2018-ci il 4 may tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IX  SESSİYASI  İCLASININ

PROTOKOLU № 66

Milli Məclisin iclas salonu.
4 may 2018-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 94
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Vilayət Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini.
Fazil Quliyev, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.

*   *   *

Natiq Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.


 
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

34. “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.
35. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
36. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
37. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
38. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
39. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
40. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
41. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
42. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
43. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
44. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
45. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
46. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
47. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
48. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
49. “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
50. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
51. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
52. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
53. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
54. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
55. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
56. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

34. “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Əli Hüseynli, Oqtay Əsədov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

35. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

36. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

37. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

38. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Vilayət Eyvazov, Fazil Mustafa, Zahid Oruc, Fəzail Ağamalı, Ziyafət Əsgərov, Sahib Alıyev, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

39. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 81
Nəticə: Yetərsay yoxdur

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

40. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

41. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Elmira Axundova, Musa Quliyev, Çingiz Qənizadə, Əflatun Amaşov, Qənirə Paşayeva, Aqil Abbas, Zahid Oruc, Hikmət Məmmədov, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

42. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

43. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

44. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

45. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

46. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

47. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rafael Hüseynov, Bahar Muradova, Ülviyyə Həmzəyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

48. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

49. “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

50. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

51. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

52. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

53. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

54. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Aydın Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

55. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

56. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli, Tahir Kərimli, Bahar Muradova, Qüdrət Həsənquliyev, Əli Məsimli, Tahir Rzayev, Musa Quliyev, Qənirə Paşayeva, Rauf Əliyev, Sədaqət Vəliyeva, Araz Əlizadə, Məlahət İbrahimqızı,  Natiq Məmmədov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 82
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–17-ci maddələri  qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.58 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Təklif: 18–26-cı maddələr  qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.58 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Təklif: 27–40-cı maddələr  qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

4 may 2018-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 94
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, biz bugünkü iclasın gündəliyini keçən dəfə təsdiq etmişdik. Ancaq gündəliyə dörd məsələ əlavə etmişik. Məsələlər sizdə var – 34, 35, 36, 37-ci məsələlər. Xahiş edirəm, gündəliyə salmaq üçün buna da münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, bu məsələlər də gündəliyə daxil oldu. Dörd məsələ bir zərflə gəlib. Əli Hüseynli bu məsələləri bir yerdə təqdim eləsin, ayrı-ayrılıqda səsə qoyarıq. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, cənab Sədrin qeyd etdiyi kimi, cənab Prezident tərəfindən dörd qanuna  dəyişiklik layihələri təqdim olunmuşdur. Bunlar “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara edilən dəyişikliklərdir. Bilirsiniz ki, bir müddət öncə cənab Prezident tərəfindən büdcədən maliyyələşən təşkilatların əmək haqları 10 faiz artmışdır. İndi təqdim olunan bir Konstitusiya qanunu və digər üç qanun layihəsi ilə  İnsan hüquqları üzrə müvəkkilin, Milli Məclis deputatlarının, Konstitusiya Məhkəməsi hakimlərinin və bütün digər hakimlərin əmək haqlarının, qeyd etdiyim kimi, mütənasib olaraq 10 faiz artırılması təklif olunur. Yenə diqqətinizə çatdırmaq istəyirəm ki, “İnsan hüquqları üzrə müvəkkil haqqında” Qanun Konstitusiya Qanunudur və ona edilən dəyişiklik də Konstitusiya Qanunu kimi qəbul edilməlidir və səsvermədə diqqətli olmağı xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, hesab edirəm ki, əmək haqları artırılmalı idi. Amma sözün doğrusu, düşünürəm ki, indiki artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib, həm də  əmək haqqı vətəndaşların layiqli həyatını təmin etməyə yetərli olmalıdır. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc barədə, gəlirlər barədə düşünməməlidirlər və onlar, hesab edirəm ki, həmin əmək haqqı ilə öz ailələrini layiqincə təmin etməlidirlər. Biz müqayisədə bütün region dövlətlərindən əmək haqqına görə, – xüsusilə özümüzdən başlayaq, – millət vəkillərinin əmək haqqına görə geridə qalırıq. Özü də  bizim əmək haqqımız bəzi qonşu dövlətlərdən bir neçə dəfə azdır. Məsələn, mən bilmirəm, Prezident Administrasiyasının əməkdaşları nə qədər maaş alırlar. Bu barədə bizə ətraflı məlumat verilsəydi, yaxşı olardı. Amma mənə verilən məlumata görə, orada hətta şöbə müdirinin əmək haqqı bizim Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Bu da, hesab edirəm ki, hakimiyyət bölgüsü prinsipinə ziddir, hakimiyyətin qanadlarının bərabərliyi prinsipinin pozulmasıdır.
Biz Azərbaycan Respublikası Prezidentinin əmək haqqını Seçki Məcəlləsi ilə müəyyənləşdirmişik. Bu, 15 min manatdır. Düşünürəm ki,  Azərbaycan Respublikasının Baş naziri, Milli Məclisin spikeri azı 10 min manat maaş almalıdırlar. Deputatlar  indiki reallıqda azı 8 min manat maaş almalıdırlar.
Bəziləri fikirləşə bilər ki, bu, vətəndaşlarda qıcıq yaradar, orta aylıq əmək haqqının az olduğu dövrdə ali dövlət hakimiyyəti orqanları nümayəndələrinin əmək haqlarının bu qədər artırılması əlavə narahatlığa səbəb olar. Şəxsən mən belə düşünmürəm. Sadəcə, vətəndaşlarımızla iş aparmaq lazımdır.
Mən dünən mətbuatda da bu barədə bir açıqlama vermişdim. Vaxtilə Sinqapurda məşhur Li Kuan özünün “Sinqapur möcüzələri” adlandırılan islahatlarına başlayanda məmurların əmək haqlarını, xüsusilə nazirlərin əmək haqlarını, özünün əmək haqqını – illik əmək haqlarını 2,2 milyon dollardan başlamışdı. Sonradan 2011-ci ildə əmək haqları 36 faiz endirildi. Artıq dövlət sabitləşmişdi, ölkə inkişaf etmişdi. Hazırda nazirlər 100 min ABŞ dollarından artıq maaş alırlar. Bu gün Sinqapurda nazirlər o qədər maaş aldığına görə də orta aylıq əmək haqqı 58 min dollardır. Vətəndaşımıza deməliyik ki, siz istəyirsinizsə ölkədə korrupsiyaya qarşı, rüşvətxorluğa qarşı ciddi mübarizə aparılsın, biz məmurların, nazirlərin, millət vəkillərinin əmək haqlarını ciddi artırmalıyıq. Artırmalıyıq, onlardan tələb edək ki, başqa qanunsuz yollarla varlanmaq haqqında, yaxud ailələrini saxlamaq barədə düşünməsinlər. Ondan sonra bu ölkədə  korrupsiyaya qarşı mübarizə həm də islahatlara  yol açacaq və  necə ki, Sinqapurda nazir 100 min maaş alır, orta aylıq əmək haqqı 58 mindir, gələcəkdə bizdə də əgər nazir 10 min manat alarsa, siz də 5 min manat  maaş ala bilərsiniz. Yoxsa  nazir 2 min manat maaş alacaqsa, 3 min manat maaş alacaqsa, siz də yenə 500 manat maaş alacaqsınız. Məncə, xalqımızla  bu cür əsaslandırılmış  izahat aparılsa, insanlara deyilsə, heç bir qıcıq yaranmayacaq.
Bundan başqa, Oqtay müəllim, ölkədə, ümumiyyətlə, əmək haqqı ilə bağlı, mən düşünürəm ki, bizim ayrıca bir qanun qəbul etməyimizə ehtiyac var. Dövlətin əmək haqqı siyasəti həmin qanunda öz əksini tapmalıdır. İndi biz ombudsmanın əmək haqqını artırmaq üçün  Konstitusiya qanununa dəyişiklik etməliyik.  İqtisadiyyatda, bilirsiniz ki, tənəzzül də ola bilər, inkişaf da ola bilər. Bu baxımdan əgər inkişaf olacaqsa, dövlətin  pulu artacaqsa, deməli, hamının rifahı yaxşılaşdığı kimi, dövlət məmurlarının da, ombudsmanın da əmək haqqı artırılmalıdır. Yox, tənəzzül olacaqsa, maaşları artırmağa ehtiyac qalacaqsa, onda yenə də azaltmarıq. Biz hər dəfə buna görə Konstitusiya qanununu dəyişməli deyilik. Ona görə düşünürəm ki, biz əmək haqqı haqqında bir qanun qəbul edək və orada  nəzərdə tutulsun ki, hər dəfə biz əmək haqqını artıranda, azaldanda bu cür qanunlara baxmaq məcburiyyətində qalmayaq.
Yeri gəlmişkən, əmək haqqı siyasəti ilə bağlı mən onu da söyləmək istəyirəm ki, bizdə bir çox kateqoriyadan olan insanların əmək haqları çox aşağıdır. Xüsusən bu kateqoriyalara aid olan təbəqələrdən biri həkimlərdir. Mən əvvəllər də məsələ qaldırmışam ki, axı bizdə niyə bu qədər dövlət xəstəxanası olmalıdır? Onsuz da dövlət xəstəxanalarının böyük əksəriyyətində tibbi xidmət pulludur. Əgər xidmət pulludursa, niyə bu, dövlət xəstəxanası olmalıdır? Yəni bunu özəlləşdirmək lazımdır ki, sahibkar orada normal şərait yaratsın, yeni avadanlıqlar alsın, xüsusi mülkiyyətdə olan əmlak kimi həmin xəstəxananın təmirinə diqqət yetirsin, həm də işçilərinə yüksək əmək haqqı versin. Yəni bu özəlləşdirmənin aparılmamasının səbəbi, doğrudan da, bəlli deyil. Yaxud adi küçə süpürənlər də bəzən  dövlət müəssisələrinin əməkdaşlarıdır. Dövlət niyə bu xidmətlə məşğul olmalıdır? Olmazmı ki, o sahələrin hamısı, xidmət sahələri özəlləşdirilsin və həmin özəlləşdirilmiş şirkətlə dövlət müqavilə bağlasın, o şirkətlər də vergi ödəsin və bu işi görsünlər. Dövlət niyə bizneslə məşğul olmalıdır? Azərbaycanda özəlləşdirilmənin bu qədər gecikdirilməsinin səbəbini, mən, sözün doğrusu,  anlamıram. Biz bazar iqtisadiyyatına keçmişiksə, bu barədə ciddi düşünməliyik və Azərbaycanda islahatlar dərinləşdirilməlidir. Yalnız islahatları dərinləşdirmək yolu ilə biz buna nail ola bilərik ki, gələcəkdə əmək haqlarını, o cümlədən pensiyaları, doğrudan da, qaldıra bilək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən Sinqapur sindromunu bilirəm, ancaq  indiki dövrdə əmək haqları arasında böyük fərqlərin yaradılmasının əleyhdarıyam. Mən hesab edirəm ki, bu düzgün olmaz. Deyirsiniz ki, bizim parlamentin əmək haqqı qonşu ölkələrin əmək haqqından dəfələrlə aşağıdır. Bu da düzgün məlumat deyil, Qüdrət müəllim. Ən yüksək əmək haqqı Rusiya parlamentindədir, ikinci yerdə Azərbaycan parlamenti ilə Qazaxıstan  eyni səviyyədə gedir. Çox böyük fərq yoxdur.
Xahiş edirəm, gündəliyin 34-cü məsələsinə – “İnsan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya Qanununa dəyişiklik barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
35-ci məsələ. “Milli Məclisin deputatının statusu haqqında” Qanuna dəyişiklik. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun.
36-cı məsələ. “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun.
Bu qəbildən sonuncu məsələ – “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 38-ci məsələsi. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında. Buyursun daxili işlər nazirinin birinci müavini, Milli Koordinator Vilayət Eyvazov.
V.Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  XXI əsrin təhdid və çağırışlarından hesab edilən insan alverinə qarşı mübarizədə dünya birliyinin səyləri problemin qloballığı baxımından ötən il daha da gücləndirilmiş, əvvəlki illərlə müqayisədə daha çox 14897 fakt və 66520 qurban müəyyən edilərək təqsirkar şəxslər barəsində məhkəmələr tərəfindən 9071 ittiham hökmü çıxarılmışdır.
Ümumbəşəri dəyərlərə sadiqlik nümayiş etdirən Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət planında təsbit edilmiş bütün tədbirlər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğun, ombudsman təsisatının və Mətbuat Şurasının iştirakı ilə 2017-ci ildə tam yerinə yetirilmişdir.  İlk növbədə qeyd edim ki, qlobal çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması üzrə hesabat ilində davam etdirilən işlər sözügedən cinayətlərlə mübarizədə əhəmiyyətli olmuşdur. Belə ki, Azərbaycan Respublikasının qanunu ilə ratifikasiya edilmiş Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair Avropa Şurasının Konvensiyası digər hüquqa zidd əməllərlə bərabər insan alverinə qarşı mübarizədə də tərəfdaş ölkələrlə birgə fəaliyyət göstərmək üçün yeni imkanlar açır. Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında gənclərin insan alverinə qarşı mübarizədə məlumatlılıq səviyyəsinin artırılması ilə bağlı nəzərdə tutulmuş silsilə tədbirlərin icrasına başlanılmışdır.  Sosial şəbəkələrdə ictimai mənəviyyata zidd olan, yeniyetmələrin tərbiyəsini və psixoloji durumunu pozan materialların yayılmasının qarşısının alınması, gənclərin mənəvi cəhətdən sağlam inkişafı, hüquq və mənafelərinin təmin edilməsi sahəsində izahat və tərbiyəvi işlərin gücləndirilməsini, ictimai  təsir və hüquqi məsuliyyət tədbirlərinin görülməsini ehtiva edən normativ aktların layihələri hazırlanaraq aidiyyəti üzrə artıq təqdim edilmişdir.
İnsan alverinin qurbanlarını gözləyən təhlükə, kriminal şəbəkənin istifadə etdiyi metodlar, dövlət tərəfindən təmin edilən müdafiə üsulları, əhalinin inzibati, cinayət, hüquqi və digər tədbirlər haqqında biliklərinin artırılmasına, bütövlükdə insan alveri riskinin azaldılmasına yönəldilmiş məlumatlandırma işi də davam etdirilmişdir. Orta ümumtəhsil məktəblərinin yuxarı siniflərinin 80 mindən çox şagirdi və valideynlərlə uşaqların insan alverindən müdafiə məsələləri müzakirə olunmuş, bu tədbirlərdə Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə bir neçə film çəkilib nümayiş etdirilmişdir. Analoji  görüşlər həmçinin bir sıra universitetlərin, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə də keçirilmişdir. Əvvəlki illərdə olduğu kimi, təbliğat işinin təşkilində özündə 45 ictimai qurumu birləşdirən qeyri-hökumət təşkilatları koalisiyasının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin böyük rolu olmuş və bu sahədə təşəbbüskarlığı ilə fərqlənən 15 ictimai qurum Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onların təqdim etdiyi, ümumi dəyəri 104 min manat olan 16 layihə isə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurası tərəfindən maliyyələşdirilmişdir. Eyni zamanda, hüquq mühafizə orqanları əməkdaşlarının professional hazırlığı işinə yeni meyarlarla yanaşılmasının, təlim-təhsil sisteminin effektivliyinin artırılmasının zəruriliyi nəzərə alınaraq insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının işçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri üçün xüsusi tədris kursları təşkil olunmuşdur.
Müvafiq polis qurumunun əməkdaşları 11 xarici dövlətdə və ölkəmizdə keçirilən 48 konfrans, seminar və təlimlərdə iştirak etmiş, bir sıra beynəlxalq treninqlərə cəlb edilmişlər. İnsan alveri ilə bağlı mövzuların tədrisi Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzlərində də davam etdirilərək həmin qurumlarda təhsil alanlar və işləyənlər üçün xüsusi kurslar təşkil edilmişdir.
Səhiyyə, sosial müdafiə sahələrinin və orta ümumtəhsil müəssisələrinin işçiləri insan alverinin qurbanlarına tibbi və psixoloji yardım, onların sosial reabilitasiyası mövzularında təlimdə və dəyirmi masalarda iştirak etmişlər. Xarici və yerli ekspertlərlə birgə 2 mindən artıq sahibkar  cəlb edilərək keçirilmiş treninqlərdə isə insan alveri qurbanlarının  reinteqrasiyası məsələləri müzakirə olunmuş, potensial qurbanların işə götürülməsi ilə bağlı təşviqat aparılmışdır. Qurbanlar üçün xüsusi müəssisələrin mü-təxəssislərinə peşəkar tibbi, psixoloji və digər yardımların göstərilməsinin əsasları öyrədilmişdir. İnsan alveri ilə bağlı əksər cinayətlərin transparent xarakter daşıması nəzərə alınaraq hesabat dövründə xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələr, informasiya mübadiləsi diqqət mərkəzində saxlanılmışdır.
Azərbaycanda insan alverinə qarşı mübarizədə əldə olunan tərəqqi, əməkdaşlığın perspektivləri, birgə layihələrin əhatə dairəsinin genişləndirilməsi ötən il Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya  siyasətinin  inkişafı üzrə beynəlxalq mərkəzin təmsilçiləri ilə görüşlərdə ətraflı müzakirə edilmişdir. Təyinat ölkələrindən olan Türkiyə və İran İslam respublikalarının, Birləşmiş Ərəb Əmirliklərinin aidiyyəti dövlət orqanları nümayəndələrinin ölkəmizə səfəri zamanı məlumat mübadiləsinin intensivliyinin artırılması, axtarışa elan edilmiş təqsirləndirilən şəxslərin ekstradisiyası və başqa vacib məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. Ümumən xarici həmkarlarla yaradılmış səmərəli əməkdaşlıq əlaqələri, xüsusilə müstəqillik illərində Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, həmin cinayətlərin törədilməsi haqqında məlumatların toplanılmasında, razılaşdırılmış tədbirlərin həyata keçirilməsində real nəticələr verməkdədir.
Bununla yanaşı, bir sıra mötəbər beynəlxalq qurumlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlığı Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatlarla birgə görülmüş işlərin böyük bir hissəsi məhz insan alveri problemləri ilə bağlı olmuşdur. Avropa Şurasının müvafiq konvensiyasından irəli gələn öhdəliklərin icra vəziyyətinin yerində öyrənilməsi üçün  bu təşkilatın ekspertlər qrupu ötən il ölkəmizə səfər edərək həyata keçirilən layihələr və təlimlər haqqında yerində tanış olmuşlar. İnsan alveri ilə mübarizədə əməkdaşlığın inkişaf etdirilməsinə yeni imkanlar açan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış birgə bəyannamə formatında, eləcə də Avropa İttifaqı – Azərbaycan əməkdaşlıq komitəsinin 6-cı iclasında qarşılıqlı əlaqələrin perspektivləri  müzakirə edilmişdir. Daxili İşlər Nazirliyinin və  Avropa Birliyinin  təşkilati və maliyyə dəstəyi ilə Bakı şəhərində təşkil olunmuş beynəlxalq seminarda Azərbaycan, Türkiyə və Pakistan dövlətlərinin geniş tərkibli nümayəndə heyətləri, həmçinin Avropa ölkələrini təmsil edən beynəlxalq ekspertlər iştirak etmişlər.
İnsan alverinə qarşı mübarizədə texniki və məşvərətçi dəstəyin göstərilməsi üçün Xarici İşlər Nazirliyinin əlaqələndiriciliyi ilə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla səmərəli danışıqlar aparılmış, habelə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən ötən ilin iyul ayından etibarən insan alverinə qarşı mübarizə potensialının gücləndirilməsi layihəsinin icrasına başlanılmışdır.
Hazırda bu layihə çərçivəsində xarici ölkələrdə insan alveri qurbanlarına və ya potensial qurbanlara adekvat yardımın göstərilməsi, diplomatik xidmət əməkdaşlarının bilik və lazımi bacarığının artırılması istiqamətində əhəmiyyətli işlər görülür. Müvafiq sahədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə və  Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin, Avropa Şurasının insan alverinə qarşı mübarizə üzrə ekspertlər qrupunun, Beynəlxalq Miqrasiya və Beynəlxalq Əmək təşkilatlarının hesabatları öyrənilmiş, ayrı-ayrı Avropa ölkələrinin mütərəqqi təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri araşdırılmışdır.
Məcburi əməyin qarşısının alınması, bu hüquqa zidd əməllərə şərait yaradan halların aradan qaldırılması ilə bağlı fəaliyyətin gücləndirilməsinə də xüsusi diqqət yetirilərək qarşıda duran vəzifələr planlı şəkildə yerinə yetirilmişdir.  Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ötən il respublika üzrə 6 məcburi əmək faktı aşkarlanmış, 5 qurbanın, o cümlədən 2 əcnəbinin ölkəmiz daxilində istismar edildiyi məlum olmuşdur. Hər iki fakt üzrə başlanılmış cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər haqqında məhkəmələr tərəfindən müvafiq ittiham hökmləri  çıxarılmışdır.
Məcburi əməyin profilaktikası işində böyük əhəmiyyət kəsb edən tədbirlərdən biri də  ölkədə olma və ya yaşama qaydalarını pozan 20285 əcnəbinin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6330 nəfərin deportasiyası olmuşdur.
Uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilmişdir. Aparılmış yoxlamalarla  həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiq olunmamışdır. Lakin müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədi ilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilmişdir. Övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində isə müvafiq inzibati tənbeh tədbirləri görülmüşdür. Eləcə də, Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən uşaq mərkəzlərində  monitorinqlər keçirilərək, onların zəruri sosial və tibbi yardımla əhatə olunması təmin edilmişdir.
İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət də məqsədyönlü xarakter daşımışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə, qanunsuz hərəkətlərlə əlaqədar 26 fakt aşkarlanmış, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilmişdir. İnsan alveri və məcburi əmək faktlarına görə başlanılmış cinayət işlərindən 28-nin istintaqı tamamlanaraq 33 şəxs barəsində məhkəmələr tərəfindən ittiham hökmləri çıxarılmışdır. Müəyyən edilmiş 71 qurbandan 68-i Azərbaycan Respublikası, üçü xarici ölkə vətəndaşı olmuşdur. Onlardan 65-i müvəqqəti sığınacağa yerləşdirilərək, hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilmiş və 400 manat məbləğində birdəfəlik müavinət ödənilmişdir. Bütövlükdə 68  qurban sosial xidmətlərlə əhatə olunması üçün qeyri-hökumət təşkilatlarına və insan alveri qurbanlarına yardım mərkəzinə istiqamətləndirilmiş, 21-i işlə təmin edilmiş, 6-sı peşə kursuna göndərilmiş, habelə 55-i sonradan ailələrinə qaytarılmışdır. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 15 uşaq məktəbəqədər təhsil proqramına yönəldilmiş, 11-nin atalığı müəyyən edilərək alimentlə təmin olumasında, 9-na isə aidiyyəti sənədlərin alınmasında köməklik göstərilmişdir.
Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı qaynar xətt telefon xidmətinə daxil olmuş 9 minə yaxın müraciət araşdırılaraq qanuna uyğun ölçülər götürülmüş, təşəbbüskarlara zəruri izahlar verilmişdir.
Hörmətli millət vəkilləri! Beynəlxalq ekspertlərin rəyinə görə, insan alveri narkotik vasitələrin və saxta məhsulların qanunsuz dövriyyəsindən sonra kriminal biznesin ən mənfəətli növlərindən biri hesab olunur. İl ərzində bu növ cinayətlərdən daxil olan gəlirin məbləği 32 milyard dollar təşkil edir. Hər il böyük əksəriyyətini qadınlar və uşaqlar təşkil edən təqribən 2,5 milyon şəxs insan alverinin qurbanına çevrilir, onun cinsi istismar, məcburi əmək, dilənçilik, məişət köləliyi, orqan transplantasiyası kimi növlərinə məruz qalır. İnsan alveri ilə məcburi əmək probleminin günümüzün reallığına çevrildiyi müasir dünyada Azərbaycan da öz potensialından maksimum istifadə edərək həmin təhlükələri qabaqlamaq, onlara adekvat reaksiya vermək üçün davamlı tədbirlər görür. Xüsusən ölkəmizdə insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə aparılmasının başlanğıcının qoyulduğu 2003-cü ildən sonrakı 15 ildə  bu hüquqazidd əməllərin qarşısının alınması, cinayət təqibinin yüksək səviyyədə həyata keçirilməsi, qurbanların müdafiəsi, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük bir fəaliyyət ortaya qoyulmuşdur. Milli qanunvericilik aktları və konsepsiyalar rəhbər tutularaq beynəlxalq kriminal şəbəkələrin ölkəmizdə fəaliyyət göstərməsinin  qarşısı qətiyyətlə alınmış, sözügedən cinayətlərin təşkilatçılarının, icraçılarının və onlarla əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür və bu gün də sistemli şəkildə həyata keçirilir. Hazırda insan alverinə qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, müvafiq istiqamətdə maarifləndirmə işinin daha məqsədyönlü aparılması, vətəndaş cəmiyyəti institutları ilə əlaqəli fəaliyyətin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, kadrların peşəkarlığının artırılması, əməliyyat potensialının, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi və digər mühüm vəzifələr Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcıllıqla davam etdirilir və bütün bu işlərdə ölkə rəhbərliyinin, şəxsən cənab Prezidentin olduqca vacib dəstəyi hər zaman hiss olunur.
Çıxışımın sonunda insan alverinə qarşı mübarizəyə dair dövlət siyasətinin həyata keçirilməsinə böyük fayda gətirən səmərəli əməkdaşlıq münasibətinizə görə hörmətli millət vəkilləri, sizə, eləcə də vətəndaş cəmiyyəti institutlarının və milli mediamızın nümayəndələrinə bir daha dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. 11 nəfər yazılıb, əgər etiraz yoxdursa, müzakirədə 5 dəqiqəlik çıxışlara keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Fazil Mustafa.
F.Mustafa. Sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri,  hesab edirəm,  hörmətli koordinator Vilayət müəllimin çıxışında da gördük ki, Azərbaycanda bu sahədə kifayət qədər böyük işlər görülür. Həqiqətən,  müəyyən nizama salınmış vəziyyətdədir. Əvvəllər insan alveri ilə bağlı problemlər daha qabarıq şəkildə  gündəmdə idi, indi artıq bunun həm qanunvericilik bazasının tənzimlənməsi, həm də praktik olaraq qarşısının alınması istiqamətində böyük işlər görülür. Amma bu elə spesifik sahədir ki, bunun böyük problemlər, xüsusilə sosial şəbəkədə bu təbliğatın daha professional formada aparılması ilə bağlıdır. Ona görə bunu aradan qaldırmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan materialların, bu istiqamətdə qurulan əməkdaşlıq tendensiyasının qarşısını almaq üçün böyük işlər görülməlidir və peşəkar işlərin görülməsinə ehtiyac var.
Amma burada bizi daha çox maraqlandıran budur ki, biz Milli Məclis olaraq, parlament olaraq bura öz köməyimizi necə göstərə bilərik. Çünki açığı, burada həyəcanverici məsələlər də çoxdur. Əsas problemlər qəyyumluq və himayə orqanlarının peşəkarlığının və maddi bazasının, maddi imkanlarının aşağı olması ilə bağlıdır. Tutaq ki, Daxili İşlər Nazirliyi tərəfindən konkret uşaqlar tutulur, dilənçiliklə məşğul olan, müəyyən adamlar üçün xidmət yerinə yetirən, istismar olunan adamlar tutulur və təhvil verilir ayrı-ayrı qurumlara, reabilitasiya mərkəzlərinə, ya da himayə və qəyyumluq orqanlarına. Burada nə dərəcədə effektlidir? Onların təzədən bu yola qayıdışı baş verirsə, əsas problemi daha çox burada axtarmalıyıq.
Ona görə də mən  məhkəmə praktikası ilə bağlı məsələlərin də müəyyən dərəcədə araşdırılmasını və təbliğ olunmasını vacib sayıram. Məhkəmədə insan alveri qurbanları ilə bağlı hansı tədbirlər görülür? Bunun televiziyadan, mediadan yayılması vacibdir. Ümumiyyətlə, Azərbaycanda məhkəmənin rolunu qaldırmaq üçün ciddi addımlar atılmalıdır. Siz təsəvvür edin, son zamanlar məhkəmə qurumlarının fəaliyyətinə və məhkəmədə səsləndirilən fikirlərə o qədər etinasız münasibət var ki... Bəzən biz məhkəmə hakimlərini qınayırıq, amma burada səslənən fikirlərə ciddi reaksiya vermək lazımdır. Bu günlərdə bizim Azərbaycan TV-nin rəhbəri, keçmiş millət vəkili Arif Alışanovla bağlı məhkəmə prosesini mətbuatdan izlədiyim qədər, adamı konkret olaraq haqlı-haqsız, doğrudur, səhvdir, bilmirəm, adam öldürməkdə ittiham edirlər. Heç kim reaksiya vermir. Heç o adamın özü də reaksiya vermir ki, mən belə bir şey törətməmişəm. Yəni söhbət 5–10 manat oğurlamaqdan getmir, insan öldürməkdən  gedir. Məhkəmədə əgər bu fakt ortaya çıxırsa, niyə buna müəyyən reaksiya verilmir? Adicə vəzifədən uzaqlaşdırıb, müəyyən qədər istintaqın obyektiv aparılmasını təmin etmək olardı. Bu baxımdan məhkəmənin nüfuzunu bu istiqamətdə qaldırmaq olardı.
İnsan alveri qurbanları ilə bağlı məsələdə də bu praktikanın yayılması lazımdır. İnsanlar görsünlər ki, bununla bağlı insanları hansı aqibət gözləyir. Bu yaxınlarda açıqlama verildi, 1500-dən artıq orta məktəb şagirdinin abort məsələsi gündəmə gətirildi. Gələcəyin insan alveri qurbanlarıdır. Bunlar sabahın böyük problemidir. Bunun arxasında həkim şəbəkəsi durur, bunun arxasında bunu gizlədən durur, bunun arxasında ciddi faktlar durur. Bu baxımdan da bu məsələlərə köməklik göstərməyə çalışmalıyıq ki, təmin eləyək.
Qanunvericilik istiqamətində əgər nəyisə sərtləşdirmək lazımdırsa, bunu etməyimiz olduqca vacibdir. Bu baxımdan hesab edirəm ki, bütün bu qəyyumluq və himayə orqanlarının real məzmun alması vacibdir. Biz qanunlar qəbul edirik, ictimai iştirakçılıq haqqında qanun qəbul edirik. Oqtay müəllim, Sizə bir faktı xatırladım. Bu qanunu biz qəbul eləmişik. Mən sizə fakt deyirəm ki, mərkəzi icra orqanlarında cəmi 8 ictimai şura yaradılıb, yerli icra orqanlarında 6 ictimai şura yaradılıb, bələdiyyələrdə heç nə yaradılmayıb. Bu qanunun nə əhəmiyyəti qaldı? Onu qəbul eləmişik ki, bu yaradılmalıdır. Qanun boykot olunub. Ona görə bir mexanizm olmalıdır ki, heç olmasa, Milli Məclis səviyyəsində qanunların işləməsi ilə bağlı biz məsələyə müdaxilə eləyə bilək, müəyyən məsələləri göstərək. Təkcə qanunu qəbul eləməklə yekunlaşdırmaq olmur ki? Bu sahədə, məhz insan alveri ilə bağlı məsələdə də parlamentin hansı dəstəyi verə biləcəyi geniş müzakirə olunmalıdır. Hansı zəruri dəyişikliklər olunmalıdır? Biz çevik köməklik eləməliyik ki, bu sahədə problemlər ortadan qalxsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də hesab edirəm ki, ötən on illər ərzində Azərbaycanda bu problemə qarşı dövlətin müvafiq orqanları tərəfindən düzgün təşkil olunan işlər hesabına çox böyük dəyişikliklər var. Müxtəlif beynəlxalq qruplarda, qurumlarda və bəzən dövlətlərdə Azərbaycanın adının yenə də əvvəlki yerində saxlanmasına baxmayaraq, mütərəqqi dəyişiklikləri hər birimiz müşahidə eləməkdəyik. Mən yaxşı xatırlayıram ki, parlamentdə şadlıq evlərindən tutmuş avtobuslarda konduktor kimi istismar olunan bizim övladlara qədər və digər sahələrdə bu problemlərin olduğu söylənirdi. Bu işləri təşkil etmək birinci növbədə ona görə mümkün oldu ki, daxili işlər orqanları hər zaman olduğu kimi indi də dövlətin yanındadır, təhlükəsizlik və daxili məsələlərə münasibətdə əsaslılıq göstərir.
Hörmətli Vilayət Eyvazovun özü haqqında da çox xoş sözlər söyləmək istəyirəm ki, əlçatan olub. Parlamentdə irəli sürülən bütün məsələlərə, siqnallara həssaslıqla reaksiya verilib və burada adı çəkilən digər  qurumlarla koordinasiyalı fəaliyyət təşkil olunub. Burada həqiqətən də birgə addımlar atılmasa, yalnız bir qurumun vasitəsilə, yalnız maarifləndirmə ilə, yalnız həssas qrupları, risk qruplarını nəzarətə götürməklə iş bitməyəcək. Əlbəttə, mən hesab edirəm, elə burada xüsusi vurğulamaq lazımdır ki, əsasən, bu problem üç mənbədən qaynaqlanır. Birinci, hansı ölkə ilə qonşuluqdasansa, oradan bunu təşkil eləməyə cəhd göstərirlər. Qazax ərazilərindən, Gürcüstan  üzərindən bu proses ola bilərdi. İranla həmsərhəd olan bölgələrimizdə bu var idi və Bakı hava limanı sektorunda.
Mən  hesab edirəm ki, artıq dövlətin açıq, gizli orqanları bu prosesi nəzarətə götürüblər və əvvəlki kimi həm əmək miqrasiyası adı ilə, həm də başqa istismar  məqsədi ilə bu prosesi təşkil eləmək imkanları xeyli azalıb. O cümlədən burada Rusiyanın adını çəkə bilərdim. Ötən illər ərzində onu qeyd edirdim ki,  azərbaycanlı  şəxslər gedib Rusiyada hansısa müəssisə, şirkət yaradırlar. Buradan insanlarımızı ora cəlb edirlər, illərlə orada işlədirlər, onların pasportlarını əllərindən aldıqlarından orada qalmaqlarının əvəzini fiziki yolla və ya əmək vasitəsilə ödədikləri bəllidir. Sonra da həmin şəxslər geri qayıdırlar və bununla bağlı gərəkli addımları ata bilmirik. Hesab edirəm ki, dövlət bu sahədə çox böyük nəzarət tədbirləri həyata keçirib və həmin şəxslərin adı ən azı media orqanlarında az-çox hallanır.
Yaxşı xatırlayıram ki, mənim özüm Şəmkir zonasından olan bir neçə şəxsin adını çəkmişdim ki,  onlar Rusiyaya gedib o adamları aparırlar oraya, onların canlı enerjisini, gücünü istismar edirlər, sonra da geri göndərirlər, onların ağırlığı dövlətin üzərində qalır.
İkinci, burada risk qrupları deyildi, bunlar, əsasən, tənha valideynlər, kimsəsiz uşaqlar və narkotik asılılığı olan və ya ailə-məişət zorakılığına məruz qalan insanlardır. Bunlar da nəzarətə götürülüb. Elə hesab edirəm ki, bu yöndə tədbirlərimizi gələcək illərdə davam etdirməliyik. Amma qanunvericilik səviyyəsində burada mən yalnız bir təklifi  eləmək istərdim. İnsan alverini təşkil eləyənlərin cəzası aydındır. Hörmətli Vilayət müəllim də qeyd etdi ki, işləri məhkəməyə gedib çatan nə qədər insan var. Amma düşünürəm ki, bunlar insan alverinin qurbanlarıdır, onların xidmətlərindən istifadə eləyənlər var. Onlara qarşı da cəzanı sərtləşdirməliyik. Ancaq iş təkcə cəza sistemi ilə bitmir. Sosial səbəblər, ictimai səbəblər, mənəvi səbəblər və sair burada önəmli rol oynayır.
Mənim zamanım başa çatır. Dediyimiz kimi, hesabatlarda adımızı qeyd eləyən dövlətlərə münasibətimi göstərmək istəyirəm. Əlbəttə,  istismarın başqa bir növü də siyasi alver predmetidir. Azərbaycanı tərk edən ayrı-ayrı insanlar ki bu gün Almaniyada, Fransada, Hollandiyada onlardan yararlanırlar, məsələn, onlardan biri zəhər tuluğu kimi daim nifrət püskürən, çirkab çəlləyi kimi özünü göstərən Vidadi İskəndərlidir, bu adamlar Fransada oturub hər gün Azərbaycanın dövlət adamlarını, müqəddəslikləri dağıdacaqlarını, dövlət adamlarına terror edəcəklərini, onların balalarına qarşı hücumlar təşkil edəcəklərini deyirlər. Həm Baş Prokurorluq, həm də Xarici İşlər Nazirliyi bu yöndə addımlar atmalıdırlar. O adamların beşini, altısını əlində saxlayan o dövlətə deməlidirlər ki, insan alverini təşkil eləyənlər sizlərsiniz, siyasi alveri həyata keçirirsiniz və onları terror qrupları kimi formalaşdırırsınız. Mən elə hesab edirəm ki...   
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli cənab Eyvazov, media təmsilçiləri! Hesab etmək lazımdır ki, Azərbaycanda sabitliyin qorunub saxlanmasında, təhlükəsizliyimizin təmin olunmasında Daxili İşlər Nazirliyinin müstəsna xidmətləri var. O bütün sahələrdə olduğu kimi insan alverinə qarşı mübarizədə də sistemli fəaliyyət göstərmiş və onların peşə fəaliyyəti nəticəsində ölkəmizdə bu ağır cinayətin səviyyəsi ildən-ilə aşağı düşməkdədir. Həm cənab Eyvazovun təqdimatında, həm də bizə təqdim edilmiş olan sənəddə   birmənalı şəkildə ifadə olunan fikirlər belə bir nəticəyə gəlməyə əsas verir ki, aparılan profilaktik tədbirlər, maarifləndirmə işi və inzibati vasitələrin səmərəliliyi bu istiqamətdə ciddi və əhəmiyyətli dönüş yaratmaqdadır və çox yaxşı haldır ki, insan alverinə qarşı aparılan mübarizədə Daxili İşlər Nazirliyinin müvafiq qurumları qeyri-hökumət təşkilatları ilə, ölkənin mətbuatı ilə, həm də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində işini qurmuşlar və əlbəttə, bu müsbət təcrübədir, çox yaxşı haldır. Bütün bunlar öz yerində, təbii, bir millət vəkili kimi, bir vətəndaş kimi koordinatora öz təşəkkürümü bildirirəm. Bu sahədə onlar fəaliyyətlərini daha ciddi şəkildə qurmalıdırlar ki, bu xoşagəlməz cinayət Azərbaycanda tamam sıfır səviyyəsinə ensin.
Yeri gəlmişkən, bir sıra problemlərin üzərində dayanmaq istəyirəm. Belə ki, komitədə müzakirə zamanı  millət vəkilləri, eyni zamanda, mən də bir məsələnin üzərində dayandıq. Azərbaycanda son illər turizm geniş miqyas almaqdadır. Bu çox yaxşıdır və ölkəmizə yetərincə maliyyə töhfələri verməkdədir. Lakin burada biz milli-mənəvi dəyərlərimizə  və əxlaqımıza zidd olan halları da müşahidə edirik. Mən bunları açıq şəkildə ifadə etmək, özümün rast gəldiyim məqamları önə çəkmək istəmirəm. Ancaq təbii ki, Azərbaycana turist sifəti ilə gələnlərin içərisində yüksək əxlaqi dəyərləri özündə ehtiva edənlərlə bərabər bu və ya digər ölkənin töküntüləri də ölkəmizə səfər edirlər və onlar xoşagəlməz əxlaqi davranışları açıq şəkildə nümayiş etdirirlər. Düşünürəm ki, bununla bağlı Azərbaycan qanunvericiliyində müəyyən dəyişiklik edilməlidir. Ən azı, bu cür insanlar Azərbaycandan dərhal deportasiya olunmalıdır.
Uşaq əməyinin istismarı ilə bağlı hər kəsin məsuliyyəti var. Ailənin də məsuliyyəti var, valideynlərin də məsuliyyəti var, eyni zamanda, cəmiyyətin bütün təbəqələrinin məsuliyyəti var. Mən düşünürəm ki, bununla bağlı cəmiyyət bütövlükdə öz iradəsini ortalığa qoymalıdır ki, uşaq əməyi istismar olunmasın.
Yeri gəlmişkən, bir məsələ də məni ciddi şəkildə narahat edir və  güman edirəm ki, bu çoxlarına bəllidir. Bəzi saytlarda seksual xarakterli preparatların reklamı zamanı  xoşagəlməz, ədəbsiz görüntülər yer almaqdadır. Əgər bununla  kim tanış olmaq istəyirsə, bir sıra saytlara girsinlər və biabırçı görüntülərin şahidi olsunlar. Ona görə də mənə belə gəlir ki, “Reklam haqqında” Qanunda da biz dəyişiklik etməliyik və bu cür biabırçı reklamların qarşısını almaq üçün qanunvericilik yolu ilə sərt tədbirlərin görülməsi üçün addımlar atılmalıdır. Mən bundan sonra da  Eyvazov başda olmaqla bütün bu sahədə fəaliyyət göstərən soydaşlarımıza uğurlar arzulayıram. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim! Dəyərli həmkarlar, öncə izninizlə mən bu gün anadan olmasından 155 il keçən və Azərbaycan parlamentinin ilk spikeri olmuş Əlimərdan bəy Topçubaşovu rəhmətlə, sayğı ilə anardım.
Konkret olaraq İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun çıxışına gəldikdə isə onu qeyd etmək istəyirəm, bu çıxış həm Daxili İşlər Nazirliyinin fəaliyyətini, həm ölkəmizdə strukturlararası əməkdaşlığı, həm dövlətlərarası əməkdaşlığı, həm də beynəlxalq qurumlarla əməkdaşlığı özündə əks etdirən məzmunlu bir çıxış idi. Mən bu məsələdə daha çox beynəlxalq aspektə diqqət yetirilməsini istəyirəm. Bu da təsadüfi deyil. Baxın, quldarlıq dövründə, dörd əsr müddətində insan alveri qurbanlarının sayı 12 milyon olub. Amma indiki statistikaya,  BMT-nin statistikasına əsaslansaq, – baxmayaraq, bu da müxtəlif cür məlumatlardır, – indi insan alveri qurbanlarının sayının 40 milyon üzərində olduğu bildirilir.
Burada təkcə gəlir məsələsi öz rolunu oynamır. Gəlirlərlə də bağlı statistikalar müxtəlifdir. Burada əsas rol ondan ibarətdir ki, biz cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, artıq beynəlxalq müstəvidə hüququn gücünün deyil, güclünün hüququnun təsdiqini tapırıq və bir sıra hallarda bu güclülərin etdiyi əməllərin nəticəsində insan alveri qurbanlarının həddindən artıq çoxaldığını görürük. Biz insan alverinə yanaşma baxımından ölkələri, adətən, üç qismə bölürük. Bunlar mənbə ölkəsi, tranzit ölkəsi və təyinat ölkəsidir. Amma çox təəssüflər ki, son zamanlar, xüsusilə də Yaxın Şərqdə baş verən proseslərin fonunda biz səbəbkar ölkələri və belə demək mümkünsə, hətta mərdimazar ölkələri görürük. Məhz bu ölkələrin fəaliyyətinin nəticəsidir ki, YUNİSEF-in qeyd etdiyi kimi, hər il 1,2 milyon nəfər insan alverinin qurbanına çevrilir. Amma ekspertlər bunun sayının 3 milyon üzərində olduğunu deyirlər. Məhz bu siyasətin nəticəsidir ki, biz indi insan alverinin tamamilə başqa bir təzahürü, daha təhlükəli təzahürü ilə üzləşirik. Bu da BMT-nin təmsilçisi xanım Zeynəb Banquranın da qeyd etdiyi kimi, insan alveri qurbanlarından artıq hərbi məqsədlə, ideoloji məqsədlə, terrorçuluq məqsədi ilə istifadə olunmasıdır. Çox təəssüf ki, Azərbaycan vətəndaşları da bu prosesə cəlb ediliblər.
Bundan kimlər istifadə edir? İŞİD, Boko Haram, Əl-Qaidə və sair qurumlar. Bunları kimlərin yaratdığı və nə məqsədlə yaratdığı da heç kimə sirr deyil. Biz ilk növbədə insan alverinin bu təsiri üzərində düşünməli və bundan qorunmalıyıq.
Bəli, həmkarlarım da qeyd etdilər ki, sosial şəbəkədə bayağı həyatın, əxlaqsızılığın təbliği ilə bağlı çoxlu boşluqlar var. Amma bunun təsiri təkcə insan alveri qurbanları ilə bağlı deyildir. Azərbaycanın dini ənənələrinə zidd olan radikal dini meyillərin təbliği nəticəsində insan alveri qurbanlarının daha təhlükəli bir hissəsi meydana gəlir və dünya hazırda bununla üz-üzədir.
Biz insan alveri qurbanları ilə bağlı əldə edilən gəlirdən danışırıq. Bəs ziyanlar necə? Yaradılan xaos nəticəsində, insan alveri qurbanlarının sayının artması nəticəsində və bu qurbanlardan terrorçu kimi faydalanma nəticəsində ölkələrə trilyonlarla ziyan dəyir. Məhz insan alverinin ön sırasında olan ölkələr bu qurbanlardan faydalanırlar. Suriyadan təkcə 2015-ci ildə 90 mindən artıq uşaq Avropaya gedib sığınacaq tapıb. Europolun, yəni Avropa Birliyi polisinin dediyinə görə, onların 10 mininin taleyi bəlli deyil. Haradadırlar bunlar? Və hörmətli Zahid Oruc da qeyd etdi, biz insan alveri qurbanlarından indi başqa cür faydalananı görürük. Xüsusilə bu il biz onu gördük. Qanunları pozaraq gedib başqa ölkələrdə sığınacaq tapanları həmin ölkələrin bəlli strukturları qul asılılığında saxlayaraq ölkəmizə qarşı mənəviyyatsızlıq, şərəfsizlik, əqidəsizlik alətləri kimi istifadə edirlər. Bunun qarşısı alınmalıdır.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Biz Vilayət müəllimin ətraflı hesabatını dinlədik. Mən qeyd etmək istərdim ki, insan alveri təkcə insanların alverindən asılı olan bir məsələ deyil. Ümumilikdə götürəndə insan alveri baş verən münaqişələrin, hadisələrin və ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasının bariz nümunəsidir. Azərbaycanda hüquq mühafizə orqanlarının xidməti nəticəsində, – təbii ki, başda cənab Prezidentin tapşırıq və göstərişləri olmaqla, – bu gün mövcud olan ictimai-siyasi sabitlik insan alverinin qarşısının alınmasının əsas amillərindən biridir. Yəni əgər ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada, təbii ki, insan alveri baş alıb gedəcək, narkotiklərin dövriyyəsi baş alıb gedəcək, uşaqların, yaxud insanların qanunsuz əməyə cəlb olunması baş alıb gedəcək və qanunların pozulması nəticəsində bu hadisələr daha geniş vüsət alacaq. O baxımdan ölkəmizdə yaranmış ictimai-siyasi vəziyyət Azərbaycanı nümunəvi ölkələrdən birinə çevirir. Bu gün demokratiyadan dəm vuran Avropa ölkələrində, ayrı-ayrı ölkələrdə insan alverinin miqdarı, faizi Azərbaycandan qat-qat üstündür və onlar bu və ya digər formada bütün vasitələrdən istifadə edərək o alverin qurbanlarını ayrı-ayrı işlərə cəlb edirlər. Biz şahidi oluruq ki, miqrasiya etmiş insanları konslagerlərdə saxlayırlar. Onlara çörəyi tikanlı məftillər üzərindən atırlar və başqa ölkələrə demokratiya və ya seçki hüququ haqqında dərs verməyə çalışırlar.
Biz görürük ki, Azərbaycanda bu iş çox yaxşı qurulubdur, yaxşı təşkil olunubdur və hesab edirəm ki, həm qanunvericilik, parlament tərəfindən verilən qanunlar baxımından, cənab Prezidentin verdiyi fərman və sərəncamlar, nazirliyin verdiyi qərarlar, digər əmr və sərəncamlar nəticəsində Azərbaycanda bu məsələnin qarşısı alınıbdır. Bunu da nəzərə alaq ki, son dövrlərdə ölkəmizə turist axını, doğrudan da, genişlənibdir. Turist axını, demək olar ki, bir neçə dəfə artıbdır və ilbəil artır. Bunlar üçün də hərtərəfli şərait yaradılır. “Asan Viza”dan başlamış bütün şərait təmin edilir. İstər-istəməz burada insan alveri predmeti də ortaya çıxır. Lakin hüquq mühafizə orqanlarının apardığı işin nəticəsi olaraq Azərbaycanda bu faiz artmaq əvəzinə azalmağa doğru gedir, halbuki bu qədər turistin qarşısında artmalı idi. Burada işin düzgün qurulması   bunları aşağı salır və getdikcə də aşağı düşməkdə davam edir.
Bizi əhatə edən ölkələrdə baş verən hadisələr barədə həmkarlarım da danışdılar. Bilavasitə bunların bazasına çevriliblər və təsəvvür edin ki, hər dəfə batırılan gəmidə 10 mindən artıq insan itkin düşür və bunların böyük hissəsi uşaqdır. Dəfələrlə filmlər göstərilir. O filmlərdə insanların daxili orqanlarının satılması üçün necə əməliyyat  keçirildiyi göstərilir. Bu insanlardan həm siyasi, həm də tibbi nöqteyi-nəzərdən istifadə edirlər. Ona görə də insan alveri ən ağır cinayətlərdən biridir və hesab edirəm ki, bu, terrorizmə bərabər tutulmalıdır.
Burada bir məsələyə – Avropada bir qrup insanın Azərbaycana qarşı düşmənçiliyi ilə bağlı məsələyə də toxunuldu. Bunun qarşısının alınmasına ilk başlayanlardan biri də mən olmuşam. Hesab edirəm ki, həmin insanlar mütləq ekstradisiya edilib Azərbaycan qanunları qarşısında cavab verməlidirlər, Azərbaycan hüquq mühafizə orqanları qarşısında cavab verməlidirlər. Mən təklif edirəm, səsə qoyub qəbul edək. Hesabatda hər şey əhatəli şəkildə öz əksini tapıbdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Siyavuş müəllimin təklifinə dəstək verək? Təkid edən yoxdur çıxışla bağlı? Onda xahiş edirəm, Milli Koordinatorun məruzəsinə münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Vilayət müəllim, təbrik edirik, Sizə işlərinizdə uğurlar arzulayırıq!
Gündəliyin növbəti məsələsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Komitə sədri Eldar İbrahimov. Eldar müəllim, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Məsləhət olsa, hesab edirəm ki, həm “Torpaq islahatı haqqında” Qanun, həm də Torpaq Məcəlləsi eyni məna yükünü daşıyır, ona görə də hər ikisi haqqında məlumat verərdim.
Hörmətli deputat həmkarlarım, müzakirənizə təqdim olunan qanun layihələrində – “Torpaq islahatı haqında” Qanunun “Bələdiyyə torpaqları” adlanan 7-ci maddəsinin birinci hissəsinin altıncı abzasında “idman meydançaların” sözündən sonra “və qəbiristanlıqların” sözlərinin əlavə edilməsi, Torpaq Məcəlləsinin “Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ” adlanan 47-ci maddəsinin üçüncü hissəsində “idman meydançalarının” sözlərindən sonra “və qəbiristanlıqların” sözlərinin əlavə edilməsi təklif olunur. Bu dəyişikliklər “Torpaq islahatı haqqında” Qanunu və Torpaq Məcəlləsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2017-ci il  dekabrın 29-da  qəbul olunmuş qanuna uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır və qəbiristanlıqların yerləşdiyi torpaqların statusunu, yəni ümumi istifadədə olan bələdiyyə torpaqlarının statusunu müəyyən edir. Layihələrin lehinə səs verməyi hörmətli həmkarlarımdan xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Buyurun, xahiş edirəm, 39-cu məsələyə münasibət bildirək. “Torpaq islahatı haqqında” Qanuna dəyişikliklərlə bağlı.

Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 81
Nəticə: Yetərsay yoxdur

Yetərsay yoxdur. Xahiş edirəm, səsvermədə diqqətli olaq. Bir də səsvermə. Səsverməni təkrarlayaq, xahiş edirəm, diqqətli olaq.

Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Eldar müəllim məlumat verdi. Xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
41-ci məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Ziyad müəllim məlumat verəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, gündəlikdə olan 41–46-cı məsələlər, yəni 6 qanun layihəsi cənab Prezidentin bir məktubu ilə daxil olmuşdur və bu dəyişikliklər qeyd olunan qanunları “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Bildiyiniz kimi,  2015-ci il mayın 15-də Milli Məclisdə qabaqcıl dünya təcrübəsinin tələblərinə cavab verən “Reklam haqqında” Qanun qəbul olunmuşdur və biz vaxtaşırı həmin qanunun təkmilləşdirilməsi istiqamətində müvafiq qanunlar qəbul etmişik.
Qısaca olaraq dəyişikliklərin mahiyyəti barədə onu demək istərdim ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda edilən dəyişikliklər lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələrin reklamının xüsusiyyətlərini dəqiqləşdirir. “Haqsız reklam” sözləri “haqsız, qeyri-dəqiq və gizli reklam” sözləri ilə əvəz olunur. Eyni zamanda, bir sıra dəqiqləşdirmə xarakterli düzəlişlər edilir. “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda texniki xarakterli düzəlişlər edilərək “Reklam haqqında qanunvericilik” sözləri “Reklam haqqında Azərbaycan Respublikasının qanunvericiliyi” sözləri ilə əvəz edilir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 7.4-cü maddəsinə yeni ikinci cümlə əlavə edilir. İnvestisiya qiymətli kağızlarının reklamının xüsusiyyətləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bu da onunla bağlıdır ki, artıq “Reklam haqqında” Qanunun 33-cü maddəsində investisiya qiymətli kağızlarının reklamının xüsusiyyətləri öz əksini tapmışdır.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 1.2.5-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda əmtəə nişanının reklamvericisinin sponsorunun adının və loqosunun yerləşdirilməsi reklam hesab edilir”. 45-ci maddəyə aşağıdakı məzmunda 7-ci hissə əlavə edilir: “Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təkzib edilir”.
Bütün bunları nəzərə alaraq, Milli Məclis üzvlərindən xahiş edirəm ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Mən 43-cü məsələyə dair fikrimi bildirmək istəyirəm. “Sosial reklam haqqında” Qanuna biz keçən iclaslarda da çox mühüm əlavələr və düzəlişlər etmişik. Məsələn, 13-cü maddənin 10-cu bəndində yazılıb ki, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Yəni biz  bu bəndə televiziyalar qarşısında  vacib bir vəzifə qoymuşuq. Lakin görürük ki, bizim bu qanunumuza telekanallar elə də əməl etmir və ümumiyyətlə, sosial reklam məsələsi  mühüm bir problem kimi efir məkanında qalmaqdadır. Eləcə də, mobil telefon istifadəçilərinin razılığı olmadan onlara bezdirici reklamların göndərilməsi problemi də qalmaqdadır. Halbuki biz bunu da həmin qanunla qadağan etmişik. Ona görə mən yenə də   qanunlarımızın icrasına  nəzarət mexanizmlərinə diqqət yetirmək istəyirəm. Biz gözəl qanunlar işləyib hazırlayırıq. Lakin onların icrası çox zəifdir və inanın ki, bu çox mühüm məsələdir. Bu, Milli Məclisin imicinə də xələl gətirir. Ona görə müvafiq orqanlardan, Nazirlər Kabinetindən tələb etmək lazımdır ki, müvafiq qanunların icrasına nəzarəti gücləndirsinlər.
Mənim ikinci təklifim “İctimai televiziya haqqında” Qanunun 14.1-ci maddəsinə aiddir. Burada yazılır ki, “yayımlanan reklam vizual, görüntülü və ya akustik, səsli şəkildə fərqlənməlidir”. Hesab edirəm ki, bu səsli məsələsinə biz bir də qayıtmalıyıq. Çünki bilirik ki, reklamlar yayımlananda səs birdən-birə qalxır və daha da bezdirici formada evlərimizə daxil olur. Mənim  yadımdadır ki, Rusiya Dumasında bu məsələyə baxaraq reklamların yüksək səslə verilməsini qadağan etmişdilər. Ona görə hesab edirəm ki, akustik, yəni səsli şəkildə fərqlənməsi məsələsi qanundan çıxarılmalıdır. Çünki onlar necə fərqlənəcəklər? Ancaq səsin qaldırılması ilə. Başqa necə fərqlənə bilər? Bu, reklamçılar tərəfindən çox böyük sui-istifadələrə gətirib çıxara bilər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Müzakirə etdiyimiz dəyişikliklər “Reklam haqqında” Qanunun  tətbiqi ilə bağlıdır və sübhəsiz ki, bu dəyişikliklərin hamısı lazımi dəyişikliklərdir və biz bunların hamısına səs verəcəyik və qəbul edəcəyik. Bu qanunlara edəcəyimiz dəyişikliklərin tətbiqi “Reklam haqqında” Qanunun daha mükəmməl işləməsinə gətirib çıxaracaqdır. Amma hörmətli Ziyafət müəllim, məni narahat edən bir neçə məsələ var. “Reklam haqqında” Qanunun düzgün tətbiq olunmaması, onun icrasının  düzgün həyata keçirilməməsi və bəzi məsələlərin, ümumiyyətlə, icra olunmaması, – hörmətli Elmira xanım da burada dedi, – bizi çox narahat edən məsələlərdir. Elə bu gün müzakirə edəcəyimiz “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunun 5.3-cü maddəsinə görə hər ay bütün televiziya və radio şirkətləri 20 dəqiqədən az olmayaraq sosial reklamlar,  maarifləndirici verilişlər verməlidirlər. Mən bir dəfə də olsun belə verilişə rast gəlməmişəm, belə bir reklama rast gəlməmişəm.
Bu yaxınlarda biz “Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul etdik. Həmin qanunda da var ki,  bütün televiziya və radio yayımçıları ayda 90 dəqiqədən az olmayaraq tütünün zərərli təsirləri haqqında sosial xarakterli reklam çarxları və maarifləndirici verilişlər verməlidirlər. İctimai televiziya və Azərbaycan televiziyasından başqa, mən heç birində belə bir 90 dəqiqəni əhatə edən veriliş görməmişəm. Hesab edirəm ki, Milli Teleradio Şurası bu məsələnin monitorinqini aparmalı və bu monitorinqin nəticələri kütləvi informasiya vasitələrində dərc olunmalıdır. Eyni zamanda, bir çox televiziya kanallarında, – mən özəl televiziya kanallarını deyirəm, – tibbi xidmətlərin, dərman vasitələrinin, bioloji aktiv qida əlavələrinin qeyri-düzgün, qeyri-sağlam və zərərli reklamı gedir. Az qala televiziya ekranlarından insanları müalicə edirlər və elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır. Elə  müalicə üsullarını reklam edirlər ki, o müalicələri adi poliklinika şəraitində adi bir kənd həkimi də həyata keçirə bilir. Hətta bunları elə reklam edirlər ki, elə bil, Azərbaycanın bütün xəstələrinin problemləri bu klinikaların və bu həkimlərin əlindədir. Elə reklam edirlər ki, guya ölkənin bir nömrəli klinikasıdır. Kim nömrələyib bu klinikaları? Kim buna bu adı, bu statusu verib?
Əvvəlki qanunumuzda tibbi xidmətlərlə bağlı reklamların verilməsi Səhiyyə Nazirliyinin rəyi əsasında həyata keçirilirdi. Bu rəy və icazə aradan götürülübdür. Hesab edirəm ki, bu doğru olmayan bir addımdır. Çünki insanların sağlamlığı ilə bağlı məsələ milli strateji bir məsələdir, milli təhlükəsizlik məsələsidir.
Mən təklif edərdim ki, biz “Reklam haqqında” Qanunda dəyişiklik edək. Bu reklamlara, bu təbliğat üsullarına, hətta həkimin hansısa müalicə metodunun, hansısa tibbi avadanlığın reklam edilməsinə Səhiyyə Nazirliyinin icazəsi olmasa da, hər halda rəyi verilməlidir ki, bu, zərərli əks-təsirlərə gətirib çıxarmasın. Dərmanlarla bağlı, xüsusən bioloji aktiv qida əlavələri ilə bağlı reklamlar olduqca zərərlidir və qanunumuzda da göstərilib ki, bunlar reklam olunarkən “dərman vasitəsini əvəz etmir” fikri ya yazılı şəkildə, ya da səsli şəkildə mütləq orada göstərilməlidir. Dərman olmayan belə bioloji aktiv vasitələrin hamısını bütün dərdlərin dərmanı kimi reklam edirlər. Bunlar daha baha qiymətə satılır, insanlarımızın sağlamlığı hesabına kimlər isə varlanır. Hesab edirəm ki, bunlar yolverilməzdir. Müvafiq qurumlar, xüsusən Teleradio Şurası bu məsələdə ciddi tədbirlər görməlidirlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Musa müəllimin dedikləri elə mənim fikirlərimlə də üst-üstə düşür. Ona görə çox geniş danışmayacağam. Amma bu gün cəmiyyəti, doğrudan, narahat edən reklamla bağlı çoxlu problem var. Elə bu yaxınlarda bir həkimin həbs edilməsi və məlum olması ki, o, reklam olunduğu qədər həkim deyil, onun müəyyən dərmanlara üstünlük verməsi və dərman satışı ilə məşğul olan bəzi şəxslərin həbsi ilə bunların əlaqəsi göstərdi ki, bu sahədə olduqca böyük boşluq var. Amma bu boşluq insanlarımızın səhhətinə zərər vura biləcək boşluqdur. Biz haqsız reklamdan, sosial reklamların niyə olmamasından danışırıq. Təbii ki, biz bunları deyirik, amma bunlara bir nəzarət edən lazımdır. Bunları həyata keçirən qurumların üzərində bir məsuliyyət olmalıdır.
Yaxşı, zay həkimlərdən biz necə qorunaq? Həkimləri televiziyada nə qədər reklam etmək olar? Amma bu həkimlərin savadı, biliyi, harada təhsil aldığı cəmiyyətə məlum deyil. Bu günlərdə mənə dedilər ki, telefonlara mesaj gəlir ki, siz hansı isə bir uduşun qalibi oldunuz və filan klinikada sizə endirim olunur, sizi ora dəvət edirik. Artıq telefonlar vasitəsi ilə mesaj gəlir. Amma müəyyən həkimlərin çıxarılıb televiziyaya təbliğ olunmasına, müəyyən dərmanların özbaşına təbliğ edilməsinə yol vermək olmaz. Musa müəllim çox haqlı deyir ki, səhiyyə nazirinin razılığı olmadan reklam edilməməlidir. Bu dərmanın tərkibi nədir, bu dərman, doğrudan, bu xəstəliyə uyğundur, uyğun deyil? Biz elə bir dövrdə yaşayırıq ki, insana hansı antibiotikin lazım olduğu hətta analizlərdən müəyyən edilir. Yəni beşindən-üçündən hansı isə konkret birinin üzərində durur. Amma kütləvi şəkildə təbliğ etmək ki, bu bir nömrəli dərmandır, bu bir nömrəli həkimdir, bu olmaz. Bizim insanları cəlb edirlər, aparırlar.
Düzdür, mən bilirəm, televiziyalarda müəyyən layihələr var, müəyyən layihələr çərçivəsində hansısa saatlar alınır və o saatların pulunun ödənilməsi üçün sponsor axtarırlar və reklamlardan istifadə edirlər. Amma bu, kortəbii reklam ola bilməz. Kim isə yerindən dursun, gəlsin, sponsorluq etsin, bir 3000–5000 versin və özünün zay məhsulunu və zay həkimin özünü təbliğ etsin, bu yolverilməzdir. İnsanlar əziyyət çəkir – həm maddi əziyyət çəkir, həm də sonra fiziki əziyyət çəkirlər. Elə dünən yox, srağagün həkimlərin səhvi ucbatından bir nəfər sağlam adam dünyasını dəyişdi. Bizim yaxınlar da o məclisdə iştirak etdilər. Həkim deyir ki, mən əməliyyat zamanı bir səhvə yol verdim. Amma o həkimi mən daim televiziyada görürəm. Ümumiyyətlə, bu, sosial bir problemdir. Sosial reklamlar, ümumiyyətlə, yoxdur, çünki o 20 dəqiqəni kimə isə satıb oradan televiziyaya 5000–3000 pul ödətdirə bilirlər. Amma sosial reklamlar mütləq olmalıdır. Çox  istəyərdim ki, bu məsələyə Səhiyyə Nazirliyi ciddi reaksiya versin. Ümumiyyətlə, bir ortaq məxrəcə gəlinsin ki, televiziya kanallarında dərmanların və həkimlərin kortəbii təbliğatının, reklamının qarşısını hansı yollarla alaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, əziz media nümayəndələri! Mən “Kütləvi informasiya vasitələri haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara edilən dəyişikliklərlə bağlı fikrimi bildirmək istəyirəm. Dəyişikliklər bu qanunları “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Burada söhbət kütləvi informasiya vasitələrində sponsorluq məsələsindən gedir. Bu məsələ son dərəcə önəmlidir. Bilirsiniz ki, prinsipcə medianın gəlirlərinin 80–85 faizini reklamdan gələn gəlirlər təşkil edir. Bizdə isə bu rəqəmlər kifayət qədər aşağıdır. Əminəm ki, dəyişikliklər mediada reklam bazarının genişlənməsinə xidmət edəcək.
Burada Musa müəllim də, Çingiz müəllim də kifayət qədər maraqlı nüanslardan danışdılar. Mən onlara toxunmaq istəmirəm. Ancaq Elmira xanımın dediklərini mən nisbətən inkişaf etdirmək istəyirəm. Bu da “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 14-cü maddəsinə edilən dəyişikliklərlə bağlıdır. Həmin maddəyə təklif edilən dəyişiklikdə proqramlarda və verilişlərdə yayımlanan reklamın verilişinin elementlərinin vizual və akustik şəkildə fərqləndirilməsindən söhbət gedir. Mən bundan irəli gələcək bir məqamı da qeyd etmək istəyərdim. Bəzən görürük ki, hansı isə verilişin və ya filmin arasında reklam gedir, ancaq həmin reklamın səs effektləri həddindən artıq güclü olur. Çox zaman televiziyanın səsini almaq məcburiyyətində qalırıq. Əslində, eyni problem Türkiyə və Rusiya telekanallarında da var. Ümumiyyətlə, bu hal bütün dünyada problem kimi qiymətləndirilir. Əlbəttə, hansı isə üsulla reklama dinləyicinin diqqətini cəlb etmək lazımdır. Ancaq bu, əks-təsir  yaratmamalıdır. Səsin çoxluğu səbəbindən televizorun pultunu əlinə alan izləyici əsəbindən, ya nədən səsi ya tamamilə kəsir, ya da kanalı dəyişir. Nəticədə hətta faydalı reklam olsa belə, diqqətdən kənarda qalır. Deyəcəklərim bu qədər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hesab edirəm ki, bu gün qanunvericiliyə edilən bu əlavə və dəyişikliklər birbaşa istehlakçıların, insanlarımızın hüquqlarının qorunması istiqamətində çox vacib məsələləri əhatə edir. Amma mən həmkarlarımızın bir fikrini  burada xüsusi şəkildə vurğulayıram ki, qanunvericiliyə əlavə və dəyişikliklər həmişə edilir, amma onların yerinə yetirilməsi ilə bağlı məsələlər insanları daha çox narahat edir. Bu əlavə və dəyişikliklər artıq qüvvəyə mindikdən sonra onlara nə dərəcədə riayət ediləcək, onlara riayət edilməsinə müvafiq qurumlar nə dərəcədə nəzarət edəcəklər? Bax, bu vacib məsələdir, çünki burada vurğulandı, bizim sosial reklamlarla bağlı ciddi problemlərimiz var. Əslində, qanunvericilikdə heç bir problem yoxdur.
Qanunvericilik çərçivəsində bu məsələ öz həllini tapıb. Amma sosial reklamların efirdə yayımlanması məsələsi, mətbuat və mediada qanunvericiliklə ayrılan zamana riayət edilməsi məsələsi çox ciddi məsələdir. Hətta bəzi dövlət qurumlarından, – mən qeyri-hökumət təşkilatlarını demirəm, – bəzi dövlət qurumlarından soruşanda ki, nədən bu məsələlərdə, maarifləndirmə məsələsində, sosial roliklərin hazırlanaraq yayımlanmasında daha fəal olmursunuz, onların bəziləri deyir ki, bizdə, əslində, bu roliklər var, biz bu rolikləri göndərmişik, amma problem onların yayımlanmasındadır. Yəni biz bunları hazırlamışıq da, hazırladığımız məhsulları təqdim də etmişik. Amma onları bir dəfə, iki dəfə göstəriblər, ondan sonra  göstərilmir. Məsələn, istər ailə, qadın, uşaq məsələləri ilə bağlı, istərsə də səhiyyə, yol təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi ilə bağlı  sosial reklamlar əhali üçün çox vacibdir ki, davamlı şəkildə verilsin. Burada hörmətli Musa müəllim də söylədi. Məsələn, “Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda  konkret rəqəmlər yazılıb – ayda nə qədər zaman olmalıdır. QİÇS ilə bağlı qanunvericilikdə konkret rəqəmlər yazılıb – ayda nə qədər zaman ayrılmalıdır. Amma biz bu qədər zamanı görə bilmirik. Bu məsələlər barəsində cəmiyyətdə geniş maarifləndirmə aparılması bu problemlərin azaldılması istiqamətində ən ciddi vacib vəzifələrdən biridir.
İkincisi, qeyri-hökumət təşkilatları ilə münasibətlər çərçivəsində də bu önəmlidir. Biz vətəndaş cəmiyyətinin inkişafını, vətəndaş cəmiyyətinin bu maarifləndirmədə fəal olmasını istəyirik. Bu zaman müddətində vətəndaş cəmiyyətinin hazırladığı materialların və sosial roliklərin yayımlanmasını istəyirik. Ona görə də mən həmkarlarıma qoşularaq bu çağırışı səsləndirirəm ki, sosial reklamlara ayrılan zamanlara riayət edilməsi məsələsinə  müvafiq qurumlar daha ciddi şəkildə diqqət yetirsinlər.
Bir də, ən vacib məsələ, – burada da vurğulandı, – tibb xidmətləri,  səhiyyə sahəsində reklamlarla bağlı ciddi narahatlıqdır. Biz bunu  Səhiyyə komitəsinin iclaslarında da dəfələrlə söyləmişik. Nədən daha çox narahatlıq yaradır? Çünki insanlar xəstə olanda, yaxınlarında xəstə insanlar olanda onlar həmişə bir ümid axtarırlar, həmişə bir xəbərə inanmaq istəyirlər. Ona görə də həkimlərin reklamı, özəlliklə dərman vasitələrinin yanlış reklamı, bioloji aktiv maddələrin sanki dərman vasitələri kimi reklam olunması, bəzən xarici həkimlərin, – onları hələ yoxlamaq lazımdır ki, Səhiyyə Nazirliyində çalışması üçün lisenziyası var, ya yox, – reklam olunması sahəsində problemlər var. Eləsi var, heç psixoloji yardımla bağlı təhsili yoxdur, insanlara psixoloji yardım üzrə ən yaxşı mütəxəssisdir deyə reklam olunur və ya guya çəki atmaq üçün ən yaxşı mütəxəssis kimi təqdim edilir, amma bunun da mütəxəssisi olmalıdır – doğru qidalanma mütəxəssisi. Bu cür doğru olmayan mütəxəssislərin bu cür reklamları çox ciddi problemlər yaradır. Özəlliklə tibb sahəsində dərman vasitələri ilə bağlı reklamlara biz xüsusi diqqət yetirməliyik. Bəzi ölkələrdə bu sahə həddindən artıq ciddi nəzarətdədir. Yoxsa dərman vasitələri ilə bağlı  reklamda biri çıxır deyir ki, siz filan dərmanı içsəniz, elə bu dərman şəkər xəstəliyinizi aradan qaldıracaq. Şəkər xəstəliyi bir preparatla aradan qalxacaq şey deyil, axı. Bu məsələlərə diqqəti artırmalıyıq.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim demək istədiklərimi məndən əvvəl danışanlar, xüsusən Musa müəllim, Çingiz müəllim, Qənirə xanım dedilər. Ona görə onları təkrar etmək istəmirəm.  Çox düzgün təhlil etdilər. Məsələ nədir? Birincisi, Azərbaycanda elə həkimlər var ki, dünya səviyyəsindədirlər. Onlardan ikisi əyləşib bizimlə bir zalda – Rəşad müəllim və Əhliman müəllim. Heç bunlara reklam lazım deyil. Çünki özlərini reklam etmədən bunlar dünyada tanınan həkimlərdir. Azərbaycanda belə həkimlərimiz çoxdur. Ən qəribəsi odur ki, televizoru açan kimi görürsən, İrandan filankəs gəlib, filan hospitaldadır, 5 gün işləyəcək. Bala, tökülün gəlin bura. Yəni reklam edirlər. Ya Türkiyədən gəlib. Öz həkimlərimiz qalıb qıraqda, yəni məşhur həkimlərimiz, ara həkimləri reklam olunur. Yadınızdadır, Türkiyədə bir qadın var idi, 3 litrlik balonlarda dərman hazırlayırdı, özü də “darman” deyirdi. Hər gün televizora, – deyəsən, “Space” idi, – çıxırdı, yanında da 3 litrlik balonda dərman. Çox gülməli bir şey. Hətta ara həkimləri reklam olunurlar. Bu heç, eləsin. Televiziyaların maddi imkanı yoxdur, dövlət sosial reklamlar edirsə, onun arxasında durmalıdır və bu  işə məsul olan qurumlar və şəxslər televiziyaya pul ödəməlidirlər ki, onlar da, heç olmasa, reklamları verə bilsinlər.
Məsələnin başqa bir tərəfi də odur ki,  burada danışdıq, gözəl yoldaşlar, deputatlar təhlil etdilər. Axşam yenə baxacaqsınız, televiziyada həmin ara həkimləri, həmin dərmanlar, hamısı reklam olunacaq və hər şey olduğu kimi qalacaq. Özü də televiziyanın bir reklamı da var, təzə çıxıb, biləsiniz. Deməli, həkimlərdir, dərmanlardır, hospitallardır, şadlıq evləridir, indi mərasim zallarının da reklamına başlayıblar – filan yerlərdə mərasim zalları var. Çox maraqlıdır. Bunu da, bayaq deyildiyi kimi,  adamın gözünə soxurlar – filan  yerdə filan edirlər. Amma heç olmasa,  Ziyafət müəllim, bu gün burada deyilən sözlər burada qalmasın. Ya  qanuna salınmalıdır, ya da dövlət tərəfindən bir təpki göstərilməlidir.  Belə olmaz axı. Mən hətta zarafatla yazmışdım ki, biri xərçəngə dərman tapıb. Yazmışdım ki, yarpızı ilanın yuvasının ağzından götürürsən, dabanına vurursan, həmin an xərçəng sağalır. Hətta bu dərəcədə aşağı səviyyəli adamlardır. Ona görə mənim də xahişim odur ki, Ziyafət müəllim, bu danışıq burada qalmasın. Bu danışıq, yəni bu təkliflər görünsün ki, ortada nə var. Həll olunsun. Yoxsa danışıb özümüz özümüzə hirslənməklə bir şey çıxmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli Ziyafət müəllim,  mən birinci ondan başlamaq istəyirəm ki, Aqil müəllimin fikirlərini yüzdə yüz bölüşürəm. Hörmətli Musa müəllim də çox dəyərli tezislərini, mövqelərini bildirdi, xüsusilə də tibb sahəsi ilə bağlı.  Dünən, – sanki elə yerinə düşür, ancaq biz onu hər gün müşahidə edirik, doğrusu, mən ona heç zaman diqqətlə baxmamışdım, – bir boyanın reklamını verirdilər.
Mən bu məsələdən bir az kənara çıxmaq istəyirəm. Nizami Gəncəvinin ədəbi irsindən başlayıb ki, dünyaya bizim bu xəzinəni təqdim etmişik. Ardınca bayrağımızı göstərirlər. Ən sonda isə məlum olur ki, sən demə, söhbət “Sobsan” boyalarından gedir. Yəni Nizami Gəncəvinin ruhunu, adını gətirib bir boyanın adında etiketə çevirmək nə qədər doğrudur?
Başqa bir məsələ. Mən çox yaxşı xatırlayıram, bir bankın reklamını verirlər. Bu, maliyyə hadisəsidir, maliyyə sektorudur. Bu indi özünü elə təqdim etməlidir ki, vətəndaşın şüurunda, ictimai şüurda bir yer  qazansın. Deməli,  həyatın dibinə enənlər – bu anda eskalatorla aşağı düşən, metro ilə aşağı düşən insanları göstərirlər. Həyatın yuxarısında gedənlər də indi haradadır, onu bilmirəm. Yəqin bankın müştərisinə çevriləndə bu, həyatın yuxarısında gedir.
Başqa bir məsələni demək istəyirəm. Dünən Rusiya televiziyasında məhz bu mövzu ilə səsləşirmiş kimi,  bu cür atributları, simvolları gətirib keyfiyyət nişanına, satış nişanına çevirmək cinayətdir deyildi. Doğrudan doğruya, cinayətdir.  Dünyada məşhur bir ifadə var, amma bizim məkanda sanki heç bir şey demək deyil. “Mem” deyirlər, mən bunu bir dəfə burada demişəm. Memlər hər bir millətin mədəni, sosial, psixoloji aləmini özündə əks elətdirən hadisədir. Buna dair silahları kəşf edirlər, yaradırlar. Məsələn, vaxtilə Jak Şirak deyirdi ki, Makdonalds harada varsa, o simvol harada varsa, məşhur “M”, orada Amerika kəşfiyyatı var. Bunu mən deməmişəm, bu başqa tərəfdən deyilib.
Azərbaycanda bu cür memlərdən həddən artıq çox istifadə olunur. Biz bunu reklamlarda görürük, fikir vermirik. Bir dəfə də söylədim. Bir şirkət  nikaha girən 2 insana ev satmaq istəyir. Əla ideyadır, çox gözəl. Amma bəyin boğazından,  qalstukundan tutub sürüyüb aparırlar harasa, bunu  bir üstünlük kimi qələmə verirlər. Bəyi elə sürüyürlər?  Bundan sonra artıq bəyin obrazını gətirib şadlıq evlərində, cəmiyyətdə, həyatda ən yaxşı yerə qoya bilməyəcəksən. Ona görə bir azdan sonra hələ şəhidlərimizin adını da gətirib reklam etiketlərində bu şəkildə satmağa qalxsalar, mən təəccüblənməyəcəyəm. 
Həqiqətən də, millətin təhlükəsizlik sahəsidir. Biz buna belə baxmalıyıq. Bu bütün dünyada qadağandır. Bayrağı gətirib “Sobsan”ın üzərinə sərib niyə satırsan ki? Sat da Sobsanını. O qədər divarla  əlaqələndiriləcək konstruksiya, arxitektura var ki... Get  Romadan bu yana, de ki, indi təzədən qəsrləri, qalaları bizim boyamızla rəngləsəniz, aləm olacaq. Bunu düşünün. Nizami Gəncəvinin adını gətirib bu şəkildə əskiyə bükmək olmaz axı. Ona görə də, hörmətli Ziyafət müəllim, bu məsələ ki çıxır müzakirəyə, agentlik də yaranıbdır, müvafiq dövlət qurumu da var, mən hesab edirəm ki, Aqil müəllimin dediyi kimi, bizim danışdıqlarımızın bu divarların içində qalmaması üçün bu məsələ ilə bağlı müvafiq komitələrə tapşırıq vermək lazımdır ki, ən yaxın zamanlarda bununla bağlı real qanunvericilik dəyişiklikləri təşəbbüsünü hazırlasınlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli millət vəkilləri, çox maraqlı bir məsələni müzakirə edirik. Əslində, qanun ictimai münasibətləri hüquqi müstəvidə tənzimləmək üçün yaradılır. Biz bir tərəfdən qanun qəbul edirik, deyirik ki, “Reklam haqqında” Qanun qəbul edirik, sonra da könüllü şəkildə bundan imtina edirik, yaxud könüllü şəkildə bəri başdan bunu yetərli hesab etmirik, deyirik ki, “Reklam haqqında” Qanun qəbul olunsun, sonra  nəyin reklam olunacağı ilə bağlı hansısa bir icra hakimiyyəti orqanı qərar qəbul etsin ki, hansı dərmanı reklam etmək olar, hansı həkimi reklam etmək olar, hansını etmək olmaz. Mən düşünürəm ki, bu doğru deyil. Qanunların ruhu və fəlsəfəsi ondan ibarətdir ki, məhz müvafiq sahədə o boşluğu doldursun və burada mübahisəli yer qalmasın. Əgər bir qanun qəbul edib sonra da mövcud sahədə münasibətlərin tənzimlənməsi üçün hansısa icra hakimiyyəti orqanının qərarını gözləyəcəyiksə, onda heç bu qanunu qəbul etməyək. Ona görə gəlin bu məsələnin üzərində düşünək: bu qanunları necə qəbul edək ki, artıq hansısa qanun qəbul olunandan sonra icra hakimiyyəti orqanının qərarına ehtiyac qalmasın.
Mən düşünürəm ki, burada əsas silah maarifləndirmə olmalıdır. Onun üçün də mən düşünürəm ki, bütün qəbul olunmuş qanunların işləməsini təmin etmək üçün Milli Məclisin bəlkə bir televiziyası olsun. Biz burada çoxsaylı qanunlar qəbul edirik, amma bu qanunları o qədər sürətlə qəbul edirik ki, – Azərbaycan cəmiyyəti çox dinamikdir, hüquqi münasibətlər çox yaxşı tənzimlənir, hüquqi dövlət  prosesi çox uğurla davam edir, – bəzən özümüz belə qəbul etdiyimiz qanunların məğzini, mahiyyətini tam dərk etmirik. Qəbul edirik, amma tanış ola bilmirik, sırf vaxt məhdudiyyəti baxımından. Ona görə də müvafiq komitələrin mütəxəssisləri, hüquqşünaslar daim qəbul etdiyimiz qanunların nəyə şamil olunduğunu, nəyə aid edildiyini müəyyən edirlər. Məsələn, inzibati  xətalar haqqında çoxlu sayda qanunlar gəlir. Biz bunları dəyişirik, qəbul edirik. Amma  burada məsələ ondadır ki, qanun layihəsi gələndə biz deyirik ki, filan maddəyə istinad edərək filan maddəni şərh edirik. Amma o maddədə ondan əvvəlki maddə yazılmadığına görə bunu mənimsəmək bir qədər çətin olur. Ona görə bax bu məsələlərin həll olunması üçün, düşünürəm ki, ümumi, kütləvi bir maarifləndirmə vasitəsinə ehtiyac var.
Bundan başqa, qanunları nə qədər qəbul edirsək edək, nə qədər mükəmməl qanun qəbul edirik edək, bu qanunun daşıyıcılarının,  yaxud onu icra edənlərin, o qanunun qarşısında məsul olanların mədəniyyəti məsələsi həll olunmayana qədər biz bunun həllini tapa bilməyəcəyik. Məsələn, piyadalar haqqında qanun var. Yol keçidi zamanı biz görürük ki, piyadalar gəlir, xüsusi  işarələnmiş xətlərin üzərindən keçirlər. Burada sürücü mədəniyyəti ilə bərabər piyada mədəniyyəti də olmalıdır. Biz hər birimiz ortada xəttin üstünə çatan zaman  üzümüzü maşın gələn, avtomobil gələn tərəfə deyil, əks tərəfə çevirərək inadla sürücüyə baxmadan, avtomobilə baxmadan keçməyə çalışırıq. Hesab edirik ki, bu bizim hüququmuzdur. Burada hüquq var, çox gözəl, amma mədəniyyət də lazımdır. Olmazmı ki, piyadalar xətti keçəndə 3 nəfər, 5 nəfər yığışsınlar, kiçik bir qrup halına gələndən sonra bərabər  hərəkət etsinlər. Beləliklə, həm şəhərdə tıxac probleminin qabağı alınmış olar, həm də bu bir mədəniyyət olar, mədəni nümunə olar və sair. Ona görə mən düşünürəm ki, hüquqi maariflənməyə çox böyük ehtiyac var. Qəbul olunmuş qanunların, o cümlədən “Reklam haqqında” Qanunun hüquqi maarifləndirilməsi o şəkildə olmalıdır ki, artıq burada hansısa digər  orqanın qərarına ehtiyac olmasın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim.  Burada həmkarlarım dedilər, bəzi qismi ilə razıyam, bəzi qismi ilə razı deyiləm. “Reklam haqqında” Qanunda göstərilir ki, nəyi reklam etmək olmaz. Ziyafət müəllim, siz hüquqşünassınız, gözəl bilirsiniz. Dini ayrı-seçkiliyi, irqi ayrı-seçkiliyi, mənəviyyatsızlığı və sairə. Orada nəyə ki qadağa qoymayıblar, bu artıq televiziyanın hüququdur. İndi televiziya hansı mənəvi məsuliyyət daşıyırsa,  onun öz işidir. Əgər onun mənəvi məsuliyyəti aşağı olacaqsa, hər bir insanın əlində pult var, dəyişəcək, başqa bir kanala çevirəcək. Bu bir.
İkincisi, dünyanın hər yerində baxırsan ki, istər internet kanallarında, istərsə də başqa-başqa yerlərdə müxtəlif dərmanları da, həkimləri də reklam edirlər, hətta altından 70, 80, 100, 150 nəfər rəy yazır ki, mən onu qəbul etdim, belə oldu, o biri yazır ki, filan həkim çox yaxşı həkimdir. Bu biri yazır başqa cür.
Üçüncü ən vacib olan məsələ. Azərbaycanda analoqu olmayan bir məsələ var. Cənab Prezident tərəfindən insanların ildə 2 dəfə müayinədən pulsuz keçməsi üçün tam şərait yaradılıbdır,   böyük xəstəxanalar tikilibdir. 600-ə yaxın diaqnostika mərkəzi, xəstəxanalar tikilibdir. Hər biri pulsuz müayinədən keçir. Get, müayinədən keç, həkim resepti yazsın, o reseptə uyğun şəkildə  də get, dərmanı al, yaxud da istənilən bir həkimlə müzakirə apara bilərsən. İndi biz hər bir şeyə bir fikir söyləsək, hər bir şeyə qadağa qoysaq, onda televiziyaların özlərinin  yaşaması necə olacaq? Bu, reklam hesabına maliyyələşir. Özəl kanallar reklam hesabına maliyyələşir. Bəli, biz ictimai televiziyadan tələb edə bilərik. İctimai televiziya, yaxud dövlət televiziyası dövlət büdcəsindən maliyyələşir, ona görə də bunu verə bilməz. Özəl televiziyalar isə  reklamların hesabına, ayrı-ayrı sponsorların hesabına maliyyələşir. O baxımdan mən hesab edirəm ki,  qanunla qadağan deyilsə, bu, reklam edir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Siyavuş müəllim. Başqa çıxış etmək istəyən yoxdur? Biz burada, əslində, altı qanun layihəsini müzakirə etməliydik. Amma mən görürəm ki, hamı reklam məsələsinə xüsusi diqqət yetirir.
Qanunların təbliği ilə bağlı Hikmət müəllim məsələ qaldırdı. Hikmət müəllim, bu məsələ bizim həmişə gündəliyimizdə olub. Yəni Siz tamamilə haqlı deyirsiniz və mən razıyam o fikirlə ki, qanunlar ictimai münasibətləri tənzimləmək üçündür. Amma bu sahədə gəlin, ədalətli olaq. Qanunlar bu sahədə kifayət qədərdir. Mən hesab edirəm ki, reklamla bağlı qanunda, və ya  kütləvi informasiya vasitələri ilə bağlı qanunda boşluq yoxdur. Yəni Milli Məclis üzərinə düşən nə varsa, onu edir. Amma təbliğat məsələsi baxımından mən hesab edirəm ki, bəli, burada maarifləndirməyə çox ciddi ehtiyac var. Mən müraciət edirəm, burada jurnalist həmkarlarımız oturublar. Məsələn, baxın, indi biz bu qədər qanunlar qəbul edirik,  keçən il, bilirsiniz ki, biz  Cinayət Məcəlləsinin konsepsiyasını  dəyişə biləcək  miqdarda  dəyişikliklər etdik, özü də humanistləşdirmə baxımından. Çox gözəl dəyişikliklər etdik, amma onun mətbuatda izahı getdimi? Getmir. Niyə getmir? O sualı özümüzə vermək lazımdır, qəzet redaktorlarına vermək lazımdır, televiziya kanallarına vermək lazımdır.
Hamı  gözləyir Milli Məclisdə bir  insident baş versin, onu tez bütün kanallar axşam göstərsin. Ay qardaş, gəlib oturmusunuz burada,  akkreditasiya  olmusunuz. Sizin işiniz Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanunları təbliğ etməkdir. Çünki hüququn təbliğatından nə başlayır? Hüquqi dövlət quruculuğu birinci bundan başlayır. Hüquqi təbliğat, hüquqi tərbiyə, hüquqi mədəniyyət, hüququn aliliyi, hüquqi dövlət budur. Hamısı bundan başlayır. Amma etmirik, axı. Bəli, kimin üzərinə düşür, haradasa nə isə deyir ki, bu qanunlar qəbul olundu, qanunların əhəmiyyəti budur. Amma bunu sistemli şəkildə hamı  etməlidir. Bütün mətbuat etməlidir, televiziya etməlidir. Ona görə hesab edirəm ki, hər birimiz öz üzərimizə düşən vəzifəni yerinə yetirsək, vallah, mənə elə gəlir ki, bu qədər şikayət də olmaz.
Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihələrinə münasibət bildirək. 41-ci məsələ. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı layihəyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklərlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bu paketə daxil olan sonuncu məsələ səsverməyə çıxarılır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun, münasibət bildirək.  

Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 47-ci məsələ. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Komitə sədri Rafael Hüseynov.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Gündəlikdə  nəzərdə tutulan 47, 48, 49, 50, 51, 52, 53-cü məsələlər mahiyyət etibarilə bir-birinə uyğundur. Ona görə icazə versəydiniz, mən onların hamısını təqdim edərdim. 2016-cı il noyabr ayının 24-də respublika Prezidentinin fərmanı ilə publik hüquqi şəxs olaraq Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi yaradılmışdır. 2017-ci il sentyabr ayının 6-da həmin agentliyin nizamnaməsi təsdiq edilmişdir. Bu da istər-istəməz uyğun qanunlarda müvafiq dəyişikliklərin həyata keçirilməsini tələb edir. Zənnimcə, bu agentliyin yaradılması əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsi baxımından son dərəcə əhəmiyyətlidir və müvafiq olaraq indi təqdim edəcəyim qanunlarda faktik olaraq mahiyyətcə eyni dəyişiklik nəzərdə tutulur. 
Sizə paylanmış qanun layihələrində müvafiq maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin yerində əsasən “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum”, yəni bu agentlik nəzərdə tutulur. Ona görə də mən təklif edirəm ki, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunların  müvafiq maddələrində söylədiyim məzmunlu düzəlişlərin edilməsinə münasibət bildirəsiniz. Çünki həm bu agentliyin publik hüquqi şəxs olaraq yaradılması baxımından, həm də “Normativ hüquqi aktlar haqqında”  Azərbaycan Respublikası Konstitusiya Qanununun 30-cu maddəsində nəzərdə tutulan normativ hüquqi aktın struktur elementlərinə dair tələblərə uyğunlaşdırmanı təmin etmək məqsədi ilə bu dəyişiklikləri etmək zəruridir. Ona görə də mən həmkarlarımı göstərilən dəyişikliklərə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
müavini  B.Muradova sədrlik edir

Sədrlik edən. Ülviyyə Həmzəyeva.
Ü.Həmzəyeva. Hörmətli Bahar xanım, hörmətli həmkarlarım! Dəyişikliklərə səs verəcəyəm, lakin icazə versəniz, bir məsələyə toxunmaq istərdim. Bildiyimiz kimi, Azərbaycanda ölkə rəhbəri tərəfindən bütün sahələrə olduğu kimi mədəniyyət və incəsənət sahəsinə də böyük diqqət və qayğı göstərilir. Sözügedən məsələ Mədəniyyət komitəsinin iclasında müzakirə olunmuş, müsbət qarşılanmışdır. Azərbaycanda rəssamlıq sənəti, onun qədim nümunələri eradan əvvəl VIII–V əsrlərə təsadüf edir. Buna misal olaraq Qobustan, Gəmiqaya qayaüstü təsvirlərini göstərmək olar.
Orta əsrlər Azərbaycan miniatür məktəbinin inkişafı görkəmli Azərbaycan rəssamları Soltan Məhəmməd,  Müzəffər Əli, Mir Seyid Əli və digər rəssamların adları ilə bağlıdır. Onların əsərləri dünya muzeylərində qorunub saxlanılır. XVIII–XIX əsrlərdə yaşayıb-yaratmış rəssamlardan Usta Qarabağini, Mirmövsüm Nəvvabı və digərlərini qeyd etmək olar.
Bizim milli rəssamlığımızın formalaşmasına xidmət edən tanınmış rəssamlarımızdan Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz bəy Kəngərli, ilk karikaturaçı rəssam Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov kimi rəssamların adlarını çəkmək olar. Bizi bu gün də dünyaya tanıdan şöhrətli rəssamlarımız, heykəltəraşlarımız var. Bu gün rəssamlar bizim milli dəyərlərimizi, qədimliyimizi, bu günümüzü öz əsərlərində təsvir edən və dünyaya tanıdan insanlardandır.
Vaxtın az olmasını nəzərə alaraq əsas məsələlərə keçmək istərdim. Azərbaycan Respublikasında dövlət bayramları, eləcə də xüsusi günlər müvafiq qanunla tənzimlənir. Dövlət bayramları və xüsusi günlər sırasında peşə bayramları da var. Peşə bayramlarının dövlət səviyyəsində qeyd olunması ilk növbədə həmin sahədə çalışan insanlara yüksək diqqətin, qayğının göstəricisidir. Bu isə işgüzarlığın artmasına və ruh yüksəkliyinə təsir göstərməkdədir. Hazırda il boyu Azərbaycanda 50-yə yaxın peşə bayramı qeyd edilir. Peşə bayramları ilə əlaqədar respublika daxilində  müxtəlif tədbirlərin keçirilməsi dövlətimizin həmin peşə sahiblərinə qayğısının ifadəsidir.  Teatr, kino, televiziya, radio, musiqi və mətbuat sahəsində çalışanların peşə bayramlarının qeyd olunması da bu qəbil tədbirlərdəndir. Çox arzu edirik, yaradıcı peşələr sırasında olan təsviri sənət sahəsində çalışanlara da xüsusi bir gün ayrılaydı. Rəssamlar günü və ya milli rəssamlıq günü. Bu bayramın təsis olunmasının ölkəmizdə yaşayan həmkarlar üçün müsbət ruhlandırıcı təsir daşıyacağına inanıram. Rəssamlar gününün keçirilməsinin rəssamlarımızın  milli incəsənətimizi yeni uğurlu sənət əsərləri ilə zənginləşdirməsinə vəsilə olacağına inanıram. Təşəkkür edirəm.    

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir


Sədrlik edən.
Sağ olun, Ülviyyə xanım. Başqa çıxış eləmək istəyən varmı? Əgər yoxdursa, onda xahiş edirəm, 47-ci məsələyə – “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
“İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə layihə səsverməyə çıxarılır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəyə münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
“Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun. 
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun. 
Növbəti məsələ. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, buyurun.    
Z.Səmədzadə. Sağ olun, hörmətli Ziyafət müəllim. Məlum olduğu  kimi, yeni inkişaf mərhələsində iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlığın inkişafı üçün əlverişli imkanların yaradılmasında beynəlxalq tələblərə uyğun mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəyə xarici investisiya axınının daha da artırılmasına, iqtisadiyyatın diversifikasiyasına yönəlmiş ardıcıl islahatların həyata keçirilməsi mühasibat uçotu sahəsində də müvafiq islahatların aparılmasını zəruri edir.
Mühasibat uçotunun idarəetmədə mühüm amil olmasını nəzərə alaraq, mühasibat uçotunun daha yüksək səviyyədə aparılması və onun nəticəsi kimi maliyyə, vergi və digər hesabatların tərtib edilməsinin təkmilləşdirilməsi, habelə peşəkar mühasiblər təbəqəsinin yaradılması məqsədi ilə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanmışdır. Layihəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli, 2015 nömrəli qərarı ilə təsdiq edilmiş iri, orta və kiçik sahibkar meyarlarının tələblərinin nəzərə alınması, habelə mühasibat uçotu sahəsində fəaliyyət göstərən mütəxəssislərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə “mühasibat uçotu”, “maliyyə hesabatları”, “mühasibat uçotu sənədi”, “ilkin uçot sənədləri”, “mühasibat uçotu reyestrləri”, “analitik  uçot”, “sintetik uçot”, “baş mühasibat uçotu xidməti”, “peşəkar mühasib”, “peşəkar mühasib təşkilatı”, “uçot siyasəti” və digər anlayışlar daxil edilmişdir.
Layihədə mühasibat uçotu subyektlərində mühasibat uçotu xidmətinin təşkil edilməsi, mühasibat uçotunun aparılması, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsi ilə bağlı müvafiq müddəalar öz əksini tapmışdır. Bundan başqa, layihəyə bir sıra kommersiya təşkilatlarının, birgə təşkilatların illik maliyyə hesabatlarını və ya birləşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblər olması barədə tələblər daxil edilmişdir. Belə ki, peşəkar mühasib sertifikatının əldə edilməsi baş mühasiblərin bilik və bacarıqlarının artırılması ilə nəticələnməklə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının  tərtib edilməsi işlərinin daha təkmil səviyyədə təşkilinə təkan verəcəkdir.
Beynəlxalq standartlar əsasında hazırlanmış Milli mühasibat uçotu standartlarında beynəlxalq standartlarla tənzimlənən bütün məsələləri, habelə beynəlxalq standartlarla aparılan dəyişikliklərin milli standartlarda öz əksini tapması tələbini nəzərə alaraq mövcud paralelliyin aradan qaldırılması üçün layihədə milli mühasibat uçotu layihələri barədə müddəaların ləğv edilməsi nəzərdə tutulmuşdur. Sözügedən qanunda mühasibat uçotunun aparılması ilə əlaqədar tələblər mövcud olmadığı üçün layihəyə mühasibat uçotu subyektləri tərəfindən müvafiq uçot qaydalarına uyğun mühasibat uçotunun aparılması üzrə maddələr daxil edilmişdir. Layihəyə mühasibat uçotunun aparılmasına dövlət nəzarətinin həyata keçirilməsi, mühasibat uçotu subyektlərinin  bu qanunla müəyyən edilmiş uçot qaydalarına riayət etməsinin yoxlanılması ilə bağlı normalar da daxil edilmişdir. Bundan başqa, layihədə mühasib sertifikatının verilməsi üçün imtahanların keçirilməsi və sertifikatların verilməsi üzrə akkreditasiya olunmuş təşkilat tərəfindən peşəkar  mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması üzrə tələblər öz əksini tapmışdır. Bu Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmasına, habelə bu Qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə məsuliyyəti müəyyən edən tələblər də layihədə öz əksini tapmışdır.
Ümumiyyətlə, hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, bildirmək istəyirəm ki, bu qanunda edilən dəyişikliklər çox mütərəqqi dəyişikliklərdir. Bu Qanunda edilən dəyişikliklərin qəbul edilməsi Azərbaycanda aparılan iqtisadi islahatların, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının şəffaflığının artırılmasına, eyni zamanda, Azərbaycanda aparılan islahatların, Azərbaycan iqtisadiyyatında görülən işlərin beynəlxalq səviyyədə şəffaflıq kimi qiymətləndirilməsinə öz müsbət təsirini göstərəcəkdir. Ona görə də biz millət vəkillərindən bu Qanuna  edilən dəyişikliklərə səs vermələrini xahiş edərdik. 
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli həmkarlarım, hörmətli Ziyad müəllim bununla bağlı çox ətraflı məlumat verdi və eyni zamanda, komitədə də bu qanun layihəsi geniş müzakirə olunmuşdu. Ona görə də istərdim, qısaca öz fikrimi bildirim. Birinci növbədə bu qanun layihəsi, bayaq qeyd olunduğu kimi, iqtisadiyyatda şəffaflığın təmin olunması üçün çox böyük istinad yerimizdir. O biri tərəfdən artıq ölkənin iqtisadi istiqaməti xarici bazarlara çıxmaq və dünya iqtisadiyyatına daha geniş inteqrasiya etməkdir. Bu baxımdan Azərbaycandakı iri şirkətlər artıq digər transmilli şirkətlərlə ixrac-idxal proseslərini həyata keçirir və eyni zamanda, artıq bu kimi standartların qəbul olunması bizim transmilli şirkətlərlə əməkdaşlığımızı,  eyni zamanda, beynəlxalq resurslara çıxışımızı daha da asanlaşdırır.
Mənim qanun layihəsinə təklif edəcəyim məsələ redaksiya xarakteri daşıyır. Nə mənada? Biz burada mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri ifadələrini işlədirik. Mikro və makro, məlumdur ki, mikro iqtisadiyyat makro iqtisadiyyat deməkdir, “mikro” dedikdə həm kiçik, həm də orta və iri sahibkarlıq başa düşülür. Tam mənada yanaşsaq, elə bu, mikroiqtisadiyyata daxildir. Mən elə hesab edirəm ki, burada biz “mikro” yerinə “xırda” sözünü işlətsək, daha düzgün olar, çünki başqa bir yerdə “iri sahibkarlıq”  sözlərini  işlədirik. Orta sahibkarlıq var, iri sahibkarlıq var, “mikro” isə “xırda” kimi getsə, daha düzgün olar, çünki ifadələrdə də var. Təklifim ondan ibarətdir ki, “mikro” sözü “xırda” sözü ilə əvəz olunsa, bu daha qəbuledilən olar. Təşəkkür edirəm.
Sədrlik edən. Başqa çıxış eləmək istəyən yoxdur? Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun. 
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Hadi müəllim, buyurun.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Ziyafət müəllim, minnətdaram. Burada “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində kiçik bir dəyişiklik edilir. Əvvəlki qanunda “aspirantlar” sözü işlənirdi, bunların təqaüdündən ödəmə məsələsi var idi, yeni qanunda bu, “doktorant” sözü ilə əvəz olunur. Bu da ki bizdə son vaxtlar “aspirant” məfhumunun olmaması ilə bağlıdır. Mən xahiş edirəm, buna səs versinlər.
Sədrlik edən.  Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Bizim gündəliyin sonuncu məsələsi Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanun layihəsinin üçüncü oxunuşudur. Qanun layihəsinə keçməzdən əvvəl istəyirəm, bir məsələni sizinlə məsləhətləşim, hörmətli deputatlar. Saat artıq 2-dir, etiraz eləməsəniz, iclasımızı fasiləsiz keçirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Etiraz yoxdur. Onda davam edirik. Hadi müəllim, buyurun, söz sizdədir.
H.Rəcəbli. İcazənizlə, Ziyafət müəllim, mən yerimdən məsələni çatdırardım. Bildiyiniz kimi, fevralın 13-də Əlilliyi olan şəxslərin hüquqları  haqqında qanun layihəsi parlamentdə birinci oxunuşda  müzakirə olundu. Bizim deputat həmkarlarımızdan Jalə Əliyeva, Fazil Mustafa, Tahir Rzayev, Qənirə Paşayeva, Hikmət Məmmədov və Elşən Musayev  çıxış etdilər və burada öz fikir və təkliflərini bildirdilər.  Qanuna bütövlükdə səs verdilər.
Digər bir məsələ. Biz bu qanun layihəsini, Ziyafət müəllim, iki dəfə  komitənin iclasında müzakirə etdik.  Bir dəfə sırf komitə üzvləri, o biri dəfə isə qeyri-hökumət təşkilatlarının, digər qurumların nümayəndələri ilə birlikdə. Bu tədbirlərimizdə də bizim hörmətli Rauf Əliyev, Musa Quliyev, Jalə Əliyeva, Araz Əlizadə, Aytən Mustafazadə, habelə dəvət olunan dövlət və QHT qurumlarının nümayəndələri çıxış elədilər, fikirlərini səsləndirdilər. Sonradan biz işçi qrupunda bu təkliflərə bir daha diqqət yetirdik. Qanunvericilik təşəbbüsü subyekti ilə bunu müzakirə etdik və sizə təqdim olunan layihədə həmin məsələlərin bir qismi nəzərə alınıb, öz əksini tapıbdır. Mən nömrələyib demək istəyirəm.
Layihənin preambulasında və 6.1-ci maddəsində “əlilliyi doğuran” sözləri  “əlilliyə səbəb olan” ifadəsi ilə əvəz olunmuşdur.
3.1-ci maddədə “şəxsin əlilliyi” sözləri “şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti” ifadəsi ilə əvəz olunmuşdur.
3-cü maddəyə əlilliyi olan şəxslərin reyestri ilə bağlı yeni 3.5-ci maddə əlavə edilib. Bu belə səslənir:  “3.5. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini   elektron formada aparır. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” Beləliklə, əlavə olunan 3.5-ci maddə belə səslənir.
Digər bizim düzəlişimiz belədir:  5-ci maddəyə iki kiçik düzəliş etmişik. Biri 5.0.3-cü maddədə “cəmiyyətə cəlb olunmasına” ifadəsi tamamilə çıxarılıb. 5.0.5-ci maddəni aşağıdakı redaksiyada deputat həmkarlarıma  təklif edirik: “Əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi – əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.”  Maddəyə belə bir düzəliş etmişik.
Başqa bir düzəlişimiz qanunun 27-ci maddəsində “qənaətbəxş həyat səviyyəsi” termini əvəzinə “layiqli həyat səviyyəsi” terminindən istifadə edilməsidir, çünki bizim Konstitusiyada bu belə ifadə olunur.
Bir neçə texniki əlavə və dəyişiklik edilibdir. Ona görə də mən deputat həmkarlarımdan qanun layihəsinin müzakirəsində fəal iştirak etməyi və sənədə səs verməyi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, bildiyiniz kimi, ikinci oxunuşun tələbinə müvafiq olaraq qanun layihəsi müzakirəyə çıxarılmazdan əvvəl əsas kimi qəbul olunmalıdır. Ona görə xahiş edirəm, qanun layihəsini əsas kimi qəbul edək, ondan sonra müzakirəyə keçərik. Buyurun.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 82
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsinə başlamazdan əvvəl, hörmətli deputatlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün bizim bu qanun layihəsi ilə əlaqədar iclasımızda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini hörmətli Natiq müəllim Məmmədov iştirak edir. Əgər suallarınız olsa, Natiq müəllimə də müraciət edə bilərsiniz. Tahir Kərimli, buyurun.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli sədrlik edən, hörmətli rəyasət heyəti, deputatlar və qonaqlar!  Əlillərin hüquqları haqqında olan bu qanun çox  dəyərli bir qanundur, vacib qanundur, ona görə ona səs verəcəyəm, amma bir neçə xırda düzəliş və təklifim var. Bunlardan biri 1.0.3-ə görədir. Burada yazılır ki, “əlilliyə görə ayrı-seçkilik, əlilliklə bağlı istənilən fərqqoyma”. Mən hesab edirəm ki, istər-istəməz fərqqoyma məsələsi olacaq. Ona görə də burada “əsassız” sözü artırılmalıdır, əsassız fərqqoymadan söhbət getməlidir, çünki nə etsə, bu ayrı-seçkilik, yəni fərqqoyma özlüyündə ayrı-seçkilik deyil. Lakin əsassız fərqqoyma ayrı-seçkilikdir. Ona görə də bura “əsassız” sözünün əlavə olunmasını mühüm hesab edirəm.
1.0.13-cü maddədə  ünsiyyətdə ən sonda  audio vasitələrdən istifadə məsələsi nəzərdə tutulur. Hesab edirəm ki, burada tək audio deyil, video vasitələr, yəni video da əlavə olunmalıdır. Biz görürük, bir sıra dövlətlərin televiziya kanallarında xəbərlər proqramında hadisələri başa düşməyən, kar insanlar üçün  əl-qol hərəkətləri ilə izah edirlər. Ona görə də hesab edirəm, audio vasitələrin yanında bir “video” sözünün əlavə olunması kömək edə bilərdi.
6.3-cü maddədə dövlətin əlil olan şəxslər qarşısında onların müdafiəsi ilə bağlı öhdəliklərindən söhbət gedir. Ancaq hesab edirəm ki, bu kifayət deyil. Bəzən biz görürük ki, əlil şəxslərin hüquqları heç də həmişə pozulmur. Amma hüquqlarını reallaşdıra bilmədiyi anlar olur. Onlar pensiya almaq istəyirlər, ala bilmirlər, vərəsəliklə bağlı məhkəmədə çıxış edə bilmirlər və sair. Ona görə istərdim, bura yarım cümlə əlavə olunsun ki, “Əlillərin hüquqlarının reallaşdırılmasını təmin etməyi öhdəyə götürür”. Yəni dövlət bunu da öz öhdəsinə götürsün. Bilmirəm, qəyyumluq vasitəsi ilə, sair vasitələrlə, hər halda onların bu hüquqlarının reallaşmasına kömək etmək lazımdır.
15.3-cü maddədə belə bir müddəa var ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər istisna olmaqla,  əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılması onların vəsaiti hesabına təmin edilir. Mən hesab edirəm, bu adamlar çox da deyil. Ağsuda PMK qəsəbəsi var, bu yaxınlarda orada olan zaman bir nəfəri gördüm – Tahir adında əlil adam idi. O, qapıdan araba ilə hamam sisteminə, sanitariya qovşağı sisteminə girib-çıxa bilmirdi. Onun imkanları da yox idi. Bunun kimi imkanı olmayan çoxlu əlil var. Bu çox vəsait tutmur. Onlara da kömək etmək lazımdır. Deyək ki, pilləkən kənarında evə girib-çıxmaq, yaxud elə həmin otaqların genişləndirilməsi üçün. Çox vəsait tutmur. Nə üçün dövlət bu xırda şeyləri ancaq onların üzərinə qoyur? Mənə elə gəlir ki, əlillərə bu yardımı da göstərmək olar.  İmkan var buna, bunu xahiş edərdim.
21.2-ci maddədə əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı  ayrı-seçkilikdən söhbət gedir. Burada da bayaq dediyim kimi, ayrı-seçkilik deyil, əsassız ayrı-seçkilik olmalıdır. Deyək ki, pəltək bir insanı diktor qoymaq mümkün deyil, yaxud şikəst bir insanı  bir sahədə istifadə etmək olmaz. Ona görə də hesab edirəm ki, yenə burada söhbət əsassız ayrı-seçkilikdən getməlidir. Bu söz orada öz əksini tapmalıdır. Bir də, peşəkarlıq qabiliyyətindən istifadə olunması məsələsi də nəzərə alınmalıdır.
Sonuncu təklifim 33.3-lə bağlıdır. Bu da siyasi, ictimai həyatda iştirakla bağlıdır. Burada yazılır ki, “əlilliyi olan şəxslərin  iştirakı məhdudlaşdırılmamalıdır”. Bu siyasi partiyadır, ictimai təşkilatdır, öz hüquqlarıdır. Burada əlilliyi olan şəxslərdə məhdudlaşdırma ola bilər. Məncə, bu başqa cür dəyişiklik olmalıdır. Yazılmalıdır ki, əlillik əlamətinə görə şəxslərin üzvlüyü və sair məhdudlaşdırılmamalıdır. Yəni insanın əlilliyinə görə məhdudiyyət qoyula bilməz. Amma əlil olan insanlar başqa termindir. Hesab edirəm, bunlar nəzərə alınsa...

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Tahir müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox hörmətli Bahar xanım, hörmətli deputat həmkarlar, qonaqlar!  Əlbəttə, bu qanun gözəl hazırlanıb. Mən qanunun hazırlanmasında iştirakı olan hər bir  şəxsə öz minnətdarlığımı bildirirəm. Bizim “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə,  hər bir qanun qəbul olunarkən o mütləq maliyyə ekspertizasından keçməlidir. Bu qanunun altıncı fəsli əlilliyi olan şəxslərin sosial müdafiəsinə həsr olunub və burada da qeyd olunur ki, əlilliyi olan şəxslərin tibbi təminat hüququ var, reabilitasiya  dəstəyi almaq hüququ var, mənzil almaq hüququ var, o cümlədən onlara digər sosial xidmətlər göstərilməlidir. Ona görə də burada mütləq millət vəkillərinə məlumat verilməliydi ki, bu xərclər ildə təqribən nə qədər olmalıdır. Məsələn, mən nazirliyin veb səhifəsinə girdim, ölkədə 620 min əlil var, Bahar xanım. 620 min əlilin 72 mini 18 yaşına qədər olan uşaqlardır.
Bizim Prezident tərəfindən 2014–2018-ci illərdə əlillərin evlə təmin olunmasına dair dövlət proqramı təsdiq olunub və 5731 əlil 2018-ci ilin sonuna qədər evlə təmin olunmalıdır. Günün birinci yarısında hörmətli həmkarımız Fazil Mustafa da məsələ qaldırdı ki, biz qanunları qəbul edirik, amma əgər o qanunlar icra olunmursa, tətbiq olunmursa, onda biz o qanunları niyə qəbul edirik? İndi də əgər dövlətin imkanı yoxdursa ki, bu əlilləri biz ən azından bir ağlabatan müddətdə evlə təmin edək, onda bu qanunu biz niyə qəbul edirik? Bizə ona görə məlumat verilməlidir. Ziyafət müəllim qeyd etdi ki, burada, bizim  Məclisdə hörmətli Natiq müəllim iştirak edir. O, məlumat versin, görək, 5731 əlildən neçə nəfəri, –  onların hamısı evlə təmin olunmalıydı, – indiyə qədər, yəni ilin qurtarmasına 7 ay vaxt qalır, evlə təmin olunub? Bu bir. Məsələn, mən həmin nazirliyin veb səhifəsinə girib baxdım, ev növbəsinə duranların ümumi sayı dərc olunmayıb. Yəni orada rayonlar üzrə verilib. Gərək özün oturub hesablayasan, hər rayon üzrə nə qədər əlil var. Sonuncu Zərdab rayonunun adı yazılmışdı. Həmin rayonu açdım internetdə. Gördüm, orada qeyd olunub ki, 67 nəfər ev növbəsinə durub, 2017-ci ildə onlardan cəmi 7 nəfəri evlə təmin olunub. Görün, neçə illər lazımdır ki, bu insanlar evlə təmin oluna bilsinlər. Bu hüququ onlara verib əgər biz onları təmin edə bilməyəcəyiksə... Mütəmadi olaraq onlar millət vəkillərinə, dövlət orqanlarına müraciət edirlər. Bunun üçün də mən büdcənin müzakirəsində, əslində, hökumət üzvlərinə öz etirazımı bildirmişdim ki, Qarabağ əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün biz bu il büdcədən 27 milyon dollar pul ayırmışdıq. Mən o zaman da söyləmişdim ki, bu vəsait həddindən artıq azdır. Ona görə də bu cür qanunlar müzakirəyə çıxarılarkən qeyd olunmalıdır ki, hər il əlillərin sayı təqribən nə qədər artır və hər il biz nə qədər mənzil tikməliyik? Bunun üçün  büdcədən nə qədər vəsait ayrılmalıdır ki, biz əlillərin bu problemlərini həll edə bilək. Ümumən, mən qanun layihəsinə səs verəcəyəm. Amma çox istərdim ki, Natiq müəllim mənim bu sualıma da cavab versin. Sağ olun diqqətinizə görə.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Yəqin ki, Sizin suallarınızın müəyyən qismi burada cavablandırılar, amma tam olacağını, dəqiq olacağını demək, əlbəttə ki, mümkün deyil. Hesab edirəm, Natiq müəllim sonda cavablandırar. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Bahar xanım. Mən də hesab edirəm ki, bu qanun çox yaxşı, yüksək səviyyədə hazırlanıb. Həm BMT-nin əlilliklə bağlı müvafiq konvensiyaları nəzərə alınıb, həm Konstitusiya nəzərə alınıb, indiyə qədər qəbul olunan qanunlar nəzərə alınıb və eyni zamanda, əlil insanların fəaliyyətinin yenidən təşkil edilməsi, onların işlə təmin edilməsi, əlilliklə bağlı məsələlərin mənzildə, infrastrukturda nəzərə alınması istiqamətində çox yaxşı məqamlar var. Amma bəzi məqamlar var ki, real həyatda onları möhkəmləndirmək və gücləndirmək lazımdır. Bu nöqteyi-nəzərdən ilk növbədə əlilliklə bağlı islahatları mən qeyd etmək istərdim. Qanunda birinci istiqamət kimi əlilliyin müəyyənləşdirilməsi məsələsi öz əksini tapıb. İkinci isə bir sıra insanlar  sağlam olsa da, onlara əlillik kateqoriyaları verilib. Bunların aradan qaldırılması üçün xeyli iş görülüb. Üçüncü isə həqiqətən əlil olan adamları 3–5 ildən bir yenə müayinədən, yoxlamadan keçirirlər. Əgər bir insanın qolu yoxdursa, qıçı yoxdursa, əlildirsə, 3–5 ildən sonra buna yenidən qol-qıç gəlməyəcək ki... Bu çatışmazlıq aradan qalxdı.
Amma hesab edirəm ki, əlilliyin müəyyənləşdirilməsində yenə də  idarələr arasında süründürməçilik var. Elə bir optimal variant qoymaq lazımdır ki, həqiqətən, əlil olan insanlar tez bir zamanda o əlillik statusunu ala bilsinlər. İkinci məsələ isə əlilliklə bağlı qanun layihəsində əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı öz əksini tapan maddələrdir. 27-ci maddədir, 28-ci maddədir. Bahar xanım, hesab edirəm ki, bunlar yaxşı işlənilib, amma real praktikada bunlar çox zəifdir. Həm mənzillə, həm avtomobillə təmin edilmə sahələrində, digər sahələrdə müəyyən addımlar var, amma burada zəifliyi mən konkret rəqəmlərlə qeyd etmək istərdim. Məsələn, Qarabağ müharibəsi əlillərindən I qrup 182 manat müavinət alır. Bu, orta aylıq əmək haqqının 35 faizidir. II qrup 154 manat alır. Bu, orta aylıq əmək haqqının 30 faizidir. III  qrup 121 manat alır ki, bu da orta aylıq əmək haqqının 23 faizidir. Mülki əhalidə isə I qrup 124 manat alır. Bu, orta aylıq əmək haqqının 24 faizidir. II qrup 61 manat alır. Bu, orta aylıq əmək haqqının 12 faizidir. III qrup 52 manat alır. Bu, orta aylıq əmək haqqının 10 faizidir. Bahar xanım, 52 manat nə deməkdir, bu çox anlaşılmaz bir şeydir. Ona görə də hesab edirəm ki,  buraya əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, doğrudan da, gözəl maddələr salınıb, amma əlilliyin müəyyənləşdirilməsində, düzdür, mürəkkəblik lazımdır, amma həqiqətən, əlil olan insanları get-gələ salmaq lazım deyildir. Sadaladığım kateqoriyaya aid olan əlillərin aldığı müavinətləri, heç olmasa, 2 dəfə artırmaq lazımdır. Heç olmasa, orta hesabla 300 manat alsalar, nəyəsə çatar, dərmanlarına çatar və sair. Bu, hesab edirəm ki, çox ciddi məsələdir.
Bir də, qeyd etmək istədiyim məqam 6-cı maddə ilə bağlıdır: əlilliyi olan şəxslərlə bağlı dövlət təminatı. 6-cı maddənin 6.3-nü oxuyaq, bir də 6.4-nü oxuyaq. 6.3-də qeyd olunur ki, dövlət əlilliyi olan şəxslərin işgəncələrə və digər qəddar hərəkətlərə məruz qalmamasına təminat  verir. Belə çıxır ki, əlildən başqa qalan hər kəsə işgəncə vermək olar. Orada heç bir təminat yoxdur. Halbuki bu cür müddəa Azərbaycan Konstitusiyasının 46-cı maddəsində bütövlükdə insanlar barəsində nəzərdə tutulub. Burada məhz əlil olan insanlara qarşı bu cür hərəkətlər ediləndə daha şiddətli cəzaların verilməsindən söhbət gedə bilər. Yoxsa həmin təminat bütün Azərbaycan vətəndaşlarına aiddir. 6.4-də isə qeyd olunur ki, əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Konstitusiyasında hamıya aid olan məsələlərdir. Burada da yenə  elə yazmaq olar ki, fiziki imkanları yoxdursa, o, məhkəməyə və sairə müraciət edəndə onun üçün dövlət təminat versin, şərait yaratsın.
Axırıncı məsələ ondan ibarətdir ki, mən hesab edirəm,  əlilliklə bağlı qanun layihəsində yazılan məsələlərin yüksək səviyyədə həyata keçirilməsi üçün işlək bir nəzarət mexanizminə ehtiyac var. Belə bir nəzarət mexanizmi olsa, hesab edirəm, bu sahədə olan narazılıqlar xeyli dərəcədə aradan qalxar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Bahar xanım, hörmətli deputat həmkarlarım, həqiqətən də birinci oxunuşdan sonra qanun layihəsi üzərində xeyli iş gedib, xeyli təkmilləşdirilib və mən bu qanunun belə vəziyyətdə Milli Məclisin müzakirəsinə çıxarılmasında xidməti olan hər bir komitə üzvünə öz minnətdarlığımı bildirirəm. Əlbəttə ki, bu qanunun tətbiqi, qəbul olunması bu sahədə olan müəyyən problemləri aradan qaldıracaq. Xüsusilə də əlilliyin müəyyən olunması sahəsində olan çatışmazlıqları burada həmkarım Əli müəllim də səsləndirdi. Bu gün bizə gələn  məktublarda da, yerlərdə camaatla söhbətlərdə də bu məsələ çox vacib bir məsələ kimi qarşıya qoyulur və insanlar bu sahədən həddindən artıq gileylidirlər. Çünki burada bir çox neqativ hallar var, burada insanların incidilməsi var. Ekspertiza komissiyasının fəaliyyətində müəyyən nöqsanlar var. Elə bilirəm ki, bunu nazirlik tez bir zamanda aradan qaldırmalıdır və bunun tətbiqi ilə əlaqədar müəyyən tədbirlər görülməlidir.
Burada müəyyən maddələrdə olan bəzi xırda qüsurlara öz münasibətimi bildirmək istəyirəm. Bunlar qüsur da deyil. Bu ifadələrin müəyyən qaydada dəyişməsinə, elə bilirəm, ehtiyac var. 5.0.1-ci maddədə axırıncı sətri deyirəm. “İnsan müxtəlifliyinin komponenti” – elə bilirəm, bu söz dəyişilsə, daha yaxşı olar. Çünki bu, yerinə düşməyən bir sözdür, burada yazılıb. Sonra, burada bir çox maddələrdə, elə 14-cü maddədə, 15-ci maddədə, 23-cü maddədə “ağlabatan uyğunlaşma” ifadəsi var. Elə bilirəm ki, bu “ağlabatan” sözü buradan çıxarılmalıdır. Çünki uyğunlaşma uyğunlaşmadır da. Müəyyən qayda var, uyğunlaşma, qaydalar arasında uyğunlaşdırılma – bu “ağlabatan” sözü yerinə düşməyib. Bu söz qanunun dilinə uyğun deyil, onun  buradan çıxarılması daha müvafiq olar. Sonra, maddə 17-də  bir cümlədə, özü də axırıncı sətirlərdə iki dəfə “müvafiq icra hakimiyyəti orqanı” sözləri üst-üstə düşür və bu, qanunun dilini çox ağırlaşdırır. Ancaq burada elə adicə yazılıb ki, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada dövlət buna nəzarət edir. Bunu çıxartmaq olar, yazmamaq olar. 20-ci maddədə söhbət əlilliyi olan şəxslərin təhsilini və peşə hazırlığını təmin etməkdən gedir. Əlbəttə ki, burada pedaqoji işçilərin qabaqcıl təcrübəsindən, tədris metodikasından, materiallarından istifadə edilməsi çox vacibdir. Ancaq burada “ünsiyyətin gücləndirici və alternativ üsulları” ifadəsi var – elə bilirəm, Hadi müəllim, bunu oradan götürmək  yerinə düşər. Dövlət pedaqoji işçilərin qabaqcıl üsullarından, tədris metodikasından və materiallarından istifadə üçün lazımi tədbirlər görür. Elə bilirəm, bu daha uyğun olardı. Ümumiyyətlə, qanun çox əhatəlidir və elə bilirəm ki, bu qanunu qəbul etmək olar və mən onun lehinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsini günün tələblərinə cavab verən və beynəlxalq qanunvericiliyi nəzərə alan müasir bir qanun layihəsi hesab edirəm. Qanun layihəsini biz birinci oxunuşda konseptual baxımdan qəbul etdik,  sonrakı dövrdə də onun üzərində çox iş gedib. Bütövlükdə qanunun qəbul olunmasının tərəfdarıyam, səs verəcəyəm, deputat həmkarlarımı da səs verməyə dəvət edirəm. Eyni zamanda, üç maddə ilə bağlı fikirlərimi də söyləmək istəyirəm. İmkan olarsa, həm komitədə, həm də qanun layihəsinin müəllifləri ilə birgə müzakirə edib üçüncü oxunuşa qədər  nəzərə almaq olar. Əlilliyin müəyyən edilməsi meyarları ilə bağlı 3-cü maddəyə mənim təklifim nədən ibarətdir? Bilirsiniz ki, son vaxtlara qədər Azərbaycan Respublikasında əlillik əyani olaraq vətəndaşın komissiyadan keçməsi və əyani müayinəsi, sosial, tibbi, əmək və digər vəziyyəti nəzərə alınaraq verilirdi. Son bir ildən bir az artıq bir müddətdə, iki aya yaxın bir müddətdə bu meyarlar dəyişdirildi, əlilliyin verilməsi qaydaları dəyişdirildi. Almaniyanın modeli tətbiq olundu və artıq əlilliyin verilməsi, demək olar ki, qiyabi olaraq vətəndaşın iştirakı olmadan Səhiyyə Nazirliyinin elektron vasitələrlə göndərişi əsasında həkim-ekspert komissiyaları tərəfindən verilir.
Mən hesab edirəm ki, bu bizim bugünkü reallıqlarımıza uyğun deyil. Yəni indi Almaniyada, deyək ki, uzun illərdir, 200 ildən çoxdur bu sistem qurulubdur. Elektron səhiyyə sistemi işləyir,  uşaq doğulandan  əlil olan günə, əlilliyə müraciət edən günə qədər vətəndaşın xəstəlik vəziyyəti elektron bazada yerləşdirilir. Bizdə isə bu baza qurulmadığından, bunun qiymətləndirilməsi yalnız sonuncunun vəziyyətinə uyğun  gedir ki, bu da çox zaman, təəssüflər olsun ki, vətəndaşın ziyanına qərar çıxarılması ilə nəticələnir. Düzdür, korrupsiya faktı tamamilə aradan qaldırılıbdır. Amma korrupsiya ilə mübarizə o demək deyil ki, vətəndaşların hüquqları pozulsun, əlil olan insanlara əlillik verilməsin, əlil olmayan insanlara da əlillik verilsin.
Təkcə bir faktı misal çəkmək istəyirəm. Ötən il ərzində Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə 66 961 vətəndaşın müraciəti göndərilibdir. Yəni əlilliklə bağlı  sənədləri göndərilibdir. Bunlardan 56,3 faizinə, yəni 37 701 nəfərinə əlillik verilməyib, yəni imtina olunubdur. Amma bu vətəndaşların sonradan müraciət etmək hüququ yoxdur ki, mənim haqqımda qərar ədalətlimi çıxıb, ədalətsizmi çıxıbdır? Buna görə də sovet vaxtında, – hələ bu son dövrlərə qədər mən də o sistemdə işləmişəm, bir xeyli təcrübəm var, ona görə deyirəm, –  əsassız göndərişlər 10 faizi keçərdisə, onda iki nazirlik arasında mütləq kollegiya iclası keçirilərdi, birgə komissiya yaranardı və bir-bir onlar yoxlanılardı ki, hansı halda səhv qərar verilibdir. Amma 37 700 nəfərə imtina verilir və vətəndaş da  bilmir ki, vəziyyət nə yerdədir,  hara müraciət etsin. Ona görə mən hesab edirəm ki, 3-cü maddəyə biz mütləq vətəndaşın əyani müayinə olunması və təkrar müraciət hüququnu salmalıyıq. Burada yəni əsas məqsəd  vətəndaş olmalıdır. Korrupsiya ilə mübarizə aparaq, korrupsiya ilə mübarizə aparmağın yolları çoxdur. Vətəndaşın hətta məhkəmənin qərarından, belə deyim, şikayət etmək hüququ var, amma əlillik barədə qərardan şikayət edə bilmir. Buna görə də hesab edirəm ki, biz mütləq bu məsələni qanunvericiliyə salmalıyıq.
11-ci maddə ilə bağlı fərdi reabilitasiya proqramı çox vacib bir məsələdir, heyf ki, mənim vaxtım azalır. Amma  vətəndaşı görmədən, əlili görmədən onun  fərdi reabilitasiya proqramını biz necə müəyyən edə bilərik? Nəhayət, mənim 24-cü maddə ilə bağlı sonuncu bir təklifim var. 16 yaşa qədər sağlamlıq imkanı məhdud uşağa baxmağa görə onun anasının o qulluq dövrü, mən hesab edirəm ki, mütləq  sığorta stajına daxil olunmalıdır ki, sonra pensiya ala bilsin. Çünki xəstə uşağına baxdığına görə o işləyə bilmir. Ona görə də 18 yaşına qədər sağlamlıq imkanı məhdud uşağına baxdığı  müddət ananın pensiya sığorta stajına daxil olunmalıdır. Bütövlükdə qanunu mən...
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Əslində, bu qanun layihəsi ətrafındakı müzakirələrdə ən vacib məqamlardan biri ondan ibarətdir ki, çox təəssüf, əlillərlə bağlı qəbul olunmuş  çox mükəmməl qanunlar var, qanunvericilikdə müddəalar var, amma qanunvericilikdə, o qanunlarda əlillərlə bağlı hissələrin yerinə yetirilməsindəki problemlər, əslində, bu gün bu müzakirələri bir az da aktuallaşdırır. Mən elə Musa müəllimin qaldırdığı sonuncu məsələni dəstəkləyərək başlamaq istəyirəm. Doğrudur, yeni sistemdə əlilliyin müəyyən edilməsi sahəsində korrupsiya halları, subyektiv hallar azalıb  amma bu sistemdə də müəyyən problemlər var və o problemlərdən çıxış yollarını oturub düşünmək lazımdır və belə vətəndaşların sayı həddindən artıq çoxdur. Bizə müraciət edir ki, mənim müalicə, müayinə sənədlərim özümün iştirakım olmadan  səhiyyə qurumu tərəfindən göndərilib və mənə imtina verilib. Amma mən qanunvericiliklə oxuyuram ki, mənə, əslində, əlillik düşə bilərdi. Amma bunun təkrar müraciət etmək hüququ, demək olar ki, yoxdur. Vətəndaşın bu qərardan təkrar müraciət etmək hüququ, araşdırma hüququ, aydınlaşdırma hüququ olmalıdır. Bununla bağlı məsələlərin, – hörmətli Natiq müəllim də buradadır, – bir ortaq yolunu tapmaq lazımdır ki,  bu qərarların doğru olmadığını müəyyən edən mexanizm olsun. Vətəndaşların təkrar müraciət hüquqları məsələsinə çox diqqət  yetirmək lazımdır.
İkinci, Tahir müəllim məsələ qaldırdı. Qanunun 1.0.13-cü maddəsində ünsiyyətlə bağlı hissədə audio vasitələrlə bərabər video vasitələrin əlavə edilməsi də çox vacib məsələdir. Çünki müasir dövrdə buna da çox ehtiyac var. Qanunun 15.3-cü maddəsi ilə bağlı mən bir məsələni vurğulamaq və təkliflə çıxış etmək istəyirəm. Bu təklifin həyata keçirilməsi nə dərəcədə mümkündürsə… Vurğulanır ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər istisna olmaqla, əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılması onların vəsaiti hesabına təmin edilir. Bu kateqoriyaya ərazi bütövlüyümüz uğrunda, müstəqilliyimiz uğrunda əlilliyi olan şəxslərin də aid edilməsi məsələsinin irəli sürülməsi və ya bu prosesin  hansı isə başqa qanuni vasitələrlə tənzimlənməsi imkanları ilə bağlı fikir və düşüncələri bölüşmək istəyərdim.
Digər bir məsələyə toxunmaq istəyirəm. Keçən dəfə də vurğulandı,  əlillərin iş ilə təminatı məsələsi “Məşğulluq haqqında” Qanunla  tənzimlənir və bizim də, təbii ki, istəyimiz ondan ibarətdir ki,  “Məşğulluq haqqında” Qanunun həyata keçirilməsində əlillərlə bağlı hissəyə nəzarət gücləndirilsin. Biz bunu qaldıranda demirdik ki, gəlin bu məsələni də buraya salaq. Biz bilirik ki, bu, “Məşğulluq haqqında” Qanunda var. Amma çox təəssüf ki, əlillərin iş ilə təmin olunması sahəsində o kvota məsələsində problemlər var. Əlillərin iş ilə təmin olunmasında və bu qanunun o hissəsinin həyata keçirilməsində hansı mexanizmləri daha ciddi çalışdıra bilərik ki, bu yerinə yetirilsin.
Sonra, dayanacaqlarla bağlı məsələlər. Bu məsələlərin “Yol hərəkəti haqqında” Qanunla  tənzimlənməsi vurğulanır. Biz də bunu bilirik. Amma burada açıq vurğulanır. Mən bunu da təqdir edirəm yenə. Yəni dayanacaqlarda əlillər üçün yerlər ayrılması, kvota ayrılan yerlərə riayət edilməsi məsələsi. Biz hamımız ətrafda görürük ki, bu yoxdur, demək olar ki, yox dərəcəsindədir. Bu mexanizmləri nə edək? Yəni söhbət ondan getmir ki, biz bunların hamısını gətirək təzədən bu qanuna daxil edək. Biz başa düşürük ki, bu mümkünsüzdür və qanun çox mütərəqqidir. Bu qanunda gözəl məsələlər var, biz bunu dəstəkləyirik, təqdir edirik. Amma bu qanunda  istinad edilən bəzi qanunlar var ki, o qanunların, Natiq müəllim, əlillərlə bağlı hissəsinin həyata keçirilməsində problemlər var. Məsələn, “Mənzil haqqında” Qanunda mənzillərin əlillərə uyğunlaşdırılması, binaların, müəssisələrin əlillərə uyğunlaşdırılması məsələsi və sair. Burada o qanunların hamısına istinad edilir, amma bunların həyata keçirilməsinə nəzarət mexanizminin...
Sədrlik edən. Sağ olun, Qənirə xanim. Rauf Əliyev.
R.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu, çox vacib qanundur, biz onu komitədə  geniş müzakirə etmişik. Bu gün də həmkarlarım təkliflər verdilər, təbii ki, baxılacaq. Mənim səsləndirəcəyim təklifi hörmətli həmkarım Musa müəllim burada səsləndirdi. Ona görə təkrara ehtiyac duymuram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox gözəl və nümunəvi bir çıxış. Sağ olun, Rauf müəllim. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də elə Rauf müəllim kimi o təklifi dəstəkləyirəm. Qanuna səs verəcəyəm, lakin mən də Musa müəllimin dediyi o fikri bir daha təkrarlamaq istəyirəm ki, – bax Natiq müəllim burada iştirak edir, – xəstəni görmədən ona əlillik verilməsini tamamilə səhv hesab edirəm. Bu məsələ çox ciddi müzakirə olunmalıdır. Bir həkim olaraq hər gün rastlaşdığım proseslər bir daha sübut edir ki, xəstəni görmədən əlliliyin təyin olunması qeyri-mümkün bir şeydir.  Bu bizə tamamilə yaddır. Çox xahiş edirəm ki, bu məsələ bir az müzakirə olunsun. Əgər həkim səhv yazıbsa, qoy həmin sənəd göndərilsin Səhiyyə Nazirliyinə. Lakin məsələ bundadır ki, həkim səhv yazmır. Sadəcə olaraq, xəstəyə əlillik verilmir. Xəstə isə düşünür ki, həkim səhv yazıbdır,  yaxud  bu diaqnoza əlillik düşmür. Xəstə də başlayır bütün hüquq mühafizə orqanlarını ayağa qaldırmağa, prokurorluğa müraciət edir ki, yəqin, həkim mənim sənədimi qəsdən belə yazıb ki,  mənə əlillik düşməsin. Amma biz çox gözəl bilirik ki, bu belə deyil. Sadəcə olaraq, həmin xəstələr geri qaytarılır və çox böyük narazılıq yaranır. Çox xahiş edirəm, bu məsələ bir daha diqqətə alınsın ki, xəstəni görmədən, onun vəziyyətini qiymətləndirmədən sənədə baxaraq, xəstəyə əlillik düşmür deyib geri qaytarmaq olmaz. Təşəkkür edirəm diqqətinizə görə.
Sədrlik edən. Sağ olun, Sədaqət xanım. Araz Əlizadə.
A.Əlizadə. Bilirsinizmi, qanun bizim komitədə çox müzakirə olunub, çoxlu dəyişikliklər etmişik və sair. Mən düşünürdüm ki, terminlərdə olan qüsurların hamısı ikinci oxunuşa çıxarılanda düzələcək. Onlar hamısı tərcümə səhvləridir. Ona görə ki, tərcümə edən insan Azərbaycan dilini o qədər də mükəmməl bilmir.
Bir məsələni demək istəyirəm. Burada Qənirə xanım əlillərin iş yerləri üçün kvota məsələsini qaldırdı. Bilirsiniz, o cərimələrlə biz heç vaxt nail ola biməyəcəyik ki, iş adamları əlilləri işə götürsünlər. Onları maraqlandırmaq lazımdır. Necə maraqlandırmaq? O, əlilləri işə götürəndə gərək vergidən azad olunsun. Onu stimullaşdırmaq lazımdır ki, onları işə götürsün.
Mən bir şeyi də demək istəyirəm. Bəli, çox yaxşı qanundur, çox mütərəqqi qanundur. Avropanın bütün təcrübəsindən istifadə etmişik. Lakin bu qanun lirikadır. Əslində, bu, əlillərin həyatını yaxşılaşdırmayacaq. Nəyə görə? Ona görə ki, əlillərimizə çox az miqdarda müavinət verilir, onların pensiyaları çox aşağıdır. Bizdə, Azərbaycanda minimal istehlak səbəti 174 manat qəbul edilib. Bu o deməkdir ki, ondan aşağı istehlak səbəti ola bilməz. Yəni ondan aşağı nə minimal əmək haqqı ola bilər, nə də  pensiya. Çünki əgər minimal istehlak səbəti 174 manatdırsa, əlillərə isə biz 50–52 manat təqaüd veririksə, o necə dolansın? Burada deputat həmkarlarımdan xahiş edirəm, desinlər ki,  kim bir ayda 52 manatla dolana bilər? Heç kəs. Odur ki, gəlin əlillərin həyatını yaxşılaşdırmaq üçün onların təqaüdlərini artıraq. Hər şey yaxşıdır, qanunlar yaxşıdır və sair. Lakin  qanunun əsas mahiyyəti əlillərə layiqli həyat verməkdir.
Sədrlik edən. Çox sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Həqiqətən də biz bu gün çox önəmli qanunun müzakirəsini keçiririk. Əlilliyi olan şəxslərin  hüquqları ilə bağlı qanunlarımızı nə qədər təkmilləşdirsək, yenə azdır. Ümumiyyətlə, ölkəmizdə bu sahədə çox əhəmiyyətli işlər görülür və bütövlükdə dövlətimizin apardığı siyasətin təməlində humanizm və sosial yönüm var. Mən nə demək istəyirəm? Bununla bağlı məsələni mən parlamentdə bir neçə dəfə qaldırmışam. Bu məsələ əlilliyi olan, xüsusilə də birinci qrup əlilliyi olan uşaqların təhsili ilə bağlıdır. Bu uşaqların təhsili 18 yaşına qədər  pulsuzdur. Amma birinci qrup əlil olan uşaqlar 18 yaşından sonra təhsil haqqı ödənişindən azad deyildirlər. Bu yaxınlarda biz görkəmli elm xadimi Zərifə xanım Əliyevanın 95 illiyi ilə əlaqədar gözdən əlillər məktəbinə getmişdik. Orada valideynlər də müraciət etdilər. Onsuz da birinci qrup əlilliyi olan uşaqların valideynləri o uşaqlara görə işləyə bilmirlər. Bir valideyni, ya anası, ya da atası. Amma bu uşaqlar universitetlərdə, ali məktəblərdə, digər müxtəlif müəssisələrdə,  kolleclərdə, texnikumlarda ödənişli təhsil alarkən onların bu ödənişdən azad edilmək hüququ yoxdur. Hər iki valideynini itirən əlilliyi olan uşaqlar təhsil haqqından azaddırlar. Amma bir valideyni itirən uşaqlar ödənişdən azad deyildirlər. Mən bu yaxınlarda nazirlikdən maraqlandım. Respublika üzrə bunlar o qədər az saydadır ki… Mən əminəm ki, möhtərəm Prezidentimiz bu məsələni bilsə, məmnuniyyətlə əlillər üçün bu təminatı  verər. Çünki bu qəbildən olan uşaqların sayı 100-ə yaxındır.
Nəhayət, sonuncu xahişim nədən ibarətdir? Respublikamızda, – maraqlanmışam, nə qədər dəqiqdir, bilmirəm, burada bizim çox hörmətli nazir müavini iştirak edir, – ona yaxın iki və ya üç oğlunu şəhid vermiş ailə var. Mənim seçildiyim Nəsimi rayonunda Novruzovlar ailəsi var, özü də məşhur şəhid ailəsidir. Ulu öndərimiz onlara Milli qəhrəman adı, “Azərbaycan bayrağı” ordeni verib. O ananın maddi vəziyyəti çox məhduddur, sıxıntılı vəziyyətdə yaşayır. Bir övladına görə 1994-cü ildə ulu öndərimiz ona ev verib. Amma özü və yoldaşı ağır xəstə olduğuna görə o evi satıb. İndi ikinci övladına görə mənzil uçotunda dayanmaq istəyir, ona deyirlər ki, sənə bir dəfə mənzil verilib. Amma mən düşünürəm ki, burada da ədalət olmalıdır. Birincisi, respublikamızda elə ailələrin sayı 10-a yaxındır. İkincisi də düşünürəm ki, buna fərqli yanaşma olmalıdır. Bir ailənin bütün övladları şəhid olublar. O, acınacaqlı vəziyyətdədirsə, güzəşt etmək olar. Hörmətli Hadi müəllimdən xahiş edərdim ki, mənim təkliflərimi nəzərə alsınlar. Bu, maliyyə tutumu az olan problemdir. Hesab edirəm ki, dövlətimizin bugünkü imkanları buna imkan verir. Bunun da şahidi  olduq ki, möhtərəm Prezidentimiz andiçmə mərasiminin ertəsi günü çox böyük humanistlik edərək, bizim də çox narahat olduğumuz bir məsələni, şəhid ailələrinin “qan pulu” adlanan müavinəti məsələsini həll etdi. Bu da cəmiyyətdə çox böyük məmnuniyyətlə və məmnunluqla qəbul olundu. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, təşəkkür edirəm, çox maraqlı müzakirələr keçdi. Bayaq mən qeyd etdim ki, bugünkü iclasımızda nazir müavini Natiq müəllim iştirak edir. Etiraz eləmirsinizsə, Natiq müəllimə söz verək, deyilən fikirlərə münasibət bildirsin, ondan sonra səsverməni keçirərik.
Natiq müəllim, bir xahişim var, bu məsələni Musa müəllimlə Sədaqət xanım qaldırdılar, geniş aydınlıq gətirin. Sözün düzü, mənim üçün təəccüblü oldu ki, əgər vətəndaş əlilliklə bağlı müraciət edirsə, imtina alırsa, sonradan onun şikayət eləmək imkanı yoxdur. Mən düz başa düşdüm? Bu necə olur? Xahiş edirəm, bu məsələyə aydınlıq gətirin.
N.Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Hörmətli Ziyafət müəllim, çox sağ olun, təşəkkür edirəm. Hörmətli millət vəkilləri, bu gün bu qanun layihəsinin artıq ikinci oxunuşudur. Mən bu qanun layihəsinin  hazırlanmasına dair bir balaca arayış vermək istəyirəm. İlk dəfə olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları bu qanun layihəsinə öz rəy və təkliflərini bildiriblər. Bu rəylər və təkliflər qanun çərçivəsində, əlbəttə ki, nəzərə alınıb. Bundan əlavə,  Azərbaycan Respublikası BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmişdir. Azərbaycan Respublikası ilk dəfə olaraq bu qanun layihəsini BMT-nin müvafiq komitəsinə göndərdi və həmin komitədən rəy və təklifləri aldıq. Azərbaycanın bu təcrübəsi həmin konvensiyanı ratifikasiya etmiş digər ölkələrə nümunə kimi tövsiyə olundu.
Mən, əlbəttə, bu qanunun hazırlanması haqqında çox danışa bilərəm, amma ehtiyac duymuram, sadəcə olaraq, bu gün hörmətli deputatlarımızın burada qaldırdıqları məsələlərə dair fikirlərimizi bildirmək və aydınlıq gətirmək istəyirəm. Hörmətli Qüdrət müəllim Həsənquliyev  əlillərin evlə təminatı məsələsini qaldırdı. Bəli, bu gün Azərbaycan Respublikası müharibə şəraitində yaşayan ölkədir və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, Konstitusiya quruluşu uğrunda döyüşlərdə əlil olmuş, sağlamlığını itirmiş insanlar və şəhid ailələri ilk növbədə evlə təmin olunurlar. Bu məsələ dövlət başçısı cənab İlham Əliyevin xüsusi imzaladığı dövlət proqramı çərçivəsində həyata keçirilir. Bəli, 2014–2018-ci illərə aid bu dövlət proqramı imzalandı və biz bu kateqoriyadan olan bütün insanları əhatə etməmişik. Mən düşünürəm, növbəti dövlət proqramı bu ilin axırında hazırlanacaq, 4 il ərzində bu kateqoriyadan, bu təbəqədən olan insanları tam şəkildə təmin edəcək. Ümumi xəstəlikdən olan əlillər bu gün yerli icra hakimiyyəti orqanları tərəfindən evlə təmin edilməlidirlər. O ki qaldı 28 milyon vəsaitin ayrılması, bəli, bu 28 milyon vəsaitdən 10 milyonu həmin bu kateqoriyadan olan Qarabağ əlillərinin və şəhid ailələrinin mənzillə təmin edilməsi üçün nəzərdə tutulub. Bu da təqribən 200 ailəni əhatə edir və mən düşünürəm, bu yaxınlarda bir hissəsini, ilin ikinci yarısında qalan hissəsini təmin edəcəyik.
Bundan əlavə, cənab Prezidentin sərəncamı ilə ailəli Qarabağ əlillərinə xüsusi fərdi yaşayış evlərinin tikintisi də nəzərdə tutulub. Onlar üçün rayon icra hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb və onların  növbəliliyi bizim internet saytımızda yerləşdirilib. Bu, nəticə etibarilə hər il 350–400 nəfəri əhatə edən bir proqramdır.
Hörmətli Əli müəllim, Musa müəllim, Qənirə xanım və Sədaqət xanım çox düzgün qeyd etdilər, bu gün əlilliyin müəyyənləşdirilməsi xəstəliklərin beynəlxalq təsnifatı əsasında həyata keçirilir. Nazirlər Kabinetinin qərarı ilə əlilliyin müəyyən edilməsinə dair xüsusi meyarlar işlənib hazırlanmışdır. Amma bu gün bizim səhiyyəmiz inkişaf edir. Düşünürəm, bu meyarlarda biz müəyyən sərtləşmə işləri həyata keçirməliyik. Bizim yeni təyin olunmuş nazir hörmətli Sahil müəllim Babayev iki gün bundan öncə xüsusi əmr imzaladı. Həmin əmrə əsasən əlillik alan şəxslərin, risk qrupuna aid olan şəxslərin qiymətləndirilməsi və  araşdırma aparılacaqdır. Fərdi reabilitasiya proqramlarının qaydasının və bərpa mərkəzlərinin fəaliyyətinin yeni inkişaf konsepsiyasının yaradılması istiqamətində çox mühüm işlər aparılır. Hazırda bu işlər həyata keçirilir. Əlilliyin müəyyənləşdirilməsi bu gün ifadə qiymətləndirilməsidir. Bəli, mən də bir həkim kimi, – ixtisasım həkimdir, – bununla haradasa razılaşa bilmirəm, çünki xəstəni görmədən onun əlillik dərəcəsini müəyyən etmək  düzgün deyil. Bu o zaman düzgün olacaq ki, Səhiyyə Nazirliyinin elektron informasiya bazası yaradılacaq, hər bir dispanser xəstə haqqında orada məlumat yerləşdirəcək, tibbi-sosial ekspert komissiyalarının həmin informasiya bazasına çıxışı təmin ediləcəkdir. Bundan sonra hər bir məsələ haqqında fərdi qaydada məlumat ala biləcəklər. Amma xəstəni görmədən düzgün deyil – mən  bununla tam razıyam. O ki qaldı müddətlərə, hörmətli Əli müəllim Məsimli qeyd etdi, bəli, anatomik patalogiyaları olan insanlara, – əli yoxdur, qolu yoxdur, yaxud ağır formada onkoloji xəstədir, yaxud  görmə qabiliyyəti tam məhduddur, – bu insanlara hansısa vaxt təyin etmək düzgün deyil. Bu gün bizim əsasnamədə var. O ki qaldı başqa məsələlərə, digər xəstəliklərə, bəli, burada vaxt müəyyən edilməlidir. Elə xəstələr var, bir ildən sonra sağalır, elə xəstələr var, 3–5 ildən sonra sağalır. Bu gün bizim nazirliyimiz tərəfindən ölkəmizdə əlillərin bərpa mərkəzləri şəbəkəsinin artırılması müşahidə olunur. Bu gün respublika üzrə 16 bərpa mərkəzi fəaliyyət göstərir. Bunlar əlillər üçün nəzərdə tutulan tibb ocaqlarıdır və bizim əlillərimiz üçün burada bərpa-reabilitasiya tədbirləri həyata keçirilir.
Mən düşünürəm, qiymətləndirmə məsələsinin müsbət cəhətləri vardır. Əvvəla, kağız daşıyıcıları, ümumiyyətlə, yox dərəcəsindədir. Digər tərəfdən, vətəndaş–məmur münasibətləri sıfıra endirilib. Bildiyiniz kimi, bundan öncə sistemdə nə qədər korrupsiya, rüşvətxorluq halları var idi. Bu gün tibbi-sosial ekspert komissiyaları haqqında şikayətlər, demək olar ki, yoxdur. Yəni rüşvətxorluq, korrupsiya halları yoxdur. Bəli, digər şikayətlər olacaq, çünki qiymətləndirmə zamanı xəstəni görməmə, Forma 8-in natamam doldurulması, yaxud diaqnozla onun obyektiv müayinələrinin üst-üstə düşməməsi, funksional laborator müayinələri ilə diaqnozun tam fərqli olması ona gətirib çıxarır ki, həqiqi xəstə qalır kənarda, onun üçün qeyd olunur “əlavə müalicəyə ehtiyac var”,  ya da  “göndəriş natamam doldurulub”.
Ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanlar haqqında Qənirə xanım dedi. Məsələ ondadır ki, biz bunu qanuna sala bilmərik, çünki bu qanun konvensiyadan irəli gələn qanundur. Orada  da əlillər haqqında ayrı-seçkilik tam qadağan edilmişdir və mən düşünürəm ki,  biz onu ya Nazirlər Kabinetinin qərarı ilə, ya da xüsusi dövlət proqramları ilə təmin etməliyik. O ki qaldı işlə təminat, kvota, hörmətli millət vəkilləri, Məşğulluq haqqında Azərbaycan Respublikası qanununun layihəsi hazırlanıb. Hazırda müzakirələr aparılır. Bu qanun layihəsində xüsusi bənd var – əlillərin işlə təmin olunması, onlara kvotanın müəyyən edilməsi. Bundan əlavə, 2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvotanın təsdiq edilməsi qaydası və kvotanın şamil edilmədiyi müəssisələrin siyahısı təsdiq edilib. Burada açıq-aydın qeyd olunub, hansı müəssisələrdə işçilərin sayından asılı olaraq əlillər neçə faiz işlə təmin olunmalıdır. O ki qaldı işəgötürənlər tərəfindən əlillərə münasibət, onların işə götürülməməsi, bu məsələdə mən sizinlə tam razıyam, İnzibati Xətalar Məcəlləsində dəyişiklik etməliyik. Bu gün əlilləri mütləq işə götürməli olan işəgötürənlər üçün cərimənin miqdarı 45 manatdır. 45 manat cəriməsini ödəyəcək, amma əlili işə götürməyəcək. İşə götürməməsinin  səbəbi də ondan ibarətdir ki, o, əlil üçün xüsusi şərait yaratmalıdır. Əlilin işləmə müddətində güzəştləri olur, məzuniyyət vaxtı uzadılır, iş vaxtı  qısaldılır. Əlil arabasında olan əlildirsə, həmin iş yerində ona xüsusi infrastruktur yaradılmalıdır. Ona görə düşünürəm ki, İnzibati Xətalar Məcəlləsində bu cərimələri 10 dəfə, 20 dəfə artırsaq, bizim əlillərimiz işlə təmin olunacaqlar. 
Məlahət xanım valideyn himayəsindən məhrum olmuş insanları qeyd elədi. Mən düşünürəm, bu qanunun predmeti deyil, amma Nazirlər Kabinetinin məsələsidir. Onun qərarı ilə tənzimlənməlidir. Bu gün valideyn himayəsindən məhrum olmuş uşaqlar, valideynlərini itirmiş və risk qrupunda olan yetkinlik yaşına çatmayan insanlar haqqında bizim kifayət qədər normativ aktlarımız mövcuddur. Bildiyiniz kimi, onlar haqqında  bu il xüsusi layihələr həyata keçirilir. Keçən il də bu layihələr olub. Həm Təhsil Nazirliyi, həm də qeyri-hökumət təşkilatları sosial sifarişlər üzərində işləyirlər. Mən düşünürəm ki, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənsə, daha düzgün olardı.
O ki qaldı infrastruktur layihələri, bəli, infrastruktur layihələrində əlillər üçün əlçatanlıq təmin olunmalıdır. Əlillər cəmiyyətə tam inteqrasiya olunmalıdırlar. Bu gün Tikinti-Arxitektura Komitəsinin əsasnaməsində də bu var, dövlət qanunları ilə də tənzimlənir – bütün məişət, mədəni, infrastruktur layihələrində əlillərin hərəkəti üçün tam şərait yaradılmalıdır. Mən keçən dəfə  bu misalı gətirdim, Fransa Respublikasında 2006-cı ildən 2016-cı ilə qədər olan dövr üçün dövlət proqramı qəbul edilmiş, mədəniyyət obyektlərində, muzeylərdə, incəsənət obyektlərində əlillər üçün əlçatanlığın təmin olunmasına dair tədbirlər müəyyən edilmişdi. Fransa kimi ölkə bunu 10 il ərzində həyata  keçirə bilmədi və bu dövlət proqramını 10 il də uzatdılar. Amma görün, son illərdə Azərbaycan Respublikasında əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası, layiqli həyat sürməsi üçün şəraitin yaradılması ilə bağlı nə qədər işlər görülüb. Azərbaycan dövləti, Azərbaycan hökuməti 2008-ci ildə Əlillərin hüquqları haqqında Konvensiyanı ratifikasiya edəndən sonra BMT-nin Əlillərin hüquqları komitəsinə bir dəfə konyunktura hesabatı təqdim etdi, 2014-cü ildə hesabat dinlənildi. Gələn il hökumətin hesabatı dinləniləcək və düşünürəm, ölkəmizin deyiləsi sözü çoxdur.
Mən millət vəkillərindən xahiş edirəm, konvensiyanı ratifikasiya etməyimizdən artıq 10 il keçib, bu qanuna münasibət bildirsinlər. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Natiq müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılır. Qanun layihəsi, bildiyiniz kimi, 8 fəsildən ibarətdir. Etiraz eləməsəniz, biz bu fəsilləri bölək, 3 dəfə səsvermə keçirək. I–III fəsillərə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.58 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
IV–VI fəsillərə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
VII və VIII fəsillər səsverməyə çıxarılır, buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Qanun layihəsinə bütövlükdə səs verməyinizi xahiş edirəm. 

Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bir məlumatı sizin nəzərinizə çatdırmaq istəyirəm. May ayının 10-da, bilirsiniz ki, ulu öndərimizin anadan olmasının 95-ci ildönümüdür və bu münasibətlə ayın 10-da iclasımız olacaq. Sağ olun.  

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi