini gözlədiyimiz problemlər hələ də vardır. Uşaqlar birinci sinfə qəbul edilərkən qəbul prosesində pozuntulara yol verilir. Bu çox narahat edən bir haldır.  Dərsə davamiyyətə nəzarətin zəif təşkili, bilik səviyyəsi zəif olan uşaqların məktəbdən uzaqlaşdırılması da mənfi haldır. Dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması və onların mütəxəssislər tərəfindən yazılması çox mühüm bir prosesdir. Nəhayət, zəruri olmayan dərs vəsaitləri var. Biz öyrənmişik ki, hər fəndən bir dərsliyimiz olub. İndi çox hallarda müəllimə tapşırır ki, bu dərslikdən başqa gedin, filan kitabları da alın. 10 gündən sonra gəlir ki, onları deyil, bunları alın. Ailənin imkanı olmadığı üçün çətinliklər yaranır. Məktəbəqədər təhsil sahəsində olan müraciətlər göstərir ki, uşaq bağçalarında mövcud yerlərin sayı ehtiyacı olan uşaqların sayını heç cür ödəmir. Burada çox böyük fərq var. Yerlərdə məktəbəqədər təhsilə olan ehtiyacın düzgün qiymətləndirilməməsi, maddi-texniki avadanlığın, tədris ləvazimatının, ixtisaslı kadrların çatışmazlığı səbəbindən yerli icra hakimiyyəti tərəfindən, hətta kənd yerlərində məktəbəqədər təhsil müəssisələrinin ləğv edilməsi halları da müşahidə olunur, bunların qarşısı alınmalıdır. Kənd rayonlarındakı uşaq bağçalarının çoxunun təmirə böyük ehtiyacı var. Əgər şəhərin özündə, yaxud rayon mərkəzində təmir işləri başa çatıbsa da, kəndlərdə vəziyyət bir qədər ağırdır. Belə bir problem var ki, bir neçə kəndi birləşdiriblər, uşaqlar meşə ərazisi ilə ayaqla bir məktəbə gedirlər. Nəticəsi nə olur? Uşaqlar məktəbə getmirlər, proqramdan da geri qalırlar. Burada hansısa maşın olmalıdır ki, bunları yığsın, məktəbə aparsın. Bu, zəruridir.
Nəhayət, belə bir fikrimiz də var. Onu keçən il də səsləndirmişdim ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilməlidir. Bunlar icra hakimiyyətinin tabeliyində olanlardır. Məktəbə hazırlıq prosesi mövcud deyil. Dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan, amma maddi durumu yaxşı olmayan tələbələrin yataqxanalarda yerləşdirilməsi vacibdir. Çox vaxt bu, mümkün olmur. Ya orada məcburi köçkünlər yerləşdirilmiş olur, yaxud da ora yararlı vəziyyətdə olmur. Onlara, heç olmasa, aztəminatlı ailələrə təhsil haqqının ödənilməsində güzəştlər vermək lazımdır. Əks təqdirdə bir kurs və ya iki kurs oxumuş tələbə məcbur olub təhsildən kənarda qalır.
Mənzil hüququ ilə bağlı müraciətlərdə, əsasən, yerli icra hakimiyyəti tərəfindən fərdi mənzil tikintisi ilə bağlı süründürməçilik halları, qəzalı vəziyyətdə olan mənzillərlə bağlı hansısa tədbirlərin görülməməsi, təbii fəlakət nəticəsində dəyən ziyanın aradan qaldırılmaması, ətrafda aparılan tikinti işlərinin orada olan yaşayış binalarını qəzalı vəziyyətə salması, belə hallar kifayət qədər çoxdur. Ona görə bu tikintiyə icazə verən qurum da məsuliyyət daşımalıdır.
Ölkədə sosial mənzil fondunun yaradılması, Mənzil İnşası Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksinin tikilməsi, Hövsan yaşayış kompleksinin təməlinin qoyulması təqdirəlayiq hallardır. Bununla belə mənzil bazarındakı qiymətlər ehtiyacı olan şəxslərin böyük əksəriyyətinin imkanlarından kənardadır. Mənzil tikinti kooperativləri tərəfindən Tarif Şuranın tələblərinə uyğun olmayan kommunal normativlərinin özbaşına təyin olunması, sakinlərlə bağlanmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması halları da böyük narazılığa səbəb olur.
Sonra, məcburi köçkünlərin problemləri daim diqqətdə saxlanılır. Hətta burada biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə işlər aparırıq. Bununla bağlı yazılı surətdə var ki, Azərbaycanın bu işdə təcrübəsi bir çox ölkələr üçün örnək ola bilər. Bu çox real bir fikirdir. Nəhayət, həqiqi hərbi xidmətdə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın verilməsinin başa çatdırılması, eyni zamanda, bunlara real qiymətlərə uyğun mənzil üçün vəsait verilməsi əsas məsələlərdəndir. Rəqabət qabiliyyətinin artması, sahibkarlığın güclənməsi, eyni zamanda, onlara maliyyə və təşkilati dəstəyin verilməsi də günün vacib məsələlərindəndir. Məişət zorakılığı haqqında çox eşitmisiniz. Buna da fikir verilməlidir. Uşaqların, xüsusilə qızların icbari təhsildən kənarda qalması diqqət mərkəzində olmalıdır. Avropa Şurasının bir konvensiyası var ki, hökumətimiz bunu hələ 2008-ci ildə imzalayıb. Buna çox ehtiyac var. Bu, “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunması haqqında” Konvensiyadır.
Nəhayət, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası var, bu sahədə də çox təcrübəmiz olub. Ötən illərdə insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə yönəlmiş bir çox təkliflər öz həllini tapmışdır. Bununla belə, illik məruzələrimdə dəfələrlə irəli sürdüyüm, aidiyyəti dövlət qurumlarına göndərdiyim bir sıra təkliflər hələ də həllini tapmamışdır. Lakin ölkəmizin inkişaf səviyyəsi və maliyyə durumu nəzərə alınmaqla inanıram ki, bu məsələlər ilə bağlı irəli sürdüyüm təkliflər də tədricən öz həllini tapacaqdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. 20 dəqiqə istədiniz, düz yarım saat danışdınız, hövsələ ilə qulaq asdıq.
Buyurun, xahiş edirəm, müzakirələrə yazılın. Tahir Kərimli.
T.Kərimli. Sağ olun. Açığını deyim ki, bu məruzə çox yaxşı hazırlanıb. Əvvəlki məruzələrdə bəzən sadəcə, insan haqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən, görülən işlərdən danışılırdı. Qeydlər daha çox nəzərə çarpırdı. Amma indi bu məruzədə artıq müvəkkilin qaldırdığı məsələlərin, üstündə durduğu, təkid etdiyi məsələlərin digər orqanlar tərəfindən həlli istiqamətində tələblər və onların yerinə yetirilməsinə nəzarət də qoyulub. Ümumiyyətlə, mən görürəm ki, bir sıra məsələlər müvəkkil tərəfindən çox yaxşı qaldırılıb. Misal üçün, çox başağrısı olan mənzil-istismar sahələrinin ləğvi və onların hüquqlarının bələdiyyəyə verilməsi məsələsi. Mənzilə ehtiyacı olan vətəndaşların mənzillə təmin olunması, ipoteka krediti şərtlərinin yüngülləşdirilməsi,  uşaq televiziyasının açılmasının zəruriliyi, beynəlxalq konvensiyaların müəyyən müddəalarının Azərbaycanda tədricən ratifikasiya olunması və bir sıra bu kimi müsbət irəliləyişlər var. Eyni zamanda, vəkillərin sayının artırılması və bəzi sahələrdə tutarlı əsaslandırmalarla bağlı məsələ də qaldırılıb.
Mən hesab edirəm ki, bunların içərisində ən mühümlərindən biri işləyən pensiyaçıların məcburi dövlət sığorta haqqını ödəməkdən azad edilməsi və özəl tibb müəssisələrində nəzarətin gücləndirilməsidir. Digəri isə aztəminatlı ailələrin övladlarının təhsili ilə bağlı güzəştlərin müəyyən edilməsidir. Dediyim kimi sanballı, yaxşı təkliflər var. Ancaq Elmira xanım o qədər kübar xanımdır ki, bəzən tənqidi fikirlər demək istəmirsən. Komitədə bir neçə tənqidi fikir söylədiyimə görə təkrar etməyəcəyəm. Mən hesab edirəm ki, onlar nəzərə alınar. Ancaq başqa şeylər var. Mən ombudsmanın, müvəkkil xidmətinin işinin keyfiyyətini artırmaqdan ötrü o təklifi bir daha səsləndirmək istəyirəm. Bütün qanunlar və təbii ki, insan haqları ilə bağlı qanunvericilik aktlarının layihələri öncədən müvəkkillərə göndərilsin və onların rəyi öyrənilsin, mən hesab edirəm, bu, yaxşı bir nəticə verə bilərdi.
Ən yüksək qiymətləndirdiyim məsələlərdən biri ombudsmanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı amnistiya elan olunması üçün Milli Məclisə müraciətidir. Milli Məclisə müraciət eləyib, mən bunu yüksək qiymətləndirirəm. Çünki Konstitusiya Qanununun müvafiq maddəsinə əsasən onun xüsusi səlahiyyətləri var. O güvənib, müraciət eləyib, bu çox əhəmiyyətlidir. Digər məsələlərlə bağlı da bizim başqa təkliflərimiz var idi, onların da nəzərə alınmasını xahiş edirəm.
Ombudsmandan bir məsələni də xahiş edirəm, həmin səlahiyyətlərindən istifadə edərək yerinə yetirsin. Bu, dəfələrlə qaldırılan kredit məsələsidir. Keçən dəfə də məruzə dinləniləndə bu məsələ ilə bağlı çıxış eləmək məcburiyyətində qaldım. Vaxtilə devalvasiya, inflyasiya sayəsində heç bir təqsiri olmayan Azərbaycan vətəndaşları ziyana düşüblər. Kreditlərin ödənilməsi məsələsinə ombudsmanın da müdaxilə etməsini çox xahiş edirəm. Bu məsələ məni çox narahat edir. Bunu əvvəllər də səsləndirmişəm. Amma bunu Ombudsmandan da xahiş etmək istədim. Çünki bu məsələdə müəyyən narazılıq əmələ gəlir, uzanır. Demək olar ki, dəfələrlə az miqdarda vəsait ayrılır, ya da heç ayrılmır. Rayon, şəhər icra hakimiyyətlərində qeydiyyatdan keçirmələrinə baxmayaraq, bu məsələ çox ləngiyir və ümidim azalır. İstərdim ki, Ombudsman bu məsələləri də nəzərə alsın. Bütövlükdə məruzə yaxşı hazırlanıb, müvəffəqiyyətlər arzulayıram və fürsətdən istifadə edib növbəti ombudsman seçiləndə də hesab edirəm ki, Elmira xanımın müsbət keyfiyyətləri nəzərə alınar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli deputatlar, dəyərli media nümayəndələri! Mən də hörmətli müvəkkilimizin illik məruzəsi ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Məruzə ilə tanışam, komitəmizdə məruzəni müzakirə etmişik, bəyənmişik, indi də diqqətlə qulaq asdım. Beləliklə, məruzədə ombudsmanın ümumi fəaliyyəti ilə bağlı dolğun məlumat öz əksini tapıb. Müsbət haldır ki, bu dəfə görülən işlər digər illərdə görülən işlərlə müqayisə edilərək təhlillər aparılıb. Bunlar çox yaxşıdır. Buna görə də Elmira xanıma, məruzəni hazırlayanlara böyük təşəkkür düşür. Amma çox təəssüf ki, bu fikirlərimi məruzənin informasiya əldə etmək azadlığı bölməsi ilə bağlı söyləyə bilmirəm. Burada görülən işlərdən söhbət açmaq əvəzinə, ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alıbdır.
Mən ötən il də müvəkkilin hesabatı ilə bağlı fikirlərimi bildirmişdim. Yenə də fikrimin üstündə qalıram. Nə qədər ki, ombudsmanın informasiya əldə etmək haqqında məlum qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirməsi görünmür, yenə də fikrimin üstündə qalacağam. Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir. Cənab Prezident İlham Əliyev dəfələrlə bunu vurğulayıb. Dövlət bu istiqamətdəki proseslərə hər zaman böyük önəm və dəstək verib. Belə olan halda müvəkkilin “İnformasiya əldə etmək haqqında” Qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Ancaq neçənci ildir ki, hesabatda ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşdirilməsi, bu məqsədlə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Məsələ ciddi şəkildə öyrənilmədir. Kimdir məsələdə maraqlı olmayan? Biz bunu bilməliyik.
Hörmətli cənab Sədr, hesab edirəm ki, biz parlament səviyyəsində məsələyə münasibət bildirə bilərik. Bu, Elmira xanımın perspektiv fəaliyyətinə də dəstək ola bilər. Deyəcəklərim bu qədər. Arzu edərdim ki, növbəti məruzədə ombudsmanın fəaliyyətində qeyd etdiyim bu məqamlar öz yerini tapsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, nəzərə almaq üçün ombudsmanın hesabatına münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, hesabat nəzərə alındı. Sağ olun, Elmira xanım.
Bugünkü gündəliyin üçüncü məsələsi Peşə təhsili haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Buyursun İsa Həbibbəyli.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım! Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə digər sahələrlə yanaşı, peşə təhsili istiqaməti şəbəkəsinin də genişləndirilməsinə və bu sahə üzrə mütəxəssis hazırlığına çox ciddi əhəmiyyət verir. Artıq üçüncü oxunuşda sizə təqdim olunan Peşə təhsili haqqında qanun layihəsi ölkəmizdə həmin istiqamətdə aparılan dövlət siyasətinin hüquqi təminatının gücləndirilməsi və bu sahədəki fəaliyyətlərin tənzimlənməsi məqsədi daşıyır. İki oxunuş zamanı deyilən təkliflərin hamısı, demək olar, diqqətlə nəzərdən keçirilib. Qanun layihəsi xeyli dərəcədə təkmilləşdirilib.
İkinci oxunuşda deputat həmkarlarım tərəfindən çox qiymətli fikirlər irəli sürülmüşdü. Biz onları komitədə işçi qrupunda diqqətlə nəzərdən keçirmişik və əsasən, nəzərə almışıq. İkinci oxunuş zamanı deputat həmkarım haqlı olaraq əsas anlayışlardakı bəzi müddəaların bundan əvvəl bu istiqamətdə olan qanunvericilik sənədləri ilə üst-üstə düşdüyünü, təkrar olunduğunu qeyd etmişdi. Məlumat vermək istəyirəm ki, əsas anlayışlarda bu cür təkrarlar olan 7 maddə oradan çıxardılıb. Biz, əslində, onları  maarifçilik mənasında üçüncü oxunuşa qədər saxlayırdıq. Bunların çıxarılması tamamilə zəruri idi və bu ixtisarlar aparılıb.
Eyni zamanda, deputat həmkarlarım burada müzakirələrdə tədris dili ilə bağlı da təkliflər irəli sürdülər. Tədris dilinə aid olan maddədə “təhsil Azərbaycan dilinin üstünlüyünü qorumaq şərti ilə başqa dillərdə də aparıla bilər” ifadəsindəki “təhsil” sözünün yerinə düşmədiyi qeyd edilmişdi. Məlumat vermək istəyirəm ki, burada pedaqoji sahə ilə məşğul olan mütəxəssislər bilirlər ki, “təhsil” sözü geniş anlayış olub, özündə təlim, tərbiyə və tədrisi əhatə edir. Buna baxmayaraq, biz yenə də səslənən təklifi  nəzərə alaraq burada uyğun bir redaksiya işi aparmışıq.
Bundan başqa, deputat həmkarlarım 7-ci maddədə təhsil alanların ideya, siyasi, əxlaqi, mənəvi tərbiyəsi ilə bağlı bir neçə maddədə ifadə olunan fikirlərin qruplaşdırılmasının mümkünlüyündən danışmışdılar. Biz bunu nəzərə aldıq. 7.1, 7.3, 7.6-cı maddələr hamısı bir maddədə  yeni redaksiyada təqdim olunub. Güman edirəm ki, bu, qanunun təkmilləşməsinə kömək edəcək. Burada əcnəbi təsisçi və Azərbaycan peşə təhsili məktəblərində mütəxəssislərin işə cəlb olunması məsələsi barədə bizi düşündürən müddəalar səslənmişdi. Sizə təqdim olunan  qanun layihəsində görəcəksiniz ki, bu barədə də biz müəyyən qədər düzəlişlər etmişik, konkretlik sahəsində iş aparmışıq. Komitədə də deputat həmkarlarım ilə bir yerdə hamımız bu fikirdə olduq ki, azərbaycanlı olmayan təsisçinin peşə məktəbinə elmi-pedaqoji heyət mənasında mütəxəssisləri xaricdən cəlb etməsinə məhdudiyyət qoyulmur. Lakin azərbaycanlı olmayan təsisçinin peşə məktəbində inzibati-texniki işçiləri kənardan gətirməsinə lüzum yoxdur. Tutaq ki, məktəbə sürücünün, bağbanın, gözətçinin, iaşə xidməti və təmizlik xidməti işçilərinin kənardan gətirilməsinə qətiyyən ehtiyac yoxdur. Ona görə də qanunda bu, daha konkret və aydın şəkildə öz əksini tapdı.
Əcnəbi təsisçi və azərbaycançılıq məsələsinə də aydınlıq gətirmək bir daha zəruri oldu. Bu istiqamətdə bir az daha konkret iş aparmağı özümüzə borc bildik. Biz o fikirdəyik ki, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, əcnəbi təsisçi və yaxud da əcnəbi investor peşə təhsili sistemində, ümumiyyətlə, ölkəmizdəki bütün fəaliyyətində Azərbaycanın dövlətçilik maraqlarına hörmətlə yanaşmalıdır. Milli-mənəvi dəyərlərə hörmətlə yanaşmalıdır. Biz bunu deyərkən unuduruq ki, peşə məktəbində və yaxud da istənilən müəssisədə Azərbaycan bayrağına, Azərbaycan himninin səslənməsinə, tutaq ki, peşə məktəbində pasxa bayramının deyil, Novruz bayramının keçirilməsinə məhdudiyyət olmamalıdır. Ona görə biz azərbaycançılıq deyəndə məhz bunları nəzərdə tutmuşuq. Buna da aydınlıq gətirilib, sizə təqdim olunan variantda bu da öz əksini tapıb.
Deputat həmkarlarım haqlı olaraq qeyd etmişdilər ki, 7-ci maddədə “dövlət peşə təhsili istiqamətində özəl sektorun inkişafına dəstək verir” cümləsində “özəl sektorun və bələdiyyə  sektorunun inkişafına dəstək verir” sözlərini artırmağı məqsədəuyğun saymışdılar. Həqiqətən, kiçik də olsa, bu, ciddi əlavədir. Biz bu əlavəni etdik və bununla elə bilirəm ki, bizim qanunvericilik sənədimiz daha da qazandı. Təhsil alanlarla işəgötürənlər arasında müqavilələrin bağlanması məsələsinə daha konkretlik gətirilməsi fikri irəli sürülmüşdü. Bu maddələr diqqətlə nəzərdən keçirildi. Ümumi redaktə aparıb, daha aydın şəkildə ifadə olunmasına çalışmışıq. Eyni zamanda, peşə təhsili sahəsində dövlət və özəl sektor əməkdaşlığı ümumi şəkildə təqdim olunan maddəyə də konkretlik gətirir. Peşə təhsili sistemində dövlət və özəl sahənin əməkdaşlığı bir cümlə ilə daha aydın ifadə olunur. Həmin maddəyə aid olan 3 bənddə də buna uyğun redaktə işləri aparılıb. Habelə dil baxımından, həm də qanunun məntiqi baxımından da xeyli dərəcədə düzəlişlər aparılmışdır.
Burada peşə təhsilinin səviyyələri məsələsinə yenidən baxılması təklifi də irəli sürülmüşdü. Əlbəttə, nəzərinizə çatdırım ki, sovet dövründə peşə təhsili sahəsində yalnız bir səviyyə, bir peşə-ixtisas təhsili səviyyəsi mövcud idi. Amma biz indi qanun üzərində işləyərkən həm inkişaf etmiş Asiya ölkələrində, yəni Çində, Yaponiyada, Cənubi Koreyada, həm də inkişaf etmiş Avropa ölkələrində, hətta bizə yaxın olan, yenicə müstəqillik qazanmış, tutaq ki, Bolqarıstanda, Polşada, Rumıniyada məsələni öyrənərkən gördük ki, peşə təhsilinin bir səviyyədə deyil, bir neçə səviyyədə olmasına dair təcrübələr mövcuddur.
Məlumat üçün deyim ki, Azərbaycanda da artıq bir neçə ildir ki, peşə təhsili bir neçə səviyyədə, yəni ilk peşə ixtisas təhsili, texniki peşə təhsili, hətta yeni başlayıb, lap bu ildən yüksək texniki peşə təhsili səviyyələri tətbiq olunur. Ona görə qanun layihəsi dünyada gedən prosesdən, ölkəmizdə tətbiq olunan prosesdən geriyə, sovet dövrünə qayıda bilməzdi. Biz, əlbəttə ki, burada edilən təkliflərlə əlaqədar olaraq məsələyə aydınlıq gətirdik, konkretləşdirdik, formatı daha dəqiq ifadə etməyə çalışdıq. Amma bu, ölkəmizin reallığıdır, bu, dünyada gedən prosesdir. Bu sahədə, bu istiqamətdə inkişaf edərsə, müstəqil dövlətimizin maraqlarına, mütəxəssis hazırlığının yüksək səviyyəsinə daha böyük töhfə verə bilər deyə, biz həmin müddəaları təkmilləşdirərək saxlamağı daha məqsədəuyğun hesab etdik. Düşünürəm ki, indiki halda sizə təqdim olunan Peşə təhsili haqqında qanun layihəsi xeyli dərəcədə təkmilləşdirilib. Biz komitədə müzakirə etmişik və inanırıq ki, sizə təqdim olunan variantın qəbul olunması ölkəmizdə peşə təhsili istiqamətinin inkişafına kömək edəcək. Ona görə sizi bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.

 
Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, İsa müəllim. Başqa fikir söyləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar,  Azərbaycan Ədliyyəsinin 100 illik yubiley medalının bu ərəfədə təsis olunması təsadüfi deyil. Çünki 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yarandığı gün həm də Ədliyyə Nazirliyinin təsis olunması elan edilmişdi. İndi ilk müstəqilliyimizin tarixi ilə bağlı ciddi araşdırmalar gedir. Həqiqətən, qürurverici hal ondan ibarətdir ki, ilk müstəqillikdə təsis edilmiş Ədliyyə Nazirliyi qısa zaman çərçivəsində bir çox mütərəqqi addımlar atmışdı. Bu, amnistiya qərarının parlamentə təqdim olunmasından tutmuş, ilk müstəqillik dövründə müstəqil məhkəmə sisteminin yaradılması, cəzaçəkmə sisteminin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi kimi o dövr üçün çox demokratik mütərəqqi addımlar idi.
İndi də birmənalı demək olar ki, ikinci müstəqilliyimiz bərpa olunduqdan sonra da ədliyyə orqanlarının Azərbaycanın hüquq sistemində xüsusi yeri vardır. Bu gün həyata keçirilən məhkəmə-hüquq islahatlarında aparıcı rol məhz Ədliyyə Nazirliyinə, ədliyyə sisteminə məxsusdur. Bu baxımdan, hesab edirəm ki, “Azərbaycan Ədliyyəsinin 100 illiyi” yubiley medalı tamamilə məqsədəuyğun  bir təşəbbüsdür. Bu yubiley medalında həm ədliyyə sistemi ilə bağlı, həm də müstəqil Azərbaycanla bağlı atributlar öz əksini tapmışdır. Yubiley medalı ilə qüsursuz fəaliyyəti ilə seçilən ədliyyə orqanı əməkdaşlarının, hakimlərin, məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən həm bizim vətəndaşların, həm də beynəlxalq təşkilatların nümayəndələrinin təltif edilməsi nəzərdə tutulur. Cümhuriyyətimizin 100 illiyi ərəfəsində “Azərbaycan Ədliyyəsinin 100 illiyi” yubiley medalının təsis olunması, hesab edirəm, çox mütərəqqi bir hadisədir. Həmkarlarımdan səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən hesab edirəm ki, bu, təqdirəlayiq məsələdir və 100 illiklə bağlı müəyyən tədbirlər görülməlidir. Mən bir məsələyə toxunmaq istəyirəm. Həmişə bu məsələni qaldırıram. Milli Məclis ilə bağlı olaraq biz bəzən təvazökarlıq edirik və yaxud da birisi fikir deyəndə süngü ilə qarşılanır. 100 illiklə bağlı Milli Məclisin özündə də bir xatirə medalının müəyyənləşdirilməsi və yaxud da o dönəmdə, 1990-cı illərdə müstəqillik aktının qəbul olunması ilə bağlı tədbirlərin görülməsi, sonra, SSRİ-nin saxlanmasına etiraz edən 43 nəfər deputatla bağlı, rəhmətlik Heydər Əliyev də onların arasında idi, müəyyən tədbirlərin görülməsi, məncə, vacibdir.
Milli Məclis bütün strukturların, demək olar ki, ağırlığını çiynində çəkən bir sistemdir. Bəzi millət vəkilləri danışanda ki, filan strukturların hətta şöbə müdirlərinin avtomobilləri var, Milli Məclis deputatlarının yoxdur, o saat qəzetlərdə yazırlar ki, millət vəkilləri maşın istəyirlər. Deyəndə ki, maaşlar filan strukturun maaşından aşağıdır, yaxud da dünyanın müəyyən parlamentləri ilə müqayisədə aşağıdır, deyirlər ki, bunlar başqalarını düşünməkdənsə, özlərini düşünürlər. Bunları qoyduq qırağa, burada heç bir maddi məsələ yoxdur. 100 illikdir, Milli Məclisin də haqqıdır ki, ən azından bir xatirə medalı təsis etsin. 100 ildən sonra burada oturan adamların bir xatirə medalı ilə təltif olunması yerinə düşərdi, çünki bu, müstəqillikdir.
Cənab Prezident də bütün çıxışlarında uğurların kökündə  müstəqilliyin dayandığını deyir və haqlı olaraq müstəqilliyin qorunmasını ortaya qoyur. Müstəqillik aktının o dönəmdə, 1990-cı illərdə qəbul olunması mütərəqqi hal idi və bir dəfə olan hadisədir. Ona görə mən müəyyən nazirliklərlə bağlı qərarlar ki qəbul etmişik, 100 illiklə bağlı xatirə medalları, ordenlər, bunların hamısının tərəfindəyəm, təbii ki, buna səs də verəcəyəm. Milli Məclisin heç bir üzvü, deyək ki, bu məsələdə təvazökar davranıb bir fikir bildirmir. Amma Milli Məclisin özü ən yüksək medalları təsis edən, qanunlar qəbul edən, onların kimlərə verilməsini müəyyən edən strukturlardan biri olduğu üçün Milli Məclislə bağlı oxşar tədbirlərin görülməsi, SSRİ-nin saxlanılmasının əleyhinə olan o 43 nəfər haqqında müəyyən tədbirlərin görülməsi, bütün parlament, həm indiki və həm də o zamankı parlament də daxil olmaqla bir xatirə medalının təsis olunması, məncə, yerinə düşər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc müəllim, çıxışınızla bağlı bir məsələni qeyd edim. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində, bilirsiniz ki, Milli Məclisdə də işlər planı təsdiq olunub. İşlər gedir və nəzərdə tutulur ki, iyun ayında Milli Məclisdə bayram tədbiri keçirilsin və xeyli qonaq da dəvət olunsun. Sözsüz ki, qaldırdığınız məsələyə bu çərçivədə, yəqin ki, baxılacaqdır. Təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi rayon məhkəmələrinin baxacağı işlərin aidiyyətini müəyyənləşdirir. Burada bir məsələ müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamında olan torpaq sahələri ilə bağlıdır. Onun sərəncamına verilmiş torpaq sahəsində özbaşına tikinti aparmağa görə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin rayon (şəhər) məhkəmələrinin aidiyyətinə verilməsi təklif edilir. Belə ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə 395.1-ci maddənin əlavə olunması yolu ilə həllini tapmış olur. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Hadi müəllim, buyurun.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Minnətdaram. Ziyafət müəllim, burada bir qanunla bağlı 13 məsələ  qeydə alınıb. Məsləhət bilsəniz, deputat həmkarlarıma bu məsələlərlə bağlı qısa məlumat verərdim. 13 məsələ bilavasitə bir qanunun icrası ilə bağlı olacaqdır. İcazə verin, mən onları sistemləşdirim.
Sədrlik edən.  Buyurun.
H.Rəcəbli. Çox sağ olun. Mən, Ziyafət müəllim, ilk növbədə fürsətdən istifadə edib möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, parlamentimizə belə yüksək etimad göstərilib. Parlamentin tarixində ilk dəfədir ki, 1 dəfəyə bizim 4 deputat həmkarımıza yüksək vəzifələr etibar olunub. Bu bir daha onu göstərir ki, möhtərəm Prezidentimizin parlamentə olan münasibəti çox yüksəkdir. Buna görə də biz möhtərəm Prezidentimizə dərin  minnətdarlığımızı bildirmək istəyirik.
Mən deputat həmkarlarıma məlumat vermək istəyirəm ki, gündəlikdə duran 6-cı və 7-ci məsələlərin ikisi də “İşsizlikdən sığorta haqqında” Qanunu icra etməyən dövlət müəssisələrinin, həm də pullu şəxslərin məsuliyyətə cəlb olunması məsələsidir. Həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində dəyişikliklər olub. Mən bunu geniş müzakirəyə vermək istəmi-rəm. Yoldaşlar ona baxan kimi biləcəklər.
Digər bir məqam da 5 məsələdə olan kiçik bir dəyişiklikdir. Bu, gündəlikdə duran 8-ci, 10-cu, 11-ci, 12-ci və 13-cü məsələlərə aiddir. Məsələlərin adlarını çəkə bilərəm. Məsələn, 10-cu məsələ “Əmək pensiyaları haqqında” Qanundur, 11-ci “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanundur, yəni bunların hamısının adlarını çəkmirəm, nömrələrlə aydın görünür. Burada nədən söhbət gedir? Burada  “işsizlik müavinəti” sözləri  “işsizlikdən sığorta ödənişi” sözləri ilə əvəz olunur.  Yəni 5 qanunda bu düzəliş olur.
Digər bir düzəliş nədən ibarətdir?  Bizim 3 qanunda, 14-cü, 15-ci və 18-ci maddələrdə “işsizlik müavinəti” sözləri çıxarılır. Bu da belə bir dəyişiklikdir. Digər bizim 2 qanunda isə balaca bir düzəliş olur. Onlar da 16-cı sıra nömrəsi ilə “Ünvanlı dövlət sosial yardımı haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlardır. 9-cu məsələ “Dövlət qulluğu haqqında” Qanundur. Burada “dövlət orqanı” anlayışı ilə bağlı dəyişiklik olur. Gündəlikdə olan 16-cı məsələdə işsizlikdən sığortanın yaranma halı bir az da aydınlaşır. Yəni şəxs o halda işsiz hesab olunur ki, dövlət müəssisəsi ya bağlanır, ya da müəssisədə obyektiv səbəbdən istismar gedir. Ancaq bu halda şəxs işsiz statusu qazana bilir. Bu, gündəlikdə duran 16-cı məsələyə şamil olunur.
Digər 17-ci məsələdə isə 1 cümlə çıxarılıb, çünki bizim o biri qanunumuzda bu məsələ var. Beləliklə, Ziyafət müəllim, bunları geniş açmağa ehtiyac yoxdur. Bunlar bir qanunla, bizim “İşsizlikdən sığorta haqqında” 30 iyun 2017-ci ildə qəbul olunmuş Qanunla təsbit olunmuş məsələlərdir. Bunlar hamısı digər qanunlarda öz əksini tapır. Xahiş edirəm, deputat həmkarlarım səs versinlər.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu qanun layihələri digər komitələrdə də müzakirə olunub. Əli müəllim, Aqiyə xanım, Ziyad müəllim, əlavəniz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, 6-cı məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi səsə qoyulur.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 9-cu məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  məsələ səsverməyə çıxarılır. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsinə, buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Beləliklə, hörmətli həmkarlar, bir məktubla daxil olmuş 13 məsələ ilə bağlı səsverməni yekunlaşdırdıq. İndi isə növbəti, 19-cu məsələyə keçirik. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsi. Komitə sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,  borclu hüquqi şəxsin ləğv edilməsinə maksimum yol verməmək üçün  sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə hazırlanmışdır ki, bu da iş yerlərinin saxlanmasına, ödəmə qabiliyyətinin bərpasına və kreditorların  tələblərinin daha dolğun ödənilməsinə imkan yaradacaqdır. Qanun layihəsi həmçinin sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tələbləri (sağlamlaşdırma məhkəmə qaydasında həyata keçirildiyindən) və ərizəyə əlavə olunan sənədlərin dairəsini müəyyən edir, o cümlədən  borclunun sağlamlaşdırılmasının  sağlamlaşdırma planı əsasında həyata keçirilməsini və bu planın tərtibi,  hazırlanması, təsdiqi və sağlamlaşdırma prosesinə başlanmasının yaratdığı hüquqi  nəticələri təsbit edir. 
Məlumat üçün bildirmək istəyirəm ki, mövcud qanunun 8-ci fəsli sağlamlaşdırma məsələlərini təkmilləşdirir. Lakin məsələnin aktuallığı və qanunvericilikdə olan çatışmazlıqlar sağlamlaşdırma ilə bağlı məsələlərə yenidən baxılmasını zəruri edir. Sağlamlaşdırma prosesinin məhkəmə tərəfindən təsdiq edilməsini nəzərə alaraq məhkəməyə verilən ərizənin  məzmununa tələblər dəqiqləşdirilir və eyni zamanda, ərizəyə əlavə olunmalı sənədlərin dairəsi müəyyənləşdirilir. Bu onun üçün vacibdir ki, məhkəmə işə baxarkən daha məlumatlı ola bilsin və öz qərarında  tərəflərin maraqlarını təmin edə bilsin. Sonradan yeni sənəd almaq məcburiyyətində qalmasın.
Təklif olunan ən vacib məsələ sağlamlaşdırma planının hazırlanması və təsdiq edilməsi ilə bağlıdır. Yəni sağlamlaşdırma bu plan əsasında həyata keçiriləcəkdir. Qeyd etmək lazımdır ki, sağlamlaşdırma prosesinə başlamaq barədə qərar qəbul olunarsa, həmin qərarın qəbulundan sonra  borclu plan hazırlayıb onu kreditorlara təqdim edir və kreditorlar yığıncağı ilə razılaşdırır. Sonra kreditorlar yığıncağı qərarı təsdiq üçün məhkəməyə göndərir. Qanun layihəsində planın hazırlanması, onun qəbulu ilə bağlı prosedurlar ətraflı izah olunmuşdur. Eyni zamanda, qanuna sağlamlaşdırma prosesinə başlamanın yaratdığı hüquqi nəticələri əks etdirən 41.2-ci maddə də əlavə olunur. Bütövlükdə müflisləşmə prosesinin azad bazar münasibətləri şəraitində obyektiv bir proses olduğunu, habelə  burada hər iki tərəf üçün sağlam münasibətlər yaradılmasını nəzərə alaraq qanun layihəsinə səs verməyinizi sizdən xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihəsinin müzakirəsinə keçirik. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Qanun layihəsi kifayət qədər yaxşı hazırlanıb və edilən dəyişiklikləri mən 4 bloka ayırmaq istərdim. Birinci, sadə görünsə də, “sağlamlaşdırma” sözünün özünün mahiyyətində dəyişiklik xeyli dərəcədə izafi işlərin aradan qaldırılmasına imkan verir. Yəni sağlamlaşdırma planı borcun yenidən təşkil edilməsi əvəzinə ödəmə qabiliyyətinin bərpası kimidir. Bu adi görünsə də, amma həqiqətən də, xeyli dərəcədə izafi işləri aradan qaldırır. Ona görə biz bunu alqışlayırıq.
İkinci blok məsələ. Sağlamlaşdırma prosesinin şərtləri  konkretləşdirilir. Hesab edirəm ki, qanunvericilikdə bu məsələyə də böyük üstünlük verilməlidir. Bu həddən artıq vacibdir.
Üçüncü blok məsələ isə qanuna 2 yeni maddənin əlavə edilməsidir. 41-1. “Sağlamlaşdırma planı və onun təsdiq edilməsi qaydası”. 41-2. “Sağlamlaşdırma prosesinə başlanılmasının hüquqi nəticələri”. Hesab edirəm ki, hər ikisi çox vacibdir və qanuna məntiqi əlavələrdir.
Dördüncü isə mülkiyyət münasibətlərini əhatə edir. 55-ci maddədə olan dəyişikliklərdir. Borclunun öz əmlak hüquqlarının verilməsinin məhdudlaşdırılmasına həsr olunub. Hesab edirəm ki, bu da vacibdir.
Amma Ziyafət müəllim, burada bir məsələni, 41.2-ci  maddənin “b” bəndində olan məqamı Sizin diqqətinizə çatdırmaq istəyirəm. Borclunun bütün kreditorlarının, diqqət edək, borclunun təsisçilərinin, yəni iştirakçılarının, habelə  digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin borcluya qarşı iddiaları üzrə məhkəmələrin, arbitrajların qəbul etdikləri  qərarların icrası dayandırılır. Ziyafət müəllim, bunların hamısını başa düşdük. Amma kreditorları biz başa düşə bilmirik. Bir misal çəkirəm. Deməli, 1 həftə əvvəl mənim imzaladığım bir sənədə görə bir fermer tütün istehsal edib, həmin tütünü xaricə, konkret olaraq Rusiyaya satıb. Rusiyadan onun hesabına 50 min dollar pul gəlib. İndi həmin bankın, yəni  “Dəmirbank”ın  lisenziyası alındığına görə onun filialları, o cümlədən Şəki filialı da dayanıb. Lisenziya alındığına görə həmin insanın hesabında olan pulu ona vermirlər. Bu nə deməkdir? Həmin adam təsərrüfatını davam etdirmək üçün başqasından pul almalıdır ki? Onun pulu gəlməyəcək, ona ikiqat zərbə olacaq. Bir tərəfdən öz pulunu itirib, digər tərəfdən isə həqiqətən, təsərrüfatını inkişaf etdirmə qabiliyyətində olan bir fermer borclu vəziyyətinə düşüb. Ona görə hesab edirəm ki, bu məsələyə diqqət edilsin və həmin bankın lisenziyası alınıbsa, vəsait başqa banka keçirilsin. İnsanlar onu başqa bankdan asanlıqla ala bilsinlər. Hesab edirəm ki, həddən artıq vacib məsələdir. Yüzlərlə, minlərlə iş adamının fəaliyyətinin iflic olmasının qarşısını almaq olar.
İkinci bir məsələni nəzərinizə çatdırmaq istərdim ki, bu da müəssisələrin, təşkilatların maliyyə sağlamlığıdır. Bəs nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? Milyonlarla insan heç bir təqsiri olmadan, sadəcə, 2015-ci ilin 21 dekabrında çox kobud formada səhvlər buraxılmaqla baş verən devalvasiya nəticəsində ağır vəziyyətə düşüb. Həmin insanlar imkan ola-ola, banklar tərəfindən pullarının qaytarılmasına nail ola bilmirlər. Onlar bunu qəsdən edirlər, bununla işim yoxdur.
Bu yaxınlarda Azərbaycan Prezidenti gözəl bir fərman imzaladı, həmin fərmanla vətən uğrunda canından keçənlərin ailələrinə 11 min manat pul verilir. 11 min manatı dollara çevirəndə aşağı-yuxarı, haradasa 6500 manat olur. Elə olmasın ki, həmin vətən uğrunda canından keçən insanın ailəsi o pulu alanda özünün  heç bir təqsiri olmadan banka olan borcunu ödəsin. Qoy onu başqa şeylərə yönəltsin. Ona görə mən aşağı-yuxarı rəqəmi deyirəm, haradasa 3000 dollara qədər borcu olan insanlar vətən uğrunda canından keçən insanların, yəni şəhidlərin  ailələridir. Bu təxminən 150–160 manat pensiya alır, birdən devalvasiya yaranıb, artıq borcunu qaytara bilmir, çünki pensiyaçıdır. Hesab edirəm ki, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul eləyəndə mexanizm müəyyən olunacaq, meyarlar qoyulacaq və heç kim ondan sui-istifadə edə bilməyəcək. Çünki o insanlar artıq elə bir vəziyyətdədirlər ki, borclarını qaytara bilmirlər.
Keçən dəfə mən burada çıxış eləyərək dedim ki, hətta Cinayət Məcəlləsində humanistləşməyə doğru atılan addımlarda da korrektə eləmək lazımdır. Borcunu ödəyə bilməyəndə iki il iş verilir. Tutaq ki, 6 min borcu var, iki il iş veriləndə onun türmədə saxlanmasına 16 min xərc çəkilir. Belə halların aradan qaldırılması üçün hesab edirəm ki, bu işlər təcrübi əhəmiyyəti olan bir sıra məqamlar nəzərə alınaraq edilməlidir. Əgər belə olarsa, onda həm müəssisə və təşkilatların sağlamlaşdırılmasına gedə bilərik, həm də heç bir təqsiri olmadan milyonlarla Azərbaycan vətəndaşının maliyyə vəziyyətinin sağlamlaşdırılması istiqamətində sanballı addımlar ata bilərik. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Ziyad müəllim, birinci məsələyə münasibət bildirmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Söz demək istəyən, fikir söyləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Nəhayət, hörmətli həmkarlar, bu gün bizim gündəliyimizin axırıncı məsələsi Məşğulluq haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Birinci oxunuşdur. Komitə sədri Hadi müəllimə söz verilir. Məlumat üçün bildirim ki, bizim bugünkü iclasımızda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris müəllim İsayev iştirak edir. Eyni zamanda, nazirliyin əməkdaşları Dürdanə xanım Mirzəyeva və Elnur Süleymanlı da iştirak edirlər. Əgər sualınız olsa, onlara da müraciət edə bilərsiniz. Buyurun, Hadi müəllim.
H.Rəcəbli. Dəyərli deputat həmkarlarım! İlham  Əliyevin dövlət quruculuğunun mahiyyətində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması durur. Məhz Prezident – xalq birliyinin və bu idarəçilik fəlsəfəsinin təzahürü olaraq dövlət başçımızın yeni prezidentlik müddətinin elə birinci günündə imzaladığı ilk fərman Azərbaycanın bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərin ailələrinə birdəfəlik sığorta haqqının ödənilməsi ilə bağlı oldu. Sosial siyasət möhkəm iqtisadi baza üzərində daha uğurla qurulur. Məhz bu baxımdan Prezidentimizin apardığı ardıcıl iqtisadi siyasət nəticəsində ötən 15 il müddətində ölkədə ümumi daxili məhsul 3,2 dəfə artmış, 2 milyona yaxın daimi və müvəqqəti iş yeri yaradılmışdır. Son iki ildə onlarla fərman və sərəncamlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, ölkənin investisiyaya cəlb edilməsi, məşğulluğun genişmiqyaslı həyata keçirilməsi üçün sistemli işlər görülmüşdür.
Bu gün Azərbaycan Respublikasında vətəndaşların məşğulluğunun təmin olunması, işsizliyin azaldılması, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan insanlara ünvanlanmış iş yerlərinin yaradılması dövlətin sosial siyasətinin başlıca istiqamətlərindəndir. Məşğulluq siyasətinin tənzimlənməsinə gəldikdə isə qeyd etməliyik ki, ölkəmizdə milli qanunvericilik bu sahə üzrə kifayət qədər hüquqi bazaya malikdir. Azərbaycan Respublikasının qüvvədə olan “Məşğulluq haqqında” Qanununun qəbul edildiyi dövrdən 17 il müddət keçməsi səbəbindən Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı, bütün səviyyələrdə aparılan iqtisadi, sosial, institusional və siyasi islahatların uğurlu nəticələri işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni tələblər ortaya qoyur. Bununla əlaqədar olaraq Məşğulluq haqqında yeni qanun layihəsi hazırlanıb bu gün sizin müzakirənizə verilir. 5 fəsil və 34 maddədən ibarət olan layihənin preambulası onun mahiyyətini tam olaraq açıqlayır. I fəsil ümumi müddəaları nəzərdə tutur. Bu fəsildə əsas anlayışlar, işsiz statusu verilməsi qaydaları, məşğul şəxslər, məşğulluq sahəsində dövlət siyasəti və qanunvericiliklə bağlı müddəalar öz əksini tapmışdır. Onu da demək istəyirəm ki, əvvəlki qanunda 24 anlayış cəmi 9 göstərici ilə ehtiva olunmuşdu, amma indi isə 24 anlayış var və bunlar arasında “aktiv məşğulluq  tədbirləri”, “fərdi məşğulluq”, “proqramlaşmış fərdi məşğulluq vərəqi”, “haqqı ödənilən ictimai işlər”, “qeyri-formal məşğulluq”, “məşğul şəxslərin reyestri”, “özünü-məşğulluq”, “peşə standartları”, “peşə hazırlığı”, “sığorta ödənişi”, “sərbəstləşdirilən işçilər”, “sosial müəssisə”, “sosial iş yeri”, “sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər”, “ştat vahidlərinə dair cədvəl”, “vakansiya bankı”, “yeni iş yeri” kimi anlayışlar milli qanunvericilikdə ilk dəfədir ki, səslənir.
Diqqətinizi ilk olaraq iki maddəyə yönəltmək istərdim. Əsas anlayışlar adlanan 1-ci maddədə, konkret desək, 1.1.6-cı və 1.1.7-ci maddələrdə “işsiz şəxs” və “iş axtaran şəxs” anlayışları dəqiqləşdirilmişdir. Mən sizə qısa və loru dillə çatdırmaq istəyirəm ki, əvvəllər “işsiz” və “işaxtaran” məfhumunu birləşdirirdik. Amma bu gün yeni qanunda “işsiz” sözü tamamilə işi olmayan adama aiddir. “İşaxtaran” isə işi olub, daha məqbul, ixtisasına uyğun iş axtaran digər şəxsə deyilir. Beləliklə, “işsiz”lə “işaxtaran” məfhumu ilk dəfə olaraq ayrılır. I fəsil məşğulluq sahəsində dövlətin 15 istiqamət üzrə vəzifələrini də özündə ehtiva edir. Habelə bu fəsildə “Məşğul şəxslər” adlanan dördüncü maddədə məşğul şəxslər barədə məlumatlar, onların təhsili, iş yeri, vəzifəsi, yerinə yetirdiyi iş barədə məlumatların məcmusu olan məşğul şəxslərin reyestrinin formalaşdırılması öz əksini tapmışdır. Bu məsələ də bizim elektron hökumət institutunun Azərbaycanda formalaşması tələblərinə cavab verir.
Burada, eyni zamanda, “Vakansiya bankının yaradılması” adlanan 7-ci maddədə vakansiyalar barədə dolğun məlumatın əldə edilməsi, habelə işaxtaran və işsiz şəxslər tərəfindən sərbəst surətdə iş tapmaq üçün imkanların artırılması məqsədi ilə vakansiya bankı, elektron informasiya sistemində işəgötürənlərin boş olan, habelə yeni yaradılan iş yerləri, habelə elektron informasiya ehtiyatının yaradılması barədə məlumatlar öz əksini tapmışdır. 
II fəsil “Məşğulluq sahəsində şəxslərin hüquqları və dövlət təminatları” adlanır.  Bu fəsildə məşğulluq sahəsində şəxslərin hüquqları və həmin şəxslərə dövlət tərəfindən verilən təminatlar, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar müvafiq maddələrlə təsbit olunmuşdur. Bu fəslin 11-ci maddəsinə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, bu maddədə qeyd edilir: “Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə  təminatlar verir”. Mən qeyd etmək istəyirəm ki, bu çox önəmli məqamlardan biridir. İş qabiliyyəti olan, amma əlillik dərəcəsi olan digər qrup insanlara iş yerinin yaradılması onların tələblərinə uyğun olaraq bizim bu fəsildə önə çəkilib.
III fəsil “Məşğulluğun təşkili” adlanır. Bu fəsildə respublikada ərazi məşğulluq proqramları, işə düzəlməkdə vasitəçilik fəaliyyəti, məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri, məşğulluğun təmin edilməsində yerli özünüidarəetmə orqanlarının, həmkarlar ittifaqının, işəgötürənlərin iştirakı, işaxtaran və işsiz şəxslərin peşə hazırlığı, onların sosial müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihədə diqqət yetirilməli maddə “Haqqı ödənilən ictimai işlərin təşkili” adlanan 21-ci maddədir. Bu maddə ilə müvafiq icra hakimiyyəti orqanı mülkiyyət növündən və təşkilata uyğun formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə işsiz şəxsləri müvəqqəti məşğulluqla təmin etmək məqsədi ilə onların ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edir. Burada üstünlüyün ilk növbədə işsizlikdən sığorta ödənişi almayan şəxslərə verilməsi də təsbit edilir, bu da çox ədalətli bir yanaşmadır. 
Diqqət çəkən maddələrdən biri də əmək birjalarının və əmək yarmarkalarının təşkilinin təməl mexanizmlərini ehtiva edən 23-cü maddədir. Bu maddəyə görə əmək bazarında tələb və təklif, habelə daxili sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən əmək birjaları vasitəsi ilə həyata keçirilir.
24-cü maddə üzərində də xüsusi dayanmaq məqsədə-müvafiq olardı. Bu maddə vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına yönələn konstitusion hüquqların ehtiva olunduğu özünüməşğulluğa kömək göstərilməsinin təşkili və həmin hüquqi mexanizmlər ilə bağlıdır. Onu da qeyd edim ki, özünüməşğulluq Azərbaycan cəmiyyəti üçün 2016-cı il 7 aprel tarixindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi ilk sərəncamdan ortaya çıxmışdı və bu da çox önəmli bir məqamdır. Özünüməşğulluq siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə əhatə olunmuşdur. Təqdirəlayiq haldır ki, “İşsizlikdən sığorta haqqında” Qanunun qəbulundan sonra İşsizlikdən Sığorta Fonduna toplanan vəsaitin 40 faizi özünüməşğulluq proqramlarına yönəldiləcək və bu da hər il 7 minə yaxın işsizin iş ilə təmin olunmasına kömək edəcəkdir.
III fəsildə, konkret desək, 27-ci maddədə işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib olunan “fərdi məşğulluq proqramı” məfhumu nəzərdə tutulmuşdur.
Layihədə “Məşğulluq sahəsində sosial təminatlar” adlanan IV fəsil özündə iki maddəni ehtiva edir. 28-ci maddə “İşaxtaran və işsiz şəxslərin sosial təminatları” adlanır. Siz bildiyiniz kimi, biz “İşsizlikdən sığorta haqqında” Qanunu qəbul edəndən sonra bu maddələr hamısı həmin qanunda öz əksini tapıbdır.
Sonuncu, “Yekun müddəalar” adlanan V fəsildə “Qanunun  pozulmasına görə məsuliyyət və mübahisələrin həlli”, “Məşğulluq sahəsində beynəlxalq əməkdaşlıq” adlı maddələr öz əksini tapmışdır. Həmkarlar ittifaqlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən nəzarət tədbirləri də bu fəsildə təsbit olunmuşdur.
Hörmətli deputat həmkarlarım, hesab edirik ki, təqdim olunan hüquqi sənəd bu sahədə istər vətəndaşların əmək hüquqlarının qorunmasını, istərsə də müvafiq icra hakimiyyəti orqanlarının vəzifələrini müəyyən etməklə onların qarşılıqlı münasibətlərini tənzimləyəcək və mövcud olan boşluqları dolduracaqdır. Mən deputat həmkarlarıma çatdırmaq istəyirəm ki, Ziyafət müəllim, bizim komitə iclaslarında bir sıra fikirlər səslənmişdi. Onlar burada, sizə təqdim olunan  layihədə əksini tapmadı. Ona görə də biz düşündük ki, parlamentdə birinci oxunuşda müzakirədən sonra deyilən fikirlər ümumiləşdirilib, bir yerdə ikinci oxunuşa təqdim edilsin. Həmin komitədə səslənən fikirləri və düzəlişləri də oraya əlavə edəcəyik. Sizin hər birinizi bu qanun layihəsinin müzakirəsində fəal iştirak etməyə çağırıram. Bir də, sizdən birinci oxunuşda bu layihənin qəbuluna səs verməyi xahiş edirəm. Ümidvaram ki, qanun layihəsi ilə bağlı verəcəyiniz təkliflər bu fundamental sənədin daha da təkmilləşməsinə kömək edəcəkdir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. İndi baxaq görək, Jalə xanım nə təklif edəcək ki, bu qanun layihəsi təkmilləşsin.
J.Əliyeva. Təklifləri mən daha sonraya saxlayacağam. Komitədə müzakirə zamanı təkliflərimizi vermişik və düşünürük ki, ikinci oxunuşa qədər o təkliflər nəzərə alınacaq. Mən, sadəcə olaraq, qanun layihəsini dəstəkləmək üçün  icazənizlə  kiçik  bir çıxış etmək  istəyirdim. Hesab edirik ki, bu layihə kifayət qədər yüksək səviyyədə hazırlanmışdır və onun əsas amili bu layihənin humanist bir qanun olaraq dəyərləndirilməsidir. Deyərdik ki, bu, daha əvvəlki qanun layihəsinin 50 faiz təkmilləşdirilmiş bir variantda bizim müzakirəmizə təqdim edilməsidir. Bu qanun layihəsi günümüzün reallıqlarını və müasir zamanın tələblərini əks etdirir. İlk növbədə layihənin aktuallığını şərtləndirən əsas amili diqqətinizə çatdırmaq istərdim.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və sosialyönümlü dövlət proqramlarında işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və yüksək keyfiyyətli kadr potensialının formalaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi məsələləri mühüm hədəflər kimi qarşıya məqsəd qoyulmuşdur. Bu baxımdan innovativ yanaşmalar əsasında müvafiq infrastruktur və iqtisadi sistem vasitəsilə əmək bazarının tənzimlənməsinin müasir modelinin qurulması günümüzün aktual məsələsidir. Müzakirəmizə təqdim edilən Məşğulluq haqqında qanun layihəsi də əmək bazarının tənzimlənməsini təmin edən Dövlət Məşğulluq Xidmətinin əhaliyə göstərdiyi məşğulluq xidmətlərinin keyfiyyət və səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, inklüziv məşğulluğun inkişaf etdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Qanun layihəsinin qəbul edilməsi Dövlət Məşğulluq Xidmətinin fəaliyyətinin yeni, müasir standartlara cavab verən modelinin qurulmasını, işsiz və işaxtaran şəxslərə təqdim olunan xidmətlərin avtomatlaşdırılmasını, vakansiyalar haqqında dolğun və keyfiyyətli məlumatın əldə olunması məqsədi ilə mükəmməl informasiya sisteminin yaradılmasını təmin edəcəkdir. Eyni zamanda, Məşğulluq haqqında qanun layihəsində öz əksini tapmış müddəalar işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aktiv tədbirlərin, o cümlədən peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma, ictimai işlərin, özünüməşğulluğun müəyyən mexanizminin formalaşmasına, əmək münasibətlərinin leqallaşmasına, məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarətin güclənməsinə imkan yaradacaqdır. Bir daha qeyd edirəm ki, bəzi təkliflərimizi biz yazılı şəkildə təqdim edəcəyik. Ümumilikdə isə birinci oxunuşda konseptual baxımdan qanun layihəsi səsverməyə hazır və təsdiqə də tam layiqdir. Mən bu qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Jalə xanım, təşəkkür edirəm. Siz bu qanun layihəsinin konsepsiyasını elə gözəl əsaslandırdınız ki, daha Sizdən başqa çıxış etmək istəyən yoxdur. Ona görə Sizə ikiqat təşəkkür düşür. Amma bayaq mən qeyd etdim, bizim iclasda nazir müavini İdris müəllim İsayev də iştirak edir. Ona da söz verək, qanun layihəsi barədə fikirlərini bizimlə bölüşsün. Sonra səsverməni keçirərik. Buyurun, İdris müəllim.
İ.İsayev, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, hörmətli xanımlar və cənablar! Mən sizin hər birinizə təşəkkür etmək istəyirəm. Çünki bu gün müzakirə etdiyimiz bu qanun məşğulluq sahəsində, deyərdim ki, ən vacib ana qanunlardan biridir. Məşğulluq istiqaməti bizim sosial siyasətimizin prioritetidir, ölkə rəhbərliyinin daim diqqət mərkəzində olan bir istiqamətdir. Siz fikir versəniz, bütün müşavirələrdə və iclaslarda cənab Prezident işsizlik və məşğulluq məsələlərinə toxunmuşdur. Əlbəttə ki, bunu önə gətirən məsələlər var. Bunlardan biri də bizim demoqrafik vəziyyətimizdir. Yəni əhalinin sayı artırsa, ona uyğun olaraq da yeni iş yerləri yaradılmalı, sosial infrastrukturlar qarşılanmalıdır. İnsan resurslarının inkişafı hesabına iqtisadi tərəqqinin və inkişafın tam təmin edilməsi Azərbaycanda həyata keçirilən siyasətin mühüm tərkib hissələrindən biridir. Bu yeni yanaşma ilk növbədə yeni və layiqli iş yerlərinin yaradılmasını, əmək məhsuldarlığının gücləndirilməsini, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsini tələb edir.
Mən maddələr üzrə fikirlərə gəlmək istəmirəm. Hadi müəllim geniş və ətraflı məlumat verdi. Amma sadəcə, bir şeyi diqqətinizə çatdırmaq istəyirəm ki, əgər siz layihəyə diqqət yetirsəniz, görərsiniz ki, kifayət qədər innovativ yanaşma ortaya qoyulmuşdur. Elektron informasiya resursları əsasında vakansiya bankının formalaşdırılması, real olaraq işsiz və işaxtaran vətəndaşların  işlə təmin edilməsi, onların yenidən əmək bazarına qaytarılması ilə bağlı aktiv əmək bazarlarında fəal iştirakı nəzərdə tutulur. Mühüm məsələlərdən biri də burada fəal əmək bazarı tədbirlərinin əhatəli formada öz əksini tapmasıdır. Burada qeyd edilən məsələlər çox önəmlidir, vacibdir. Mühüm məsələlərdən biri də əmək haqqının maliyyələşmə prinsipi ilə bağlı dövlətin üzərinə götürdüyü öhdəliklərdir. Bundan sonra, yəni bu qanun qəbul edilərsə, dövlət işaxtaranı hər hansı bir boş iş yerinə göndərəcəksə, onun əmək haqqının 50 faizini dövlət qarşılayacaqdır, yəni məşğulluq xidməti qarşılayacaqdır. Bununla bağlı İşsizlikdən Sığorta Fondunda müvafiq maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Amma burada müəyyən şərtlər də vardır. Bu şərtlərdən biri ondan ibarətdir ki, işəgötürənlər müddətli əmək müqaviləsini 2 ildən az müddətə bağlamamalıdırlar. Bu o deməkdir ki, dövlət əgər bir il müddətinə bunu qarşılayırsa, digər bir il isə işəgötürən tərəfindən qarşılanacaqdır.
Digər mühüm məsələlərdən biri də, əlbəttə ki, burada dövlətin təminatlarının ortaya qoyulmasıdır. Ümumiyyətlə, bu qanun layihəsinin əvvəlki qanundan əhəmiyyətli dərəcədə fərqli olduğunu bir daha diqqətinizə çatdırmaq istəyirəm. Bu qanun layihəsi qəbul edilərsə, biz təcrübi cəhətdən işsiz vətəndaşlarımızın, işaxtaranlarımızın işlə təminatı məsələlərini, onların sosial təminatı məsələlərini həll etmək imkanı əldə edə biləcəyik.
Mən hörmətli deputatlardan xahiş edərdim ki, bu layihə barədə öz müsbət fikirlərini söyləsinlər. Diqqətinizə görə çox sağ olun. Bir daha qeyd edim ki, komitədə bizim hörmətli millət vəkilləri, deputatlarımız öz təkliflərini söyləmişdilər, səsləndirmişdilər. Biz bu təklifləri, əlbəttə ki, müzakirə edib, qanun layihəsində nəzərə almağa çalışacağıq. Sağ olun.
Sədrlik edən. Sağ olun, İdris müəllim, təşəkkür edirəm. Əgər başqa çıxış etmək istəyən yoxdursa, onda, xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bununla da iclasımız sona çatır, sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi